ABŞ dollarının əsas valyutalar qarşısında son dörd ilə yaxın dövrün ən aşağı səviyyəsinə enməsi qlobal iqtisadi bazarlarında yeni müzakirə mövzusu yaradıb. Bu proses fonunda ABŞ prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı açıqlamaları, Kuba və Venesuela ilə gərginlik dünya bazarlarında əlavə qeyri-müəyyənlik yaradaraq investorların riskdən yayınmasına səbəb olub. Fond birjaları qeyri-sabitlikdən çəkindikləri üçün ənənəyə uyğun olaraq böhran zamanı qızıl və gümüşdə təhlükəsiz sığınacaq axtarırlar. Dollardan asılılıqlarını azaltmaq üçün dünyanın əksər Mərkəzi bankları qiymətli metallar almağa başladılar və bu da qızıl və gümüşün son qiymət artımlarını stimullaşdırdı.
Belə bir qlobal mənzərədə dolların zəifləməsinin Azərbaycan iqtisadiyyatına, xüsusilə manatın dayanıqlığına mümkün təsirləri də gündəmə gəlir.
Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qeyd edib ki, ABŞ dollarının dünya bazarında ucuzlaşması birbaşa qlobal geosiyasi gərginliyin artması ilə bağlıdır.
“Bu proses təbii olaraq dolların məzənnəsinə birbaşa təsir göstərir. Eyni zamanda investorlar riskli istiqamətlərə sərmayə qoymaqda daha ehtiyatlı davranırlar. Xüsusilə, qızıl bazarında müşahidə olunan artımlar bunu açıq şəkildə göstərir. Son bir il ərzində investorların qızıla yönəlməsi güclənib. Nəticədə qızılın bir qramının qiyməti 170 dollara qədər yüksəlib ki, bu da son bir ildə təxminən 84 faiz artım deməkdir. Bu tendensiya ABŞ dollarının digər valyutalara, o cümlədən ehtiyat valyutalara nisbətdə mövqeyinə təsir göstərir”.
Deputat əlavə edib ki, dolların məzənnəsinin azalması fonunda manatın dollara nisbətən möhkəmlənəcəyini gözlənilmir:
“Çünki hazırkı mərhələdə manatın məzənnəsinin dollar və ya digər valyutalara qarşı yüksəlməsi prioritet hesab olunmur. Mərkəzi Bankın mövqeyi də göstərir ki, əsas məqsəd mövcud məzənnə səviyyəsinin qorunub saxlanılmasıdır. Bu baxımdan 2026-cı ildə də manatın məzənnəsi birbaşa Mərkəzi Bankın siyasətindən asılı olacaq. Azərbaycan üzən məzənnə rejiminə keçmədiyi üçün manatın məzənnəsinin formalaşmasında Mərkəzi Bankın qərarları həlledici rol oynayır və bu amil 2026-cı ildə də əsas olaraq qalacaq”, - deyə V.Bayramov bildirib.