Azərbaycanda sığorta sektoru vətəndaşların və müəssisələrin maliyyə risklərini qorumaq üçün fəaliyyət göstərir və əsasən iki böyük kateqoriyaya bölünür: həyat sığortası və qeyri-həyat sığortası.
Bu barədə Modern.az-a açıqlama verən Sığortaçılar Assosiasiyasının üzvü Emil Ağabağırov bildirib ki, həyat sığortası növlərinə ölüm halında ödəniş təmin edən həyat sığortası, həm qoruma, həm də yığım funksiyasını daşıyan yığım (investisiya) həyat sığortası, müqavilədə göstərilən ağır xəstəlik halında kompensasiya verən ağır xəstəliklərdən sığorta, qəza və xəstəlik nəticəsində əmək qabiliyyətinin itirilməsi halında ödəniş təmin edən əlillik sığortası, eləcə də iş zamanı qəza nəticəsində ödəniş verən istehsalatda bədbəxt hadisələrdən həyat sığortası daxildir.
O qeyd edib ki, bu sığorta növləri insanlara və onların ailələrinə qəza, xəstəlik və ölüm kimi gözlənilməz hallarda maliyyə təhlükəsizliyi təmin edir.
Mütəxəssis əlavə edib ki, qeyri-həyat sığortası isə əsasən əmlak, məsuliyyət və digər riskləri əhatə edir:
"Bu kateqoriyaya daxil olan əsas növlər bunlardır: mülkiyyət sığortası, tikinti sığortası, yüklərin daşınması zamanı risklərə qarşı yük sığortası, avtomobil sığortası, məsuliyyət sığortası, tibbi və səyahət sığortaları, kredit sığortası, istehsalat riskləri sığortası və fövqəladə hallar sığortası.
Ekspertin sözlərinə görə, Azərbaycanda kredit sığortası da çox tələb olunan növdür:
"Bu sığorta növü kredit götürən şəxsin başına hər hansı bir bədbəxt hadisə gələcəyi halda, sığorta şirkətinin onun əvəzinə kredit borcunu ödəməsi üçün nəzərdə tutulub"
Emil Ağabağırov deyib ki, daha faydalı sığorta növü yaşam sığortasıdır:
"Bu növdə vətəndaş həm maddi təminat əldə edir, həm də hər hansı xoşagəlməz hadisə zamanı maliyyə dəstəyi ona ödədiyi pulun müqabilində maliyyə dəstəyi göstərilir. Müqaviləyə əsasən, şəxs müəyyən müddət ərzində hər ay sığorta şirkətinə ödəniş edir. Əgər müqavilə müddəti bitənə qədər vətəndaş dünyasını dəyişərsə, ödənişlər onun yaxınlarına geri qaytarılır. Müddət tamam olduqda şəxs həyatda olarsa, toplanan məbləğə razılaşdırılmış faiz əlavə edilərək ona ödənilir".
Ekspert əlavə edib ki, son statistikalara əsasən, kredit sığortasına tələbat artıb. Bu, götürülən müxtəlif kredit növlərinə marağın yüksəlməsi ilə əlaqədardır.