Modern.az

İrandan ixracın dayanması yerli istehsalı gücləndirəcək - DEPUTAT

İrandan ixracın dayanması yerli istehsalı gücləndirəcək - DEPUTAT

İqtisadiyyat

6 Mart 2026, 15:44

5 mart 2026-cı ildə Naxçıvana İran ərazisindən pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirilib. Hava limanı terminalı və Şəkərabad kənd orta məktəbinin ərazisi ziyan görüb. İki nəfər xəsarət alıb.

Modern.az xəbər verir ki, həmin gün beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan bu hücumlar səbəbindən Azərbaycan–İran dövlət sərhədində bütün sərhəd-keçid məntəqələrindən yük avtomobillərinin (tranzit daxil) hərəkəti müvəqqəti olaraq tam dayandırılıb, qərar Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul edilib.

Azərbaycan və İran arasında iqtisadi əlaqələr son illərdə, əsasən, ticarət sahəsində davam edib. Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ildə iki ölkə arasında ümumi ticarət dövriyyəsi 644,1 milyon ABŞ dolları təşkil edib. Bu məbləğin 624,1 milyon dolları İranın Azərbaycana ixracının, 20 milyon dolları isə Azərbaycanın İrana ixracının payına düşüb.

2026-cı ilin əvvəlində də ticarət əlaqələri davam edib. Belə ki, 2026-cı ilin yanvar ayında Azərbaycanla İran arasında ticarət dövriyyəsi 57,1 milyon ABŞ dolları olub və bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz artım nümayiş etdirib.

Məsələ bağlı Modern.az-a Milli Məclisin üzvü Azər Badamov açıqlama verib.

O bildirib ki, Azərbaycanın daxili bazarına İrandan gətirilən malların böyük təsiri yoxdur:

“Azərbaycana İrandan gətirilən ərzaq mallarının payı qeyri-ərzaqla müqayisədə azdır. Qeyd etmək istərdim ki, ticarət əlaqəsi, xüsusən, qeyri-ərzaq məhsullarının ölkəmizə gətirilməsi İran üçün daha mənfəətli idi. İrandan, əsasən, plastik materialdan düzəldilmiş mallar gətirilib. Bu bizim üçün əhəmiyyətli itki olmayacaq. Mövcud vəziyyət Azərbaycanın daxili istehsal gücünə müsbət təsir gösərə bilər. Çünki kimya sənayesi inkişaf edib və daxili tələbatın ödənilməsi üçün tam potensial var. Amma hesab etmirəm ki, İranla sərhəddə yükdaşınma uzun müddətə dayandırılsın. Çünki bu, baş vermis hadisə ilə bağlıdır. Yaxın zamanlarda İran dövləti dron hücumuna aydınlıq gətirəcək və müvafiq tədbirlər görüləcək. Bu qərarın verilməsi milli maraqların müdafiəsi və təhlükəsizlik baxımından zəruri idi”, - deyə Azər Badamov əlavə edib.

Nazirlər Kabinetindən isə saytımıza bildirilib ki, qərar müvəqqəti xarakterlidir və hər hansı müddət nəzərdə tutulmayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
İran sərhədimizə QOŞUN YIĞIR - Sepah hərəkətə keçdi - Gündəm Masada