Elə insanlar var ki, onlar haqqında nə qədər gözəl sözlər səsləndirsən söz ünvanında olduğu üçün nə əzilir, nə də ki, qol-qanadı qırılır. Şəxsiyyətlər haqqında müdriklərin müdrik fikirləri çoxdur.
Məsələn, "İnsan haqqında onun istedadına görə yox, bu istedaddan necə faydalandığına görə mühakimə yürütmək olar", - Rene Dekart.
Uzun illər öz fəaliyyəti boyu Heydər Əliyev siyasətinin reallaşmasında böyük xidmətlər göstərmiş, hazırda da Prezident İlham Əliyevin quruculuq fəaliyyətinə önəmli dəstək verən bir dövlət adamı kimi Zülfüqar Kazımovun adı seçilmişlər siyahısındadır.
Sözsüz ki, hamımız bu etibarsız dünyanın müvəqqəti qonaqlarıyıq. Kimimiz yüz il, kimimiz əlli, kimimiz isə bir gün sonra bu dünya ilə vidalaşıb əbədiyyətə qovuşuruq. Amma, etdiyimiz pis və yaxşı əməllərimizlə xatırlanırıq.
Deyirlər xeyirxah insanın çiyinlərinə qonan mələklər belə həmin insanın xoş əməllərini görəndə üzü gülür.
Vətəninə və dövlətinə sədaqətlə xidmət edən işıqlı insanlardan biri də Zülfüqar Musa oğlu Kazımovdur. Alnının təriylə fəhləlikdən Nərimanov rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinədək yüksəlib. Sonralar təqaüdə çıxan, dövlətçiliyə sədaqət timsalı kimi tanınan Zülfüqar müəllimin bu gun 75 yaşı tamam olur.
Böyük filosof Hippel deyir ki, "Sənin şöhrətin sənin kölgən kimidir – o gah səndən qabaqda, gah arxada gedir; bəzən səndən böyük, bəzən kiçik olur".
Zülfüqar Kazımov da xeyirxahlıq və şəfqət mücəssəməsi olaraq, onlara, yüzlərlə imkansız soydaşlarımıza İlahi bir çətir olaraq bu gündə böyük bir xeyirxah insan kimi sevilir. Bu gün də ona zəng edir, hal-əhval tutur gündəlik fəaliyyəti ilə maraqlanırlar. Zülfüqar müəllim də onu tanıyanların əməyini qiymətıəndirənlərin səsinə səs verir, onların bütün dəvət və çağırışlarını, müraciətlərini dəyərincə qiymətıəndirir.
Zülfüqar Kazımov bu gün ömrünün 75-ci baharına qədəm qoyur. Yubiley yaşı payıza təsadüf etsə də Zülfüqar Musaoğlunun həyatında, ailəsində, yaxın ətrafında əsl yaz təravəti duyulur, təbriklərin, arzuların ardı-arası kəsilmir.
Bu yazının müəllifi olaraq mən, eləcə də Zülfüqar müəllimin uzun illərdən bəri tanıdığı həmkarım, yazıçı-publisist Akif Cabbarlı əziz və hörmətli Zülfüqar Musaoğlunu səmim-qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, ailə xoşbəxtliyi,ictimai-siyasi fəaliyyətində uğurlar arzulayırıq.
Zülfüqar müəllim sədaqətli dövlət adamı, əsl dost, mehriban ailə başçısı, sevimli valideyn və müdrik baba kimi hər kəsin qəlbində pozulmaz naxışlar qoyub. Və bundan sonra da belə olacağına ürəkdən inanırıq.
Mübariz Süleymanlı,
Azərbaycan Yazıçılar Birliynin üzvü,
Türk Ağsaqqalları İctimai Birliyinin İdarə heyətinin üzvü,
şair-jurnalist