Bakı Beynəlxalq İncəsənət Festivalı ilə bağlı mətbuat konfransı keçirilib.
Modern.az xəbər verir ki, mətbuat konfransında festivalın fəxri qonaqları dirijor Fuad İbrahimov, "Avroviziya 2018"də Azərbaycan təmsilçisi Aysel Məmmədova, ssenarist İsmayıl İman iştirak edib.
Festivalın önəmindən danışan təşkilatçı Rəşad Əliyev bildirib ki, oktyabrın 31-dən noyabrın 16-dək keçirilən festivalda həftəsonları tamaşalar təşkil ediləcək.
Festivalın fəxri səfri Fuad İbrahimovun sözlərinə görə, festivalda həm klassik konsertlər, həm teatr tamaşası, həm də xoreqarfiya baş tutacaq.
O qeyd edib ki, bu festival sayəsində ölkəmizə xarici sənətkarlar da gələcək: “Festivalın açılışında Üzeyir Hacıbəyli Azərbaycan Dövlət Simfonik Orkestrı ilə Özbəkistanın pianisti Behzod Abduraimov, həmçinin dirijor Aziz Shokhakimov iştirak edəcək”.
Bu ildən etibarən festivalın hər il keçiriləcəyi gözlənilir. “Pandemiyadan sonra Azərbaycanda bu cür beynəlxalq festival keçirilməyib. Festivalda yeni adları görmək mümkün olacaq, eyni zamanda fərqli tamaşalara da baxa biləcəyik” - festivalın fəxri səfri ssenarist İsmayıl İman bildirib.
O qeyd edib ki, tamaşalar teatrlarda səhnəyə qoyulacaq: “Bu festival teatr məkanına da təsir edəcək. Biz canlanmalı, fərqliliklərə açıq olmalıyıq. Bu Bakı sakinləri üçün yaxşı fürsətdir” - deyə ssenarist sonda bildirib.