Qazaxıstandakı mahnı müsabiqəsində Azərbaycanı münsif kimi təmsil edərkən erməni ifaçıya 12 xal verən və onunla qucaqlaşan müğənni Samirə Əfəndi İnstaqram hesabındakı yeni paylaşımında Qurandan sitat gətirib.
Modern.az-ın məlumatına görə o, Qurani-Kərimin 5-ci surəsinin 8-ci ayəsini paylaşıb.
“ Allah xatirinə ədaləti qoruyan şahidlər olun. (Hər hansı bir) camaata qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır. Allahdan qorxun! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır”, - ayədə deyilir.
“Əsas odur ki, sən öz əməllərində Allahın ayəsinə uyğun gəlirsən, nəinki onların cahilliyində”,- müğənni əlavə edib.
Qeyd edək ki, Qazaxıstandakı mahnı müsabiqəsində Azərbaycanı münsif kimi təmsil edən müğənni Samirə Əfəndinin erməni ifaçıya maksimum 12 xal verməsi, bununla da kifayətlənməyərək, onu qucaqlaması ölkə gündəmində hələ də müzakirə olunmaqdadır. Onun bu davranışlarını qınayanların bəziləri sosial şəbəkələrdə müğənninin ünvanına hətta təhqiramiz ifadələr işlədiblər.