Modern.az

Qorelyef

Mədəniyyət

7 Oktyabr 2025, 15:14

Bir neçə il əvvəl Bakıda bir toyda görüşdük.

Natiq Əliyev və həyat yoldaşı ilə bir masada idi yerlərimiz.

Tanınmış heykəltaraş, xalq rəssamı, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, professor Natiq Əliyevlə neçə ilin dostuyuq.

Toyda “Vaxtın olanda emalatxanama gəl, yeni işlərimi göstərmək istəyirəm” dedi…

Ertəsi gün professorun emalatxanasına gələndə həyətdə gözüm bir qorelyefə sataşdı. Üzərindəki qabar təsvir Bəxtiyar Vahabzadənin idi. Ev sahibi “Əminəm ki, qorelyeflə barelyefin fərqini bilirsən” söylədi və əlavə etdi: “Gəl bu əsərimi verim sənə, apar Türkiyəyə, Azərbaycan-Türkiyə dostluğunun bir rəmzi kimi istədiyin şəhərin parklarından birinə yerləşdir… Türkiyədə Azərbaycanı yaşadan yeni bir iş görmüş olarsan…Edə bilərsənmi?”. Natiq müəllim isə bir ton ağırlığındakı əsəri əslində mənə deyil, qardaş ölkəyə hədiyyə etmək istəyirdi.

Heç nə demədim, çünki bu dövlətlər arası bir məsələ idi və bunu edə bilsək yalnız rəsmi dövlət kanalları ilə etmək olardı…


İstanbula qayıdanda çəkdiyim şəkillər üzərində düşündüm. Qorelyefin üzərində heç bir yazı yox idi. Bəxtiyar Vahabzadənin “Azərbaycan – Türkiyə” şeirindən bir bəndin postamentə nəqş edilməsinin əsərə daha dərin bir anlam verəcəyini fikirləşdim:

Bir milletiz, iki devlet
Aynı arzu, aynı niyet.
Her ikisi cumhuriyet
Azerbaycan – Türkiye.

Türkiyə prezidenti R. T. Ərdoğanın da çox sevdiyi və tez-tez oxuduğu şeirdəki bu bəndin içində həm Heydər Əliyevin “Bir millət, iki dövlət” sözlərinə, həm də iki Cumhuriyyət vurğusu var…

Bu düşüncələrlə İstanbul Baş konsulumuz Nərminə xanım Mustafayevaya müraciət edildi. İşlər artıq rəsmiyyət qazandı – əvvəlcə İstanbulun Sarıyer Bəədiyyəsi ilə birgə yer seçildi, daha sonra isə Baş konsul Bakıya, Xarici İşlər nazirliyinə müraciət etdi. Azərbaycan prezidentinin xeyir-duası ilə bu gözəl təşəbbüs özünün müsbət həllini tapdı. İndi şəhərlər şəhəri İstanbulda Azərbaycanın bir guşəsi daha oldu…

Bu gün günorta saatlarında İstanbulun dəbdəbəli Vadiistanbul səmtində əsərin müəllifinin – xalq rəssamı Natiq Əliyevin iştirakı ilə Bəxtiyar Vahabzadə qoreylefinin sadə, amma anlamlı bir açılış mərasimi oldu. Sarıyer Bələdiyyə Başkanı Mustafa Oktay Aksu və Baş konsul Nərminə Mustafayeva Türkiyə-Azərbaycan dostluğundan, mədəni irsimizdən bəhs edərək qorelyefin lentini kəsdilər.

Layihənin həyata keçirilməsində Baş konsül Nərminə Mustafayeva, konsül Zaur Allahverdizadə və digər çalışanların əməyini xüsusi qeyd etmək lazımdır. Bu gün 100 illiyi qeyd olunacaq böyük şairimizin ruhu şaddır deyə inanıram…

Qorelyefin yerləşdiyi park İstanbulun ən işlək prospekti – Azərbaycan Caddəsi üzərində, gün içində önündən on minlərlə insanın keçdiyi, Socar Türkiye şirkətinin Baş ofisinin on addımlığında, məşhur Galatasaray stadionun qarşısında yerləşir…

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türk liderlərlə görüşdə Prezidentdən KRİTİK ÇAĞIRIŞ - Hazır olun!