Azərbaycanda ən yaxşı fermerin reytinqi 100 üzərindən 86-dır.
Modern.az məlumatına görə, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün “Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər” mövzusunda keçirdiyi ictimai dinləmədə kənd təsərrüfatı nazirinin müşaviri Surxay Novruzov deyib.
Nazir müşavir qeyd edib ki, yüzdən artıq rəqəmsal informasiya mənbəyindən istifadə etməklə fermer reytinqi yaradılıb.
“Birinci mərhələdə 330 min fermerin reytinqi mövcuddur. Meyarlar əsasən suvarma imkanları, aqrar fəaliyyət, fermerin iqtisadi fəaliyyəti və ekoloji göstəriciləri kimi istiqamətləri əhatə edir. Bütün bu göstəricilər üç əsas sütunda toplanır və nəticədə fermer üçün yekun bir rəqəmsal skor formalaşdırılır. Həmin skor fermerin fəaliyyətinin nə dərəcədə effektiv və keyfiyyətli olduğunu müəyyənləşdirir və sadə dillə desək, fermerin nə qədər yaxşı fəaliyyət göstərdiyini göstərən göstəriciyə çevrilir”.
“Fermerlərin ümumi fəaliyyətinin qiymətləndirilməsi zamanı müasir əkin sistemi, ixtisaslaşma səviyyəsi, sığorta davranışı, müxtəlif birlik və təşkilatlara üzvlük, mobil tətbiqlərdən istifadə, dəyər zəncirinə inteqrasiya, əkin sahələrinin idarə olunması, illər üzrə inkişaf dinamikası, davamlı əkin tövsiyələrinə əməl edilməsi və suvarma imkanları kimi bir sıra meyarlar nəzərə alınır. Bu göstəricilərin hamısı birlikdə fermerin ümumi fəaliyyətinin qiymətləndirilməsinə və reytinq skorunun formalaşmasına imkan yaradır” – deyə o bildirib.