Əməkdar artist Cabir İmanov qəfil ölümü ilə gündəmin ən çox müzakirə olunan isminə çevrilib. İki gündür sosial şəbəkələrdə Əməkdar artistlə bağlı mövzular ətrafında fikir mübadiləsi gedir.
Bu müzakirələrdə mərhumun ailəsi, o cümlədən atasına başsağlıqları da ünvanlanır.
Qeyd edək ki, Cabir və Tahir İmanov qardaşlarının atası Qorxmaz İmanov tanınmış alimdir. Lakin geniş ictimaiyyət onun haqqınmda ətraflı bilgiyə malik deyil.
Modern.az-ın məlumatına görə, professor Qorxmaz İmanov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, iqtisad elmləri doktorudur.
Qorxmaz Cahangir oğlu İmanov 1941-ci ildə Bakı şəhərində anadan olub. 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirib. 1964–1967-ci illərdə Moskva şəhərində SSRİ Elmlər Akademiyasının Mərkəzi iqtisadi-riyaziyyat institunun aspiranturasında təhsil alıb, 1968-ci ildə həmin institutda iqtisad elmləri namizədi alimlik dissertasiyası müdafiə edib.
1968-ci ilin yanvar ayından 1969-cu ilin mart ayına qədər Azərbaycan SSR EA Kibernetika institutunda kiçik elmi işçi işləyib. 1969–1971-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı institutunda baş müəllim və dosent vəzifələrində çalışıb. 1971-ci ilin sentyabrında yenidən Azərbaycan EA Kibernetika institutuna baş elmi işçi vəzifəsinə gəlib. 1975-ci ildə SSRİ EA Mərkəzi iqtisadi-riyaziyyat institunda iqtisad elmləri doktorluq dissertasiyasını müdafiə edib. 1974-cü ilin avqust ayından 1987-ci ilin dekabrına qədər Kibernetika institutunda laboratoriya və sonra şöbə müdiri vəzifəsində çalışıb.
1983-cü ildə iyun ayından professor elmi adına və 1984-cü ildə elm və texnika sahəsində Azərbaycan SSR Dövlət mükafatına layiq görülüb. 1987–1993-cü illərdə Azərbaycan Dövlət Plan Komitəsinin və sonralar İqtisadiyyat Nazirliyinin Elmi–tədqiqat İqtisadiyyat institutunun müdiri vəzifəsində çalışb. 1993–1998-ci illərdə Rusiya Elmlər Akademiyasının Bazar problemləri institutunda çalışıb. 1999–2000-ci illərdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyində baş müşavir vəzifəsində işləyib.
2001-ci ildən AMEA Kibernetika İnstitutunda əvvəllər baş elmi işçi və laboratoriya rəhbəri vəzifəsində çalışırb. 2017-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin müxbir üzvü seçilib.
Q.İmanov 1969- 2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində, Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində dərs deyib.
O, hazırda Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunda İqtisadiyyatın qeyri-səlis modelləri laboratoriyasının müdiri vəzifəsində çalışır.
A.Qorxmaz