Milli Məclis plenar iclasında büdcə paketinə daxil olan qanun layihələrini üçüncü oxunuşda qəbul edib. Onların sırasında son günlərdə ən çox müzakirə olunan “Tibbi sığorta haqqında” qanuna dəyişikliklər də yer alır.
Hazırda formal şəkildə fəaliyyət göstərən qurumlarda işçi 2% və işəgötürən də 2% olmaqla, bir vətəndaş üçün ümumilikdə 4% icbari tibbi sığorta haqqı ödənilir.
Sözügedən qanuna dəyişiklik edildikdən sonra müəyyən kateqoriyaya daxil olan şəxslər istisna olmaqla, əmək potensialı olan şəxslər də ayda minimum əməkhaqqının (400 manat) 4%-i həcmində, yəni 16 manat icbari tibbi sığorta haqqı ödəyəcək.
Maliyyə naziri Sahil Babayev parlamentdə çıxışı zamanı bildirib ki, bəlli bir kateqoriya insanların hamısı, yəni uşaqlar, pensiyaçılar, əlilliyi olan insanlar, əmək qabiliyyətsiz şəxslər, işsizlər dövlət tərəfindən tibbi sığorta olunacaq.
Modern.az-ın məlumatına görə, hüquqşünas Əkrəm Həsənov bildirib ki, sığorta haqqını işçi üçün (əmək və ya mülki müqavilə əsasında) onun işəgötürəni, sahibkar üçün özü, qeyri-formal məşğul şəxs üçün özü, qalanları üçün dövlət ödəyəcək.
"Göründüyü kimi, burada deyilmir ki, işsizlər sığorta haqlarını özləri ödəməlidir. Yeganə yenilik qeyri-formal məşğul şəxslərlə bağlıdır. Ajiotaj da bununla bağlı idi".
Ə. Həsənov qeyd edib ki, işsiz və qeyri-formal məşğul şəxs tam fərqli anlayışlardır. İşsiz heç bir gəliri olmayandır. Qeyri-formal məşğul şəxs isə “Məşğulluq haqqında” Qanunun mənasına görə (1.1.9, 1.1.12, 30-32-ci maddələr) vergi və digər məcburi ödənişlərdən yayınaraq qeyri-rəsmi gəlir əldə edəndir. Yəni qanunu pozan şəxsdir. Qanunun 30.5-ci maddəsində birbaşa deyilir: “Qeyri-formal məşğulluq qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.” Dövlətin isə işi elə odur ki, belə şəxsləri müəyyən edib məsuliyyətə cəlb etsin.
"Bu mənada qeyri-formal məşğul şəxsdən, yəni qeyri-leqal fəaliyyətlə məşğul olan şəxsdən leqal ödənişin (sığorta haqqının) ödənilməsini tələb etmək absurddur! Vergidən və digər məcburi ödənişlərdən ona görə yayınır ki, gəlib sığorta haqqı ödəsin? Dövlət qeyri-formal məşğulluq hallarını müəyyən etməli və ilk növbədə həmin şəxslərdən vergi tutmalı, həmçinin fəaliyyətin leqallaşdırılmasını tələb etməlidir. Həmin leqal fəaliyyətdən də sığorta haqqı ödənilməlidir. Qeyri-formal məşğulluq sahibkarlıqla bağlıdırsa, həmin şəxs özü ödəməlidir, əks halda, işəgötürən rəsmi müqavilə bağlayıb ödəməlidir. Bir sözlə, şəxsin işsiz olması o demək deyil ki, qeyri-formal məşğuldur. Məsələn, evdar qadın əlbəttə ki, məşğuldur, ev işləri, uşaq tərbiyəsi ilə məşğuldur, amma bu, qeyri-formal məşğulluq deyil. Ümumiyyətlə, qeyri-formal məşğulluq halını dövlət sübut etməlidir, əks halda, təqsirsizlik prezumpsiyasına əsasən rəsmi gəliri olmayan hər kəs işsiz hesab olunur və dövlət onun sığorta haqqını ödəməlidir" - deyə o paylaımında bildirib.
Ekspert bildirib ki, qurumlar qeyri-formal məşğulluq hallarını müəyyən etməyə çalışacaq:
"Məsələn, şəxsin kart hesabına vəsaitin daxil olmasını qeyri-formal məşğulluq kimi qiymətləndirə bilər. Yaxud da “ƏDV geri al”dan istifadə edəni qeyri-formal məşğul hesab edəcək: gəlirin yoxdursa, alış-verişini nə ilə edirsən?! Əlbəttə, savadlı vətəndaş bu suallara asanlıqla cavab verə bilər, məsələn, pulu yaxın qohumum verib, babamdan qalıb və s." - deyə o qeyd edib.