İnsan yaddaşı çox şeyi unuda bilər – simaları, tarixləri, hətta hadisələri belə... Amma elə səslər var ki, yaddaşın ən dərin qatlarında iz qoyur. Bu səsləri eşidəndə dərhal tanıdığımız şəxslər gözümüzün önündə canlanır.
Səs emosiyadır, obrazdır, həyatdır. Bəzən səsləndirmə ustalarının hansısa filmdə yaratdığı obraz aktyorun oynadığı rolu kölgədə qoya bilir. Çünki onlar obrazı yalnız sözlə yox, nəfəs, pauza, ton və ritmlə canlandırırlar.
Onlar aktyorun içindəki obrazı bir daha oynayırlar. Amma yalnız səslə, nəfəs və ritmlə.
Bu sənətkarların işi heç də asan deyil – onlar çox zaman bir-iki cümlə ilə bütün bir obrazın ruhunu çatdırmalıdırlar. Bəzən bir damla göz yaşı tökmədən ağlamalı, bəzən isə istəmədən gülməlidirlər. Səslə ağlamaq, səslə sevindirmək – bu, ən yüksək aktyorluq bacarığıdır.
Təsəvvür edin: siz “Qaynana” filmindəki Afətin hərəkətlərini izləyirsiniz, amma onun düşüncəsini, qorxularını, sevincini bizə çatdıran, içindəki bütün duyğuları qulağımıza pıçıldayan səs başqa bir sənətkara aiddir. Elə bu zaman başa düşürsən ki, səsləndirmə yalnız texniki proses deyil – bu, aktyorluğun ən incə sahəsidir.
Modern.az saytı “Yadımızdakı o səs” rubrikasında ilk təqdimatı edir.
Yuxarıda “Qaynana” filmindəki Afət obrazını təsadüfən xatırlatmadıq. Rusiyalı aktrisa İnarə Quliyevanın ifa etdiyi həmin rolu Xalq artisti, istedadlı qiraət ustası və aktrisa Əminə Yusifqızı səsləndirib. Təəssüf ki, bu cazibəli səsin sahibi dünən 89 yaşında həyatla vidalaşdı.
O səsdən isə bir də olmayacaq...
Arayış: Əminə Yusifqardaş qızı Yusifova 24 sentyabr 1936-cı ildə Bakının Bakıxanov qəsəbəsində anadan olub. Orta məktəbin yeddinci sinfinə qədər Bakıxanov qəsəbəsində təhsil alıb. Sonra təhsilini Sabunçu qəsəbəsində davam etdirib. 1961-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitunu bitirib. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının (1958–1964), Azərbaycan Milli Dram Teatrının (1964–1974) aktrisası olub.
1974-cü ildən "Azərbaycanfilm" kinostudiyasında işləyib. Bir çox filmlərdə, televiziya tamaşalarında çəkilib. Dublyaj, səsləndirmə sahəsində əvəzsiz fəaliyyətilə məşhurlaşıb. Bədii qiraət ustası kimi tanınıb.
Aktrisa orta məktəbdə birlikdə oxuduğu sinif yoldaşı ilə ailə qurub. Bu evlilikdən onun Səadət adlı bir qızı dünyaya gəlib. Ancaq evlilikləri sonacan davam etməyib. Belə ki, həyat yoldaşının ailəsi Əminə xanıma aktrisalıq sənətindən uzaqlaşmaq üçün təzyiq göstərsə də, o bununla razılaşmayıb və beləcə, ailəsi dağılıb.
Mədəniyyətimizin inkişafındakı xidmətləri nəzərə alınaraq, 1982-ci ildə “Əməkdar artist”, 1998-ci ildə “Xalq artisti” fəxri adlarına, 2016-cı ildə isə “Şöhrət” ordeninə layiq görülüb.
Ölümündən 3 ay əvvəl yıxılan aktrisa ayağını sındırmışdı. Ayağı sınandan sonra ancaq oturaq həyat tərzinə keçən aktrisa tam sağala bilmədən həyata vida etdi. Onun ürək xəstəliyindən vəfat etdiyi bildirilir.
Əminə Yusifqızının səsi elə bil bir ipək parça kimi obrazların üzərinə çəkilirdi – yumşaq, lakin güclü. Onun səsində həm ana nəvazişi, həm qadın iradəsi, həm də incə kədər var idi. Yəqin razılaşarsınız ki, Azərbaycan kinosunda qadın personajların psixoloji dərinliyini onun səsi qədər gözəl ifadə edə bilən çox az sənətkar var.
Zaman keçdikcə, unudulan simalar çox olur, amma elə səslər var ki, illər ötsə də, yaddaşdan silinmir. Bax, Əminə Yusifqızının səsi belə səslərdən idi.
Əminə xanımın səsi bəzən bir obrazın bütün mənəvi dərinliyini çatdıran, bəzən isə səssiz ekranda hissləri oyadan bir körpü olub. Səsləndirmə sənəti – kino və teatrın görünməyən, lakin çox önəmli bir tərəfidir. Əminə Yusifqızı bu sənətin nadir ustalarından biri kimi tarixə düşüb.
Əminə Yusifqızının səsləndirdiyi obrazlar arasında onun fiziki olaraq oynamadığı, lakin səsi ilə can verdiyi qəhrəmanlar çox olub. Məhz onun zəngin tembrli, incə ahəngli və duyğularla dolu səsi sayəsində bu obrazlar tamaşaçının yaddaşında iz buraxıb. Onun səsindəki incəlik, intonasiya və psixoloji dərinlik obrazların daxili dünyasını sanki tamaşaçının ürəyinə hopdururdu.
“Alma almaya bənzər”də Mədinəni, “Arşın mal alan”dakı Gülçöhrəni, “Bir cənub şəhəri”ndəki Rənanı, “Dədə Qorqud”dakı Banuçiçəyi, “Ən vacib müsahibə”dəki Səidəni, “Qanun naminə”dəki Züleyxanı, “Qatır Məmməd”dəki Həbibəni, “Onu bağışlamaq olarmı”dakı Sevdanı, “Ulduz” filmindəki Ulduzu və daha neçə-neçə zərif obrazı biz Əminə Yusifqızının səsi ilə tanıyıb sevmişik.
Əminə Yusifqızı klassik və çağdaş Azərbaycan poeziyasının yorulmaz təbliğatçısı kimi də sənət tariximizdə silinməz iz qoyub. Uzun illər çalışdığı Azərbaycan Dövlət Televiziya və Radiosunun efirində görkəmli şairlərimizin yaradıcılıq nümunələri onun qiraətində tamaşaçı və dinləyicilərin qəlbinə yol tapıb.
Əminə Yusifqızının ifasında poeziya sanki danışmırdı - nəfəs alır, nəfəs verir, titrəyirdi... Onun səsində Vətənin sızıltısı da vardı, ananın laylası da, sevginin istiliyi də, dərdin fəryadı da. Hər misra onun dilində bir taleyə çevrilirdi. O, şeiri oxumurdu – yaşayırdı.
Səməd Vurğunun və Bəxtiyar Vahabzadənin poeziyası Əminə Yusifqızının səsində yeni çalarlar qazanmışdı. Onun diksiyası, pauzaları, səsin ritmi və tonallığı elə peşəkarlıqla seçilirdi ki, dinləyici üçün bu bir ifa yox, əsl sənət təcəssümü olurdu. Əminə xanımın qiraətində sanki şairin özü danışırdı. Bu isə yalnız istedadla izah oluna bilməz – bu, mədəniyyətə, ədəbiyyata və dinləyiciyə dərin sevgidən doğan bir peşəkarlıq idi.
Onun titrək, lakin bir o qədər də qətiyyətli səsi yaddaşlarda qalmaqla yanaşı, həm də qəlblərdə iz saldı. Əminə Yusifqızı poeziyanın ana dilində necə səslənməli olduğunu da bizə öyrətdi. Ana dili onun üçün sadəcə bir vasitə deyildi – varlığının, sənətinin əsas dayağı idi.
Əminə Yusifqızı həm də bir məktəb idi – onu dinləyənlər təkcə poeziya yox, duymaq, hiss etmək, sükutda danışmaq sənətini də öyrənirdilər.
Yəqin ki, bundan sonra onun səsini yenidən dinləyəndə, bir anlıq keçmişə səyahət edəcək, bir nostalji yaşayacağıq...
A.Qorxmaz