Azərbaycanın aparıcı sənaye qruplarından olan “Azersun Holdinq”in idarəetməsində strateji dəyişiklik həyata keçirilib.
Modern.az xəbər verir ki, bu barədə holdinqin yaydığı açıqlamada bildirilib.
Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri vəzifəsinə Tahir Gozal təyin edilib. Açıqlamada bildirilir ki, bu dəyişiklik ailə biznesinin növbəti nəslə etibarını və holdinqin müasir, innovativ idarəçilik modelinə keçidini simvolizə edir.
Tahir Gozal Şeffild Universitetinin Menecment fakültəsinin və Fransa Sup de Co Universitetinin məzunudur. O, “Greentech” və digər qlobal şirkətlərə rəhbərlik etməklə yanaşı, ölkəmizdə süni intellekt və İT sahəsində ən müasir standartlara cavab verən “Proxima” şirkətinin qurucusudur.
Yeni sədr “Azersun Holdinq”in ixrac coğrafiyasını hazırkı 40 ölkədən 60-a çatdırmağı, istehsalatda AI əsaslı optimallaşdırmanı tətbiq etməyi və “Made in Azerbaijan” brendini dünyaya tanıtmağı hədəfləyir.
Tahir Gozal həmçinin “Qarabağ” Futbol Klubunun prezidentidir. İş adamı ailəlidir, 3 övladı var.
Xatırladaq ki, bundan əvvəl “Azersun Holdinq”a Tahir Gozalın atası Abdolbari Gozal rəhbərlik edirdi. O, 2025-ci ilin yanvarında vəfat edib.