Modern.az

Din adından siyasi məqsədlər üçün sui-istifadə olunur

Din adından siyasi məqsədlər üçün sui-istifadə olunur

Mədəniyyət

16 Sentyabr 2025, 16:22

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Astana Qurultayı və BMT Sivilizasiyalar Alyansının dini məkanların qorunması üzrə birgə xüsusi sessiyasında çıxış edib.

Modern.az xəbər verir ki, tədbir Dünya və Ənənəvi Dinlərin Liderlərinin VIII Qurultayı çərçivəsində təşkil olunub.

Qafqaz Müsəlmanları İdarəsinin sədri bildirib ki, Sivilizasiyalar Alyansı və Astana qurultayları iki onillikdən artıq müddətdə bəşəriyyət naminə dialoqu təşviq edərək mühüm nailiyyətlər əldə edib.

Şeyxülislam vurğulayıb ki, ksenofobiya təzahürlərinin, milli, dini və irqi zəmində qarşıdurmaya təhrik edən nifrət çağırışlarının artdığı indiki dövrdə sülh və qlobal problemlərin həlli baxımından dinc birgəyaşayış, qarşılıqlı anlayış mədəniyyəti, sivilizasiyalar və dinlərarası dialoq, multikulturalizm ideyaları xüsusi əhəmiyyət daşıyır.

“Azərbaycan Prezidenti İlham Əliyevin təbirincə desək, sivilizasiyalar və mədəniyyətlərarası dialoq dünyada ən təxirəsalınmaz vəzifələrdən biridir. Təqdirəlayiqdir ki, BMT-nin Sivilizasiyalar Alyansı bu mühüm istiqaməti daim diqqətdə saxlayır”, - deyə o bildirib.

Şeyxülislam çıxışında vurğulayıb ki, müasir dövrün çağırışları bəşəriyyət qarşısında ciddi vəzifələr qoyur. Məhz nifrətin ideoloji təsirləri nəticəsində dinlərin müqəddəs dəyər və atributlarının təhqir olunması halları artır, din adından siyasi məqsədlər üçün sui-istifadə olunur.

Biz söz azadlığı və din pərdəsi altında hər hansı radikalizm və ksenofobiya təzahürlərini, xüsusilə də dinlərin müqəddəs məkanlarına, dəyərləri və atributlarına, mədəni irs nümunələri və abidələrinə qarşı törədilən terror və vandalizm əməllərini qətiyyətlə pisləyirik”, - deyə QMİ sədri əlavə edib.

Şeyxülislam bəyan edib ki, dünyanın bütün qaynar nöqtələrində, xüsusilə Yaxın Şərqdə və Qəzzada günahsız insanların qətliamına səbəb olan qanlı toqquşmaların dayandırılması, silahların susması, maddi-mənəvi irsə və dini məkanlara qarşı törədilən dağıntılara son qoyulması zəruridir. O, problemlərin beynəlxalq hüquq və BMT qətnamələri əsasında sülh yolu ilə həllinin tərəfdarı olduqlarını vurğulayıb.

QMİ sədri qeyd edib ki, bugünkü xüsusi iclasın məqsədi dini məkanların qorunması sahəsində ən yaxşı milli və beynəlxalq təcrübələrin bölüşülməsi, VIII Astana Qurultayında real tövsiyələrin təqdim olunması kimi mühüm mərama xidmət edir.

Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü və suverenliyini BMT-nin Nizamnaməsinə və Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq bərpa etdiyini xatırladan şeyxülislam bildirib ki, bu gün Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərdə vandalizm aktları nəticəsində dağıdılmış, təhqir olunmuş milli, dini-mənəvi irs nümunələrini, multikultural ənənələrə sadiq qalaraq bütün dinlərə məxsus abidələri - məscid və məbədləri yenidən bərpa və inşa edir.

O, kultursidə məruz qalmış ərazilərdə dini-mənəvi irsin bərpa və qorunması yönündə görülən işlərə BMT Sivilizasiyalar Alyansının bu illər ərzində göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi