Bu ilin yanvar-mart aylarında İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına müvəkkil banklar tərəfindən 29,9 milyon manat məbləğində 353 ipoteka krediti, o cümlədən, 12,2 milyon manat məbləğində 115 adi ipoteka krediti və 17,7 milyon manat məbləğində 238 güzəştli ipoteka krediti verilib.
Bu barədə Modern.az-a Fonddan bildirilib.
Ümumilikdə, 2006-cı ildən bəri Fondun vəsaiti hesabına verilən ipoteka kreditlərinin məbləği 3,8 milyard manata çatıb ki, bu da 57 mindən çox ailənin mənzil şəraitinin yaxşılaşmasına imkan verib.
Şəxsi yığımları yetərli olmayan əhalinin daha aşağı ilkin ödənişlə ipoteka kreditlərindən faydalanmasını təmin etmək məqsədilə 01 aprel 2026-cı il tarixinə Fond tərəfindən 140,8 milyon manat məbləğində 1497 ipoteka krediti üzrə zəmanət verilib.
Qeyd edək ki, Fondun vəsaiti hesabına verilən ipoteka kreditlərindən faydalananların 67%-ni gənclər və gənc ailələr təşkil edib, kreditlərin 22%-ə yaxını isə regionların payına düşüb.