Son günlər dünyada baş verən geosiyasi gərginliklər qlobal iqtisadi proseslərə də təsirsiz ötüşmür. ABŞ-İsrail-İran xəttində artan qarşıdurma fonunda enerji bazarlarında dalğalanmalar müşahidə olunur və bu proses ilk növbədə neft qiymətlərində özünü göstərir.
Azərbaycan iqtisadiyyatı üçün də neftin dünya bazarındakı qiyməti mühüm rol oynayır. Neft gəlirlərinin artması ölkəyə daxil olan valyuta həcminə, dövlət gəlirlərinə və ümumilikdə maliyyə sabitliyinə birbaşa təsir göstərir.
Maraqlıdır, mövcud geosiyasi gərginliyin artması və neft qiymətlərində müşahidə olunan dəyişikliklər fonunda Azərbaycan manatını hər hansı risklər gözləyirmi?
Mövzu ilə əlaqədar olaraq Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qeyd edib ki, neftin dünya bazarında qiymətinin yüksəlməsi Azərbaycana daxil olan valyutanın həcminin artmasına səbəb olur.
“Neftin dünya bazarında qiymətinin yüksəlməsi Azərbaycana daxil olan valyutanın həcmini artırır. Nəticə etibarilə hər hansı ölkəyə nə qədər çox valyuta daxil olarsa, bu, həm valyuta tələbinin ödənilməsi, həm də milli valyutanın məzənnəsinin qorunması baxımından üstünlük hesab olunur. Ona görə də neftin dünya bazarındakı qiymətləri yüksək olarsa, bu ölkəyə daha çox valyuta daxil olmasına gətirib çıxaracaq”.
Deputatın sözlərinə görə, bu isə dollar təklifinin artmasına səbəb olacaq:
“Dollar təklifinin artması manatın məzənnəsinin qorunması baxımından vacib meyarlardan biridir. Buna baxmayaraq, ölkəyə daxil olan valyuta həcmi artsa belə, manatın dollara nisbətən möhkəmlənməsini gözləmirik. Çünki Mərkəzi Bankın mövcud siyasəti hazırkı məzənnənin qorunub saxlanılmasına yönəlib.
Azərbaycan üzən məzənnə rejiminə keçməyib, ölkədə tənzimlənən və ya fiks məzənnə rejimi tətbiq olunur. Bu səbəbdən növbəti dövrlərdə manatın məzənnəsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq”.
V.Bayramov onu da əlavə edib ki, Mərkəzi Bankın qərarları milli valyutanın məzənnəsinin müəyyənləşdirilməsində həlledici rol oynayır:
“Neftin dünya bazarındakı qiyməti yüksək olarsa, Mərkəzi Bankın milli valyutanın mövcud məzənnəsini qoruyub saxlamaq imkanları daha da genişlənir. Çünki neftin dünya bazarındakı qiyməti manatın məzənnəsinə birbaşa təsir göstərən əsas faktorlardan biridir”.
Məlumat üçün bildirək ki, "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 12,69 ABŞ dollar azalıb.
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 12,69 ABŞ dolları və ya 12,32 % azalaraq 90,34 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.