"Bankların ixtisar olunması qlobal prosesdir, bu, bank sektorunun optimallaşdırılmasına xidmət edir. Mərkəzi Bankın həyata keçirdiyi bankların ixtisar edilməsi siyasətinin əsas məqsədi Azərbaycanın bank sistemində optimallaşdırma aparmaq və müştəri–bank münasibətlərində mövcud problemləri aradan qaldırmaqdır".
Bunu Modern.az-a maliyyə eksperti Emin Qəriblili açıqlamasında bildirib.
Ekspert qeyd edib ki, hazırda Azərbaycanda problemli kreditlərin sayında artım müşahidə olunur və bu da bank sektorunda yenilənmə prosesini aktuallaşdırır.
Onun sözlərinə görə, bağlanan bankların fəaliyyətinə təsir edən əsas səbəblər arasında problemli kreditlərin çoxluğu, maliyyə imkanlarının məhdudluğu və digər iqtisadi faktorlar yer alır.
E.Qəriblili xatırladıb ki, müstəqillik əldə edildikdən sonra ölkədə bankların sayı artan xətlə davam edib:
“Lakin bankların kəmiyyət göstəricisinin çox olması onların fəaliyyətinin qənaətbəxş olması demək deyildi. Kredit verilərkən indikatorların düzgün işlədilməsi çox vacibdir. Bank müştərini tanımalı və onu düzgün qiymətləndirməlidir. İndikatorlar dinamik xarakter daşıyır. Onu müəyyən mənada virus–antivirus ardıcıllığı ilə müqayisə etmək olar. Buna görə də indikatorlar üzərində daim təkmilləşdirmə aparılmalıdır ki, bank müştərini düzgün tanısın və kredit öhdəliyini yerinə yetirə bilməyəcək şəxslərə borc verilməsin”.
Ekspert bildirib ki, hazırda Azərbaycanda mövcud bankların sayı 10 milyon əhali üçün qənaətbəxş hesab edilə bilər.
Onun sözlərinə görə, əsas məsələ bankların sayından çox, onların fəaliyyət prinsiplərinin düzgün qurulmasıdır.
E.Qəriblili əlavə edib ki, bankların ixtisar olunması və ya birləşməsi prosesini dayandırmaq mümkün deyil:
“Bu, dünyada gedən qlobal prosesdir. Gələcəkdə də banklar birləşə bilər, bank olmayan kredit təşkilatlarına çevrilə bilər. Eyni zamanda yeni banklar və holdinqlər yarana, xarici investisiyalar hesabına yeni maliyyə qurumları formalaşa bilər”.
Ekspertin sözlərinə görə, Azərbaycanda problemli kreditlərin böyük hissəsini istehlak kreditləri təşkil edir:
“Qonşu ölkələrlə müqayisədə istehlak kreditlərinin faiz dərəcələrinin yüksək olması da bununla bağlıdır. Kredit götürənlərin sayı çoxdur. Bu isə zəncirvari şəkildə əhalinin maddi vəziyyəti ilə əlaqəlidir. İnsanlar maddi çətinlik səbəbindən kredit götürür, sonradan isə problemli kreditlər yaranır”.
Maliyyə eksperti bank olmayan kredit təşkilatlarının fəaliyyəti ilə bağlı məsələyə də toxunub. Onun sözlərinə görə, bu qurumların fəaliyyəti qanunvericiliyə tam uyğundur və saylarının artması və ya azalması qanuna zidd sayılmır:
“Lakin Azərbaycan reallığında banklar daha çox əhali və sosial yönümlü fəaliyyət göstərir və iqtisadiyyata dəstək üçün daha əlverişli mexanizmə malikdir. Bank olmayan kredit təşkilatlarında isə verilən borcların faiz dərəcələri banklarla müqayisədə daha yüksək olur”, - deyə E.Qəriblili qeyd edib.
Qeyd edək ki, bu gün Bank “BTB” ASC bank kimi fəaliyyətini dayandırıb BOKT kimi ABB-nin nəzdində fəaliyyət göstərəcək. Bununla da Azərbaycanda fəaliyyət göstərən bankların sayı 21-ə düşüb.