Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti cüzi azalıb. Belə ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin fevral fyuçerslərinin qiyməti 1,39% azalaraq 4 882,1 ABŞ dollarına bərabər olub.
Rekord artmından sonra yanvar ayının sonlarından etibarən, eləcə də ötən həftənin sonlarında qızıl və gümüş qiymətlərində enmə tendensiyası müşahidə olunub.
Maraqlıdır, qızıl və gümüşün ucuzlaşmasının səbəbləri nədir və yaxın dövrlərdə bu tendensiya davam edə bilərmi?
Modern.az-a açıqlamasında əmtəə bazarındakı qiymət dəyişiklikləri ilə bağlı məsələyə aydınlıq gətirən iqtisadçı Xalid Kərimli xatırladıb ki, 2025-ci il ərzində qızılın qiyməti təxminən 65 faiz bahalaşıb.
“Ümumilikdə son illərdə, xüsusilə 2020-ci illə müqayisədə qızıl daha yüksək qiymətlərdə satılıb və artım tempi sürətli olub. Qızılın bahalaşmasının bir sıra səbəbləri var idi və bu amillərin əksəriyyəti hazırda da gündəmdə qalmaqda davam edir. Daha dəqiq söyləsək, əsas faktorlar hələ də tam aradan qalxmayıb.
Əsas səbəblər qlobal risklər və beynəlxalq gərginliklər olub. ABŞ prezidentinin dolların zəiflədilməsi istiqamətində apardığı siyasət, Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini aşağı salması dolların dəyərdən düşəcəyi ilə bağlı spekulyasiyaları gücləndirib. Bu fonda qızıl təhlükəsiz aktiv kimi investorların diqqət mərkəzinə düşüb. Həm fərdi, həm də institusional investorlar tərəfindən qızıla marağın artması, qiymət artımının özünün yaratdığı gözləntilər kütləvi alışlara səbəb olub və nəticədə qızılın qiyməti fasiləsiz yüksəlib”.
İqtisadçının sözlərinə görə, birja bazarlarında hərəkət heç vaxt yalnız davamlı artım istiqamətində olmur:
“Kütləvi yüksəlişlərdən sonra adətən korreksiya mərhələsi başlayır. Bu zaman xüsusilə spekulyativ investorlar və iri maliyyə institutları mənfəət götürmək məqsədilə aktivlərini satır. Kütləvi satışlar isə investisiya alətlərinin dəyərinin müvəqqəti olaraq aşağı düşməsinə səbəb olur.
Ötən həftənin sonunda baş verən bəzi hadisələr qızıl bazarında korreksiyanı daha da sərtləşdirdi. Qızılın qiyməti kəskin şəkildə aşağı düşdü. Bunun əsas səbəblərindən biri bazarların FED-in növbəti rəhbəri ilə bağlı gözləntiləri idi. Bazarlarda FED-in potensial namizədi kimi Kevin Hassetin irəli sürüləcəyi və onun daha ucuz dollar, daha yumşaq faiz siyasəti aparacağı ehtimal olunurdu.
Lakin bazar gözləntilərinin əksinə olaraq, ABŞ prezidenti Donald Tramp 2007-2010-cu illərdə FED-də yüksək vəzifə tutmuş, kifayət qədər təcrübəli və nüfuzlu iqtisadçı Kevin Vorsu namizəd kimi irəli sürdüyünü açıqladı. Bu qərar bazarlarda dönüş nöqtəsi oldu. Kevin Vorsun namizədliyi dolların dəyərini artırdı və dolların kəskin ucuzlaşacağı ilə bağlı gözləntiləri zəiflətdi. Eyni zamanda FED-in müstəqilliyinin qorunacağına dair inam gücləndi.
Dolların məzənnəsinin artması fonunda qızıl da daxil olmaqla bir sıra alternativ aktivlərin qiyməti aşağı düşdü. Paralel olaraq, Trampın İranın danışıqlar masasına qayıtması və real danışıqların başlaması ilə bağlı bəyanatları qlobal riskləri azaltdı. Bütün bu amillər birlikdə qızılın qiymətində kəskin korreksiyaya səbəb oldu”.
X.Kərimli əlavə edib ki, mövcud eniş qızıl, eləcə də gümüşün qiymətinin uzunmüddətli və davamlı şəkildə düşəcəyi anlamına gəlmir:
“Bazarlarda bu qədər sərt korreksiya gözlənilmirdi və bu vəziyyət xüsusilə fərdi investorlar üçün gözlənilməz maliyyə itkiləri yaratdı.
Halbuki birja bazarlarında qiymətlərin saniyələr ərzində dəyişməsi normal haldır. Əsas diqqət gündəlik və ya qısamüddətli dalğalanmalara deyil, illik, altı aylıq və ya 100 günlük trendlərə yönəlməlidir”.
İqtisadçı onu da nəzərə çatdırıb ki, bu il ərzində baş verən korreksiyaya baxmayaraq, qızılın yüksək qiymət səviyyəsində qalacağı gözlənilir:
“Qızılla bağlı proqnozlara əsasən, qiymət intervalının 5 400-6 000 dollar arasında olacağı ehtimal edilir. Bu, sadəcə proqnozlardır, lakin ümumi gözləntilər əsasən artım istiqamətindədir.
Nəzərə almaq lazımdır ki, adi vətəndaşlar qısamüddətli səhmlər deyil və gündəlik alqı-satqı hesabına qazanc əldə etməyə çalışmırlar. Bu baxımdan qızılın uzunmüddətli perspektivdə yüksək qiymətlərdə qalacağına dair ümumi gözləntilər hələ də mövcuddur”.