Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin ortaq valyutasının yaradılması məsələsinin müzakirəsi davam edir. Hətta bununla bağlı əskinsanlar da yayılır. Otaq valyuta ilə bağlı rəsmi bir açıqlama yoxdur.
Lakin yeni ortaq valyutanın yaranma ehtimalı olduqca yüksəkdir. Maraqlı olan nüans yeni ortaq valyutanın nə qədər effektiv olacağı və hansı dvidentləri gətirəcəyidir.
Turan pul vahidinin olması türkdilli dövlətlərə dünya valyutalarının təsirini azaltmağa, ticari-iqtisadi əlaqələri gücləndirməyə imkan verəcək.
Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, vahid pul vahidinin yaradılması zaman tələb edir:
“Türk dünyasında vahid valyutanın yaradılması müzakirə olunan mövzulardandır. Lakin təbii ki, vahid valyutanın yaradılması zaman tələb edən məsələdir. Bunun üçün ölkə iqtisadiyyatlarının uyğun olması, bütövlükdə yalnız inkişaf səviyyəsi yox, eyni zamanda institusional yaxınlıq da çox önəmlidir".
Deputat qeyd edib ki, gələcəkdə ortaq valyutanın yaradılması mümkün ola bilər:
"Lakin bunun üçün birmənalı olaraq islahatların, iqtsiadi sistemlərinin yaxınlığı çox vacibdir. Nümunə Avropa İttifaqı və ya Avrozonadır. Avrozonanın da ölkələrin iqtisadi baxımdan yaxınlığının olmasına baxmayaraq, vahid valyuta sisteminə keçidi uzun dövr tələb edib. Yəni proses uzun zaman tələb edir. Amma təkrar qeyd etmək istəyirəm ki, sözsüz, vahid valyutaya keçid üçün birmənalı olaraq, iqtisadi sistemin uyğunluğu ilə bağlı islahatların dərinləşməsinə ehtiyac var".
İqtisadçı Eldəniz Əmirovun fikrincə, Türk Dövlətlərinin vahid pul vahidi “Turan”ı yaratması nəzəri və praktiki baxımdan mümkündür:
“Sadəcə onun nə qədər effektiv olacağı önəmli məsələdir. Mən, ortaq pul vahidinin hər hansı xüsusi avantaj verəcəyini düşünmürəm. Bütün hallarda Turan pul vahidinin yaradılması məqsədəuyğun olardı. Düzdür, Türk dövlətlərinin öz aralarında olan ticarət dövriyyəsi onların qlobal ticarətdə ortaya qoyduğu göstəricilər qarşısında çox kiçik bir paya sahibdir. Bütün hallarda hesab edirəm ki, belə bir pul vahidinin yaradılması və ondan istifadə Türk Dövlətləri daxilində ticarət dövriyyəsində rol oynaya bilər. Həm də bu, birliyin möhkəmlənməsinə xidmət edəcək".

İqtisadçı vurğulayıb ki, ortaq pul vahidi yaradıldıqda o, həm də siyasi, mədəni, sosial, psixoloji amil olacaq:
"Ortaq pul vahidinin yaradılması bilavasitə bu birliyi daha da gücləndirən faktora çevriləcək. Lakin ortaq pul vahidinin iqtisadi əhəmiyyəti böyük ölçüdə olmayacaq. Amma zamanla böyük bir prosesin başlanğıcı ola bilər".