Modern.az

Ortaq Türk Əlifbasında yazılan ilk kitab - FOTOLAR

Ortaq Türk Əlifbasında yazılan ilk kitab - FOTOLAR

Mədəniyyət

7 Oktyabr 2025, 17:47

Türk dünyasının nəhəng yazıçısı Çingiz Aytmatovun əsərləri ortaq türk əlifbasında çap olunub. 

Modern.az-ın məlumatına görə, kitab Türkiyə türkcəsi və Qırğız türkcəsi əsasında, yeni ortaq əlifbadan istifadə olunaraq ərsəyə gətirilib.

Kitabın ön sözünün müəllifi Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoydur.

Prezident Rəcəb Tayyib Ərdoğan ön sözdə Türk dünyasına müraciət edərək ortaq dil, mədəniyyət və yaddaşın qorunması istiqamətində atılan addımların əhəmiyyətini vurğulayıb. Prezidentin fikrincə, xalqları bir-birinə bağlayan ən güclü bağlardan biri məhz ortaq dil və əlifbadır.

Ərdoğan bildirib ki, 34 hərfdən ibarət Ortaq Türk Əlifbası üzərində aparılan işlər türk xalqlarını daha da yaxınlaşdıracaq:

“Toplumları bir-birinə bağlayan ən güclü bağlar arasında, şübhəsiz, ortaq dil və ortaq hafıza ön sırada yer alır. Bu orta1lığın daşıyıcısı isə əlifbadır. Biz bu işlərə böyük önəm veririk”.

Prezident qeyd edib ki, Mədəniyyət və Turizm Nazirliyinin hazırladığı və Çingiz Aytmatovun əsərlərinə həsr olunan “Cengiz Aytmatov” adlı yeni nəşr, ortaq əlifba ilə Qırğızca və Türkcə versiyada oxuculara təqdim olunur. Bununla yanaşı, ortaq mədəni irsimiz sayılan “Oğuznamələr” də eyni əlifba ilə çapa hazırlanıb.

Ərdoğanın sözlərinə görə, Aytmatov Türk dünyasının ortaq səsi və yaddaşıdır:

“Aytmatovun əsərləri Altaylardan Anadoluyadək uzanan dərin bir mədəniyyətin insanlıq dəyərlərini əks etdirir. İndi bu dəyərləri ortaq əlifba vasitəsilə daha güclü ifadə edə bilirik”.

Prezident vurğulayıb ki, ortaq əlifba təkcə yazı islahatı deyil, mədəni dirçəlişin, fikri birliyin və siyasi vizyonun simvoludur.

“Bu addım, Türk xalqlarını bir-birinə daha da yaxınlaşdıracaq, birliyimizi möhkəmləndirəcək və gələcəyə sağlam addımlarla irəliləməyimizi təmin edəcək".

Rəcəb Tayyib Ərdoğan həmçinin qeyd edib ki, bu layihə bir başlanğıcdır və gələcəkdə ortaq əlifba ilə yeni əsərlər, klassiklər, tədris materialları və rəqəmsal məzmunlar da hazırlanmalıdır.

“Ortaq yaddaşımızı ortaq hərflərlə yazmaq sadəcə bir seçim deyil, gələcək nəsillərə qarşı məsuliyyətimizdir,” – deyə Prezident əlavə edib.

Ərdoğan bu layihənin ərsəyə gəlməsində əməyi olan Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə, AK Partiya Türk Dövlətləri ilə Əlaqələr Başqanlığına və bütün iştirakçılara təşəkkür edib, böyük yazıçı Çingiz Aytmatovu rəhmətlə anıb:

“Bu örnək işbirliyinin Türk dünyasında yeni mədəni layihələrə və əməkdaşlıqlara təkan verəcəyinə inanıram”.

Nazir Mehmet Nuri Ersoy isə ön söz yazısında vurğulayır ki, Çingiz Aytmatov təkcə bir yazıçı deyil, həm də Türk dünyasının birləşdirici səsidir:

“Aytmatovun əsərlərində dilə gələn acılar, ümidlər, sevinclər və dirənişlər bütün türk xalqları üçün ortaqdır. Onun qələmindən çıxan insanlıq hekayəsi, əslində, bir-birindən ayrı düşmüş qardaşların həsrətini də daşıyır”.

Mehmet Nuri Ersoy ön sözdə qeyd edir ki, bu əsərin hazırlanması təkcə texniki bir təşəbbüs deyil, “ürəklərin və dillərin qucaqlaşmasının nişanəsidir.” Nazirə görə, türk xalqlarının yüz illər sonra yenidən bir araya gəlmək arzusunun səsi bu kitabda öz əksini tapır:

“Bu əsər, Türk dünyasının ortaq gələcəyinə atılmış kiçik, amma mənalı bir addımdır. Ortaq əlifba və ortaq mədəniyyət idealına inananların fədakar səyləri sayəsində ərsəyə gəlib”.

Sözügüdən kitab bu gün Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü zamanı türk dövlətləri liderlərinə bağışlanıb. 

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən yaradılan Türk Dünyası Ortaq Əlifba Komissiyası 34 hərfdən ibarət Ortaq Türk Əlifbası təklifi ilə bağlı ötən il Bakıda razılığa gəlib. Əlifba ilə bağlı ilk dəfə 1991-ci ildə elm adamları tərəfindən təşəbbüs irəli sürülüb. 

1467718
1467716

1467715

1467714

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türk liderlərlə görüşdə Prezidentdən KRİTİK ÇAĞIRIŞ - Hazır olun!