Modern.az

2026-cı ildə manatı nə gözləyir?

2026-cı ildə manatı nə gözləyir?

İqtisadiyyat

30 Oktyabr 2025, 16:32

Mərkəzi Bankın son açıqlamalarına əsasən, Azərbaycan milli valyutasına və ümumilikdə valyuta bazarına, o cümlədən dollara təsir göstərən əsas amillərdən biri tədiyyə balansının vəziyyətidir.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

O qeyd edib ki, tədiyyə balansı ölkəyə daxil olan valyuta axını ilə idxal vasitəsilə xaricə çıxan valyuta həcminin fərqini əks etdirir:

"Hazırda, bütövlükdə tədiyyə balansında profisit müşahidə olunur, yəni ölkəyə daxil olan valyuta həcmi çıxandan daha çoxdur. Bu isə ilk növbədə ixracın, xüsusilə də neft ixracının idxalı üstələməsi ilə bağlıdır”.

Millət vəkilinin sözlərinə görə, tədiyyə balansına ən çox təsir edən amil neftin dünya bazarındakı qiymətidir:

“Buna görə də növbəti dövrlərdə də neftin qiyməti həm tədiyyə, həm də ticarət balansına həlledici təsir göstərəcək.

2026-cı ildə manatın məzənnəsinin necə formalaşacağı isə birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq. Azərbaycan hələ tam üzən məzənnə rejiminə keçməyib və buna görə də Mərkəzi Bankın mövqeyi manatın məzənnəsinin müəyyənləşdirilməsində əsas rol oynayır”.

Deputat, həmçinin bildirib ki, Mərkəzi Bank valyuta bazarına dair qərarlarını qəbul edərkən ölkəyə daxil olan valyuta axını da daxil olmaqla bir sıra iqtisadi göstəriciləri nəzərə alır:

“Bu baxımdan, neftin dünya bazarındakı qiyməti ölkəyə daxil olan valyuta həcminə birbaşa təsir göstərir və növbəti ildə də bu amil həlledici meyar olaraq qalacaq.İqtisadi müşahidələr də göstərir ki, neftin qiymət dinamikası və Mərkəzi Bankın mövqeyi gələn il manatın məzənnəsinin istiqamətini müəyyən edən əsas faktorlar olacaq”, - deyə V.Bayramov qeyd edib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya ABŞ-ni də hədələdi - "Poseydon" cəhənnəm yaşadacaq