Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1933–1953) olmuş Mircəfər Bağırovun həbsi (1954), istintaqı (1954-1956) və məhkəmə prosesi (1956) ilə bağlı sənədlərin tam külliyatı Moskvadakı keçmiş SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının Arxivində saxlanılır. Onların ümumi həcmi 200 cilddən çoxdur. Rusiyanın siyasi dairələri Azərbaycan alimlərinə həmin sənədə çıxış imkanlarını məhdudlaşdırıb.
Modern.az-ın məlumatına görə, bu barədə tarixçi alim Cəmil Həsənli bildirib.
Onun sözlərinə görə, hələ ötən əsrin 80-ci illərinin sonunda bu mövzuya böyük maraq yaranmışdı:
“1988-ci ildə biz Azərbaycan Yazıçılar İttifaqının birinci katibi Anar müəllimlə bu məsələni müzakirə etdik.
Anar müəllim 1988-ci ilin sentyabr ayının 21-də qeyd edilən Arxivdə Bağırovun sənədləri ilə tanış olmaq üçün SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası Arxivinin direktorunun adına məktub verdi. Mən Moskvaya getdim. Lakin Hərbi Kollegiyanın Arxivində Bağırovun sənədləri ilə işləməyə icazə vermədilər. Dedilər ki, sənədlər qapalı fonddadır”.
C.Həsənli deyib ki, SSRİ dağılandan sonra da Mircəfər Bağırova aid sənərlərlə tanış olmaq imkanı verilməyib:
“Mən Milli Məclisin üzvü olanda yenidən bu məsələ ilə maraqlandım. Bu dəfə də bildirdilər ki, Bağırov və onun əlaltılarının istintaq və məhkəmə prosesinin materialları xaricilərə verilmir. Deməli, biz olmuşduq artıq xarici. Düzdür, Mircəfər Bağırovun istintaqı ilə bağlı arayışlar, ifadələr, yazışmalar Rusiya Sosial-Siyasi Tarix Arxivində, Rusiya Dövlət Ən Yeni Tarix Arxivində və Rusiya Dövlət Arxivində də var. Mən bu il "Bağırovdan sonrakı Azərbaycan" kitabını nəşrə hazırlayanda onlardan istifadə edə bildim. Lakin bütün istintaq və məhkəmə prosesinin tam sənədləri qeyd edilən cildlərdədir.
Azərbaycanla Rusiya arasında humanitar əməkdaşlıq haqqında müqavilə olsa da (müqavilənin bir bölməsi arxiv sahəsində əməkdaşlığa aid idi), dəfələrlə məsələ qaldırmağımıza baxmayaraq Azərbaycan hökumət dairələrində heç kəs bununla maraqlanmadı”.
C.Həsənlinin sözlərinə görə, Azərbaycan tarixinin 1917-1953-cü illərinə aid həmin cildlərdə çox qiymətli materiallar var.
“Hətta Bağırov və digərlərinin istintaqı gedən zaman respublika arxivlərindən çoxlu sayda sənədlər istintaq orqanları tərəfindən götürülüb, cinayət işinə əlavə edilib və geri qaytarılmayıb. Halbuki, Mircəfər Bağırovun bütün fəaliyyəti Azərbaycana aid olub və 1956-cı ilin aprel ayında məhkəmə də Bakıda keçirilib. Yəni qeyd edilən 200 cilddən artıq sənədlər bilavasitə Azərbaycana aiddir.
Bu 200 cilddən artıq sənədlərdən 6 qovluq Azərbaycan “KQB”nin arxivində olub. Onlar əsasında 1993-cü ildə arxivin müdiri rəhmətlik Telman Alıyev və N.Rüstəmli bir kitab buraxdılar: “Mircəfər Bağırovun məhkəməsi (arxiv materialları). Bakı: Yazıçı. (tərtibçi . N. Rüstəmli, T. Alıyev; Tərc. ed. N. Rüstəmli). 1993”.
Hüquqi müxanizmlər olduğu halda Azərbaycan hökuməti respublika tarixi üçün müstəsna əhəmiyyətə malik olan həmin sənədlərin və ya onların surətinin ölkəyə qaytarılması ilə bağlı təəssüf ki, heç bir addım atmır”, - tarixçi alim qeyd edib.
