Modern.az

“Huma Quşu” Fonduna 209 min manatlıq ianə edilib

“Huma Quşu” Fonduna 209 min manatlıq ianə edilib

Mədəniyyət

16 Noyabr 2025, 17:37

Noyabrın 16-da Bakı Musiqi Akademiyasının nəzdində Opera Studiyasında “Huma Quşu” Təhsilə Yardım Fondu tərəfindən “Səsimiz Səsindir, Humay” adlı xeyriyyə gecəsi keçirilib.

Modern.az xəbər verir ki, rəsm əsərlərinin sərgisi ilə başlayan və “Huma Quşu” Fondunun prezidenti Şəhla Vəzirovanın çıxışı ilə davam edən tədbirdə dövlət və ictimai qurumların rəhbərləri, elm və mədəniyyət xadimləri, incəsənət ustaları, magistr və tələbələr, Fondun dostları, tərəfdaşları və media nümayəndələri iştirak edib, milli musiqi nümunələrindən ibarət proqram təqdim olunub.

Fondun prezidenti Şəhla Vəzirova tədbirdə çıxış edərək qonaqlara təşəkkürünü bildirib:

“Hər birinizə bu axşam burada olub “Huma Quşu” Fonduna dəstək göstərdiyiniz üçün dərin minnətdarlığımı çatdırmaq istəyirəm. “Huma Quşu” Fondu artıq üç ildir fəaliyyət göstərir. Keçən il, dekabrın 7-də Beynəlxalq Muğam Mərkəzində “Huma quşu - xeyirxahlıq və cəsarət bələdçisi” adlı xeyriyyə axşamı təşkil etdik. Rəsm əsərlərinin satış sərgisi və gözəl caz konserti baş tutdu, həmin konsertə görkəmli cazmen Salman Qəmbərov rəhbərlik edirdi.

O zaman çıxışımda qeyd etmişdim ki, fond iki il ərzində müxtəlif təqaüd proqramlarına 120 min manat ayırıb. Üzərindən bir il keçib və artıq həmin rəqəm 209 min manata çatıb. Bu müddət ərzində biz 45 tələbəyə dəstək olmuşuq, bəziləri ardıcıl olaraq bir neçə dəfə təqaüd qazanıb. Bu günə qədər doqquz fərqli təqaüd proqramı həyata keçirmişik və bu proqramlar hər il avtomatik təkrar olunmur”.

Şəhla Vəzirova fondun son təşəbbüsləri barədə də məlumat verib:

“Bu yaxınlarda Azercell-in dəstəyi ilə “Qızların STEM-də yüksəlişi” təqaüd proqramını həyata keçirdik. Texniki sahələrdə inkişaf etmək istəyən qızlara dəstək verməyi planlaşdırırdıq. Siyahıya əsasən, beş nəfəri seçməli idik. Lakin müraciət edən 113 qızın hər biri son dərəcə istedadlı idi. Buna görə qərara gəldik ki, niyə yalnız beş nəfər? Biz bu rəqəmi 10 qıza çatdırdıq”.

Onun sözlərinə görə, bu təşəbbüs daha geniş xeyirxahlıq zəncirinə çevrilib:

“Elan yayılandan sonra “Div Akademiyası”nın direktoru Aygün xanım bizimlə əlaqə saxladı və bildirdi ki, bir və ya iki valideynini itirmiş qızlara ödənişsiz təhsil verməyə hazırdırlar. Biz siyahını təqdim etdik. Bu təşəbbüs genişləndi, davam etdi”.

Fond prezidenti, həmçinin mentorluq proqramının əhəmiyyətinə toxunub:

“Biz mentorluq proqramına da start verdik. Mentorluq - təcrübəli bir şəxsin bir gəncə yol göstərməsi, ona dəstək olması deməkdir. Dünyada bu model geniş yayılıb. Qərbdə buna “mentorluq” deyirlər, amma bizdə həmişə olub – usta–şagird ənənəsi. Biz həmin ənənəni müasir formada tətbiq edirik. Mentorlarımız öz sahələrində çox savadlı, uğurlu insanlardır. Dünyanın müxtəlif ölkələrində çalışan azərbaycanlı mütəxəssisləri bu prosesə cəlb edirik. Çünki bəzən bir düzgün məsləhət milyonlarla pula bərabər olur”.

Şəhla Vəzirova əlavə edib ki, fond yalnız maliyyə dəstəyi vermir:

“Onlayn seminarlar, maliyyə savadlılığı üzrə təlimlər də keçirmişik. Çünki təkcə pul vermək kifayət etmir, həm də həmin vəsaiti düzgün idarə etməyi öyrətmək lazımdır”.

Fondun xüsusi proqramlarından biri – “Humayın təhsil ADAsı” təqaüdü barədə danışan Vəzirova deyib:
“Bu il ADA Universitetində təhsil almaq istəyən üç tələbəmiz bu təqaüdə layiq görüldü. Onlardan ikisi kənd məktəblərində müəllim işləyir – biri fizika, biri kimya müəllimidir. Artıq təqaüdün faydasını görür və uğurla təhsil alırlar”.

Yeni qəbul elanları haqqında məlumat verən prezident bildirib:

“Noyabrın 1-dən etibarən “Humayın xəyaldan gerçəyə” təqaüd proqramına müraciətlər açıq elan edilib. Proqramı sosial şəbəkələrdə və media platformalarında paylaşırıq. Ətrafınızda uyğun namizədlər varsa, onlara bu imkanı çatdırmağınızı xahiş edirik”.

Şəhla Vəzirova fondun fəaliyyətinin könüllülük üzərində qurulduğunu vurğulayıb:

“Bizim komandamız dostluq, könüllülük və hörmət əsasında çalışır. Əvvəllər komanda yalnız Humayın yaxınlarından ibarət idisə, bu gün daha böyük bir ailəyə çevrilib. Artıq fondu dəstəkləmiş keçmiş təqaüdçülər də könüllü olaraq bizə qoşulur”.

Ötən ilin nəticələrindən danışan fond rəhbəri deyib:

“Keçən il təşkil etdiyimiz tədbirdən 8500 manat vəsait toplandı və bir qəpiyinə qədər tələbələrə təqaüd kimi verildi. İl ərzində fond 59 min manat qrant və ianə alıb. Bu dəstəkdə hər kəsin payı var. Bu il də həmin ilhamla yenidən konsert təşkil etdik. Təklifi Fərhad Bədəlbəliyə bildirdikdə o, bizə bu zalı pulsuz təqdim etdi. Səhnəyə çıxacaq bütün ifaçılar da heç bir ödəniş almadan burada iştirak edirlər”.

Qeyd edək ki, xeyriyyə gecəsində bilet və rəsm əsərlərinin satışı, eləcə də ianələrdən toplanan vəsait aztəminatlı ailələrdən olan gənclərin Fondun doqquz aktiv proqramı çərçivəsində dəstəklənməsinə yönləndiriləcək. “Huma Quşu” Təhsilə Yardım Fondunun tədbirində Anar Qəmbərli, Ayten Qocayeva, Eldar Babazada, Könül Hüseynzada, İlham Anveroğlu, Nərminə Rəsizadə, Orxan Hüseynov, Pari Miniatür, Röya Həsən, Səkinə Cəfərli Musa, Zöhrab və Şəlalə Salamzadələr, Tatyana Quliyeva və Töre Ağabayevayanın əsərləri sərgilənib. 
 

Sizə yeni x var
Keçid et
İsr@ildən Bakıya ŞOK MESAJ - Türkiyəni regiondan çıxarın!