Rəqəmsallaşmanın genişləndiyi müasir dövrdə istehlakçı hüquqlarının qorunması yalnız hüquqi məsələlərlə deyil, həm də rəqəmsal infrastrukturun keyfiyyəti ilə bağlıdır. Şəxsi məlumatların qorunması, şəffaf ödəniş mexanizmləri və etibarlı xidmətlər müasir rəqəmsal platformaların əsas prinsipləridir.
Modern.az xəbər verir ki, bu fikirləri 15 mart – Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü münasibətilə “Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri” mövzusunda keçirilən forumda Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov deyib.
Nazir müavini bildirib ki, elektron ticarətin sürətlə genişləndiyi, dövlət xidmətlərinin onlayn platformalara köçürüldüyü bir mühitdə istehlakçı hüquqlarının qorunması yalnız hüquqi məsələlərlə məhdudlaşmır, eyni zamanda rəqəmsal infrastrukturun keyfiyyəti ilə də birbaşa bağlıdır.
“Şəxsi məlumatların qorunması, şəffaf ödəniş mexanizmləri, xidmətlərin etibarlılığı və şəffaflığı rəqəmsal platformaların əsas prinsiplərini təşkil edir və müasir istehlakçı hüquqlarının mühüm elementlərindəndir.
Azərbaycanda bu istiqamətdə aparılan işlər artıq konkret sənədlər və tədbirlərlə təsdiqlənir. Cənab Prezidentin müvafiq fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişaf konsepsiyası” dövlət xidmətlərinin modelləşdirilməsi, vətəndaşların rəqəmsal mühitə çıxış imkanlarının genişləndirilməsi və rəqəmsal iqtisadiyyatın inkişafı üçün strateji çərçivə müəyyənləşdirir”.
O əlavə edib ki, bu sənədin davamı olaraq 2022-2028-ci illəri əhatə edən “Rəqəmsal inkişafın sürətləndirilməsi üzrə fəaliyyət planı” da qəbul olunub:
“Həmin plan rəqəmsallaşdırma prosesinin genişləndirilməsi, süni intellektin tətbiqi, innovasiya mühitinin inkişafı və kiber təhlükəsizlik sahəsində uzunmüddətli strategiyaları özündə birləşdirir”.
Nazir müavininin sözlərinə görə, planın əsas istiqamətlərindən biri dövlət xidmətlərində parçalanmanın aradan qaldırılması və vətəndaş, təhsil və biznes üçün nəzərdə tutulmuş xidmətlərin vahid rəqəmsal platformada cəmləşdirilməsidir:
“Hazırda “myGov” platforması vasitəsilə yüzlərlə rəqəmsal xidmət təqdim olunur. Platforma qısa müddət ərzində böyük istifadəçi auditoriyası qazanıb və cəmi bir il ərzində 1,3 milyon yeni istifadəçi platformaya qoşulub. Bu ilin yanvar ayına olan məlumata görə isə ümumi istifadəçi sayı 2,5 milyona çatıb.
Xidmət mərkəzlərinə edilən fiziki müraciətlərin bir hissəsi artıq tam rəqəmsal formada həyata keçirilir və bir çox xidmətlər vətəndaşlar tərəfindən mobil telefon vasitəsilə əldə olunur. Onun sözlərinə görə, bu dinamikanın arxasında yalnız texnoloji həllər deyil, eyni zamanda idarəetmə yanaşmalarının dəyişdirilməsi dayanır”.
Nazir müavini həmçinin vurğulayıb ki, dövlət xidmətləri artıq “bir sənəd - bir qurum” prinsipi ilə deyil, vətəndaşın həyat hadisələri əsasında qurulur. O, buna nümunə kimi uşağın doğulması ilə bağlı prosesləri göstərib:
“Vətəndaşın övladı doğulduqda klinika məlumatları sistemə daxil edir və həmin məlumat avtomatik olaraq Ədliyyə Nazirliyinə ötürülür. Vətəndaş övladına adı elektron qaydada verir, müavinət isə Dövlət Sosial Müdafiə Fondu tərəfindən vətəndaşın seçdiyi karta köçürülür. Növbəti mərhələdə şəxsiyyət vəsiqəsinin alınması prosesi də avtomatik əsasda həyata keçirilir. Beləliklə, vətəndaş heç bir quruma getmədən və sənəd toplamadan bütün prosesi elektron qaydada həll edə bilir”.
O əlavə edib ki, fəaliyyət planında “yalnız bir dəfə” prinsipi də nəzərdə tutulur.
“Bu prinsipə əsasən, vətəndaş tələb olunan məlumatı dövlət sisteminə bir dəfə təqdim etdikdən sonra digər dövlət qurumları həmin məlumatı bir-birindən əldə edir və vətəndaşdan əlavə sənəd tələb olunmur. Sözügedən yanaşma dövlət xidmətlərinin daha sadə və əlçatan olmasına, eyni zamanda istehlakçıların dövlətə münasibətinin daha da müsbət istiqamətdə dəyişməsinə xidmət edir”, - deyə S.Məmmədov qeyd edib.