Prezident İlham Əliyev Slovakiyada rəsmi səfəri zamanı Avropaya qaz nəqlindən danışıb.
Ölkə başçısı qeyd edib ki, Azərbaycanın zəngin qaz yataqları bu gün imkan verir ki, dünyanın bir çox ölkələrinə təbii qazı ixrac edək. Azərbaycan qazını almış ölkələrin sayı 14-ə çatıb:
“Biz boru kəmərləri ilə ixrac edilən qazın təchizatçı ölkəsi olaraq birinci yerdəyik. Yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə ediləcək və təbii ki, həm Slovakiyaya, həm də onun qonşularına Azərbaycan qazının təchizatı daha da böyük həcmdə mümkün olacaqdır.
Hazırda bizim ümumi qaz ixracımız 25 milyard kubmetr səviyyəsindədir, bunun da yarısı Avropa ölkələrinə nəql edilir. Bu gün Avropa İttifaqına üzv 8 ölkə Azərbaycan qazını alaraq öz enerji təhlükəsizliyini təmin etmiş olur”.
Avropaya qaz ixracı ilə bağlı Modern.az-a iqtisadçı Akif Nəsirli açıqlama verib.
İqtisadçı vurğulayıb ki, Azərbaycan ötən il ərzində Avropaya təxminən 12 milyard kubmetr qaz ixrac edib. İlkin mərhələdə 4 milyard kub metrdən başlayan bu ixracatın 20 milyard kub metr həcminə çatdırılması planlaşdırılır:
“2022-ci ildə Prezident İlham Əliyev Avropa İttifaqı ölkələri ilə qitəyə ildə ən az olaraq 20 milyard kub metr qaz ixrac etməklə bağlı memorandum imzalayıb.
Bunun üçün Azərbaycan tərəfinin İttifaq qarşısında qoyduğu iki əsas tələb var.
Avropa ölkələri ixracata investisiya qoymalıdır. Çünki neft-qaz daşınması kifayət qədər böyük xərc tələb edən logistika prosesidir.
Digər şərt Qərbin Azərbaycan qazını nə zamana qədər alacağı məsələsidir.
Almaniyada 70%-ə qədər alternativ enerji mənbələrindən istifadə edilir. Analoji proses bütün Qitə ölkələrində gedəcək. Yaşıl enerji istifadəsi səbəbi ilə qaz alışından imtina edilməməsi üçün mütləq müddətli müqavilə lazım idi.
Hazırda Avropada yalnız Slovakiya və Macarıstan Rusiya qazını idxal edir. Qalan Avropa dövlətləri Rusiya qazından imtina edib. Slovakiya və Macarıstan imtina etməkdə hələ tərəddüd keçirir”.