"Laləli Bağça Körpələr Evi və Uşaq Bağçası" MMC-nin təşkilatçılığı ilə Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş “Sənə Zəfər yaraşır, Azərbaycan” adlı tədbir keçirilib.
Modern.az xəbər verir ki, tədbirdə rəsmi qonaqlar, Vətən müharibəsi iştirakçıları, şəhid ailələrinin üzvləri, qazilər və bir sıra ictimaiyyət nümayəndələri iştirak ediblər.
İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Açılış nitqi ilə çıxış edən Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnar Rəhimova, icra başçısı Abdin Fərzəliyev adından tədbir iştirakçılarını salamlayaraq, Zəfər Günü münasibətilə təbriklərini çatdırıb. O bildirib ki, bu gün Azərbaycan xalqı qəhrəman oğullarının şücaəti sayəsində tam suveren bir dövlət kimi öz torpaqlarında bayrağını qürurla dalğalandırır.
Daha sonra Milli Məclisin deputatı Rizvan Nəbiyev çıxış edərək Zəfərə aparan yoldan və onun beynəlxalq əhəmiyyətindən danışıb. Deputat qeyd edib ki, bu qələbə təkcə ərazi bütövlüyümüzün deyil, həm də xalqımızın şərəf və ləyaqətinin bərpasını özündə təcəssüm etdirir:
“Müzəffər Ali Baş Komandanın rəhbərliyi, qazilərimizin və şəhidlərimizin qəhrəmanlığı, xalq və dövlət birliyinin vəhdəti sayəsində biz bu Zəfəri qazandıq. Bu qələbə təkcə Azərbaycan üçün deyil, bütün türk dünyası üçün regionda yeni siyasi reallıq yaratdı”.
Şəhid mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu da tədbirdə çıxış edərək tədbir iştirakçılarını, qonaqları təbrik edib. O, xüsusilə uşaqlara müraciət edərək, onların üzərinə düşən ən vacib vəzifənin yaxşı oxumaq və gələcəyin güclü vətəndaşları olmaq olduğunu vurğulayıb.
Tədbirin bədii hissəsində Azərbaycanın Əməkdar artisti Sevinc Sariyeva, IX Muğam Televiziya Müsabiqəsinin finalçısı Yusif Cəfərbəyli, vokalistlər Amil Nuri, İbrahim Quliyev və Arif Qaraəhmədli musiqili ifaları ilə çıxış ediblər.
Tədbir zamanı "Laləli Bağça Körpələr Evi və Uşaq Bağça"sının balaca fidanları Vətənə həsr olunmuş mahnılar səsləndirib, vətənpərvərlik mövzusunda şeirlər söyləyib və rəngarəng rəqslərlə çıxış ediblər. Ardınca, "Laləli Bağça Körpələr Evi və Uşaq Bağça"sının kiçik nümayəndələri maraqlı səhnəcik nümayiş etdiriblər.
Bundan əlavə, Xırdalan 11 illik musiqi məktəbinin saz ifaçısı Murad Həsənov və həmin məktəbin Nağara ritm qrupu da tədbirdə öz çıxışları ilə iştirak ediblər.
Tədbir maraqlı musiqi və rəqs kompozisiyaları ilə davam edib. Sonda iştirakçılara təşəkkürnamələr təqdim olunub və xatirə fotosu çəkilib.





















