Hesabat dövründə Azərbaycanın xarici ticarət dövriyyəsi 3092,1 milyon ABŞ dolları təşkil edib. Nəticədə 487,7 milyon dollar məbləğində müsbət ticarət saldosu formalaşıb.
2026-cı ilin yanvar ayında Azərbaycanın xarici ticarət dövriyyəsində daha çox paya malik olan ölkələrlə aparılmış əməliyyatlarda idxal və ixracın xüsusi çəkisi məlum olub.
Modern.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Belə ki, qeyd edilən dövr ərzində Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 128 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib. Məlumata görə, ay ərzində 81 ölkəyə məhsul ixrac olunub, 122 ölkədən isə idxal həyata keçirilib.
Hesabat dövründə Azərbaycanın xarici ticarət dövriyyəsi 3092,1 milyon ABŞ dolları təşkil edib. Nəticədə 487,7 milyon dollar məbləğində müsbət ticarət saldosu formalaşıb.
Məlumata əsasən, İtaliya ilə ticarətdə ixracın payı 96,5 faiz, idxalın payı isə 3,5 faiz təşkil edib. Türkiyə ilə ticarət əməliyyatlarında ixracın xüsusi çəkisi 62,1 faiz, idxalın payı isə 37,9 faiz olub. Çinlə ticarətdə əsas pay isə idxalın üzərinə düşür. Belə ki, idxal 97,6 faiz, ixrac isə 2,4 faiz təşkil edib. Rusiya ilə ticarətdə idxalın payı 67,3 faiz, ixracın payı isə 32,7 faiz olub. Rumıniya ilə aparılan ticarət əməliyyatlarında ixrac 96,0 faiz, idxal isə 4,0 faiz səviyyəsində qeydə alınıb.
Bundan əlavə, Almaniya ilə ticarətdə ixracın payı 52,1 faiz, idxalın payı isə 47,9 faiz təşkil edib. Bolqarıstanla ticarətdə ixrac 98,8 faiz, idxal isə 1,2 faiz olub. Gürcüstanla aparılan ticarət əməliyyatlarında ixracın payı 89,0 faiz, idxalın payı isə 11,0 faiz təşkil edib. İranla ticarətdə isə idxal üstünlük təşkil edir. Belə ki, idxalın payı 98,3 faiz, ixracın payı isə 1,7 faiz olub. Yunanıstanla ticarətdə ixrac 83,4 faiz, idxal isə 16,6 faiz səviyyəsində qeydə alınıb.