Modern.az

Türk musiqi alətlərinin simpoziumu keçirilib

Türk musiqi alətlərinin simpoziumu keçirilib

Mədəniyyət

25 Noyabr 2025, 16:44

Astanada (Qazaxıstan) “Əcdadlar və sədalar: Türk musiqi alətlərinin hazırlanması ənənələri və müasir yanaşmalar” mövzusunda beynəlxalq simpozium keçirilib.
Modern.az xəbər verir ki, simpozium Astanа şəhər Akimliyinin və Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkil etdiyi “Dünya Musiqisi” (“Әлем Әуені”) Beynəlxalq İncəsənət Festivalı çərçivəsində baş tutub.

Simpoziumun məqsədi türk xalqlarına məxsus musiqi aləti hazırlanması ənənələrinin hərtərəfli öyrənilməsi, qədim texnologiyalar ilə müasir innovativ yanaşmalar arasındakı əlaqələrin müəyyənləşdirilməsi, həmçinin ustalarla alimləri, ifaçılarla tədqiqatçıları bir araya gətirən elmi-praktik əməkdaşlıq platformasının yaradılması olub.

Simpoziumun açılış mərasimində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova iştirakçılara müraciətlə ənənə ilə müasirliyin vəhdətinin yeni tədqiqatlara, texnoloji yanaşmalara və beynəlxalq elmi əməkdaşlığa geniş imkanlar yaratdığını diqqətə çatdıraraq simpoziumu bu sahədə mütəxəssisləri bir araya gətirən mühüm platforma kimi dəyərləndirib.

Daha sonra o, simpoziumun plenar iclaslarında moderator qismində çıxış edərək iştirakçılara – Qazaxıstan Respublikası Parlamentinin Senat deputatı, akademik Darxan Kıdırali; Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinin Mədəniyyət Komitəsinin Sədri Erlan Dakenov; Astanа şəhəri akiminin müavini Eset Bayken; Qazaxıstan Respublikasının UNESCO və ICESCO işləri üzrə Milli Komissiyasının Baş katibi Janar Şaymenova; “Macar İrsi Evi”nin baş məsləhətçisi, Macarıstanın əməkdar artisti Akoş Qreqor – növbə ilə söz verib.

Simpozium çərçivəsində “Tək Səda: Türk musiqi alətlərinin araşdırılması və beynəlxalq əməkdaşlıq” adlı dəyirmi masa təşkil olunub. Müzakirədə türk xalqlarının musiqi irsinin tədqiqi və bu sahədə institusional əməkdaşlığın genişləndirilməsi istiqamətləri diqqət mərkəzində olub.

Tədbir zamanı Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası ilə birgə nəşr olunan “Türkdilli Ölkələrin Milli Musiqi Alətləri” kitabının təqdimatı keçirilib, nəşr böyük maraq doğurub. Dörd dildə hazırlanmış bu kitab türk musiqi irsinin beynəlxalq səviyyədə tanıdılması və elmi cəhətdən sistemləşdirilməsi baxımından əhəmiyyətli mənbə kimi yüksək dəyərləndirilib.

Simpoziumun yekunu olaraq tədbir iştirakçıları tərəfindən türk xalqlarının musiqi aləti hazırlığı irsinin qorunması, tədqiqi və gələcək nəsillərə ötürülməsi ilə bağlı birgə Qətnamə qəbul edilib. Sənəddə musiqi alətlərinin vahid elmi bazasının yaradılması, ənənəvi ustalıq məktəblərinin sistemli şəkildə araşdırılması, təhsil proqramlarında musiqi aləti hazırlanmasına dair xüsusi kursların tətbiqi, eləcə də rəqəmsal arxivləşdirmə, 3D modelləşdirmə və beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi kimi prioritet istiqamətlər vurğulanıb.

Qətnamə eləcə də türk musiqi irsinin YUNESKO və İSESKO çərçivəsində beynəlxalq səviyyədə daha geniş tanıdılması üçün ortaq təşəbbüslərin inkişaf etdirilməsini nəzərdə tutur və bu istiqamətdə Türk Xalqlarının Musiqi Aləti Ustalarının birgə Assosiasiyasının yaradılması imkanının araşdırılması barədə razılıq ifadə edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Azərbaycana ZƏRBƏ - Xəzərdəki boru kəməri VURULDU