Elektron ticarət platforması olan Trendyol hazırda 35 ölkədə fəaliyyət göstərir.
Modern.az xəbər verir ki, bu fikirləri 15 mart - Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü münasibətilə “Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri” mövzusunda forumda “Trendyol” şirkətinin Tənzimləmə, Marketinq və Reklam şöbəsinin müdiri Erdem Biçer deyib.
O bildirib ki, Trendyol Avropanın 27 ölkəsində, Körfəz bölgəsinin 6 ölkəsində və Azərbaycan da daxil olmaqla ümumilikdə 35 ölkədə xidmət göstərir.
“Platformanın gündəlik orta ziyarətçi sayı 20 milyondan, aktiv istifadəçi sayı isə 40 milyondan çoxdur. Platformada satılan məhsulların ümumi sayı 1 milyard ədədi ötür. Eyni zamanda Trendyol-da aktiv satıcıların sayı 250 mindən artıqdır.
Bundan əlavə, dünyada elektron ticarətin pərakəndə ticarətdə payı ildən-ilə artır və hazırda bu göstərici təxminən 20 faizə yaxınlaşır. Proqnozlara görə, 2027-ci ildə bu payın 25 faizi keçəcəyi gözlənilir”.
O həmçinin vurğulayıb ki, B2B (biznesdən biznesə) elektron ticarətin qlobal həcmi 36 trilyon dollar, B2C (biznesdən istehlakçıya) elektron ticarətin isə 5,5 trilyon dollar səviyyəsində olacağı gözlənilir:
“Trendyol-un fəaliyyət göstərdiyi ölkələrdən biri də Azərbaycandır və şirkət ölkəni mühüm bazarlardan biri kimi qiymətləndirir. Bu səbəbdən həm investisiya, həm də kommunikasiya strategiyası Azərbaycan istiqamətində formalaşdırılır.
Azərbaycanda elektron ticarətin pərakəndə ticarətdə payı hazırda təxminən 5-10 faiz səviyyəsindədir. Bu göstərici qlobal bazarla müqayisədə ölkədə elektron ticarətin inkişafı üçün böyük potensialın olduğunu göstərir”.
E.Biçer onu da əlavə edib ki, şirkətin Azərbaycandakı fəaliyyətinə gəlincə, platformanın ölkədə 2,7 milyon istifadəçisi var. Onun sözlərinə görə, 2025-ci ilin göstəricilərinə əsasən isə şirkətin Azərbaycanda ticarət dövriyyəsi 250 milyon dollardan çox olub.