Modern.az

Vəli dayı, kəndimizdən muğayat ol!

Vəli dayı, kəndimizdən muğayat ol!

Mədəniyyət

1 Dekabr 2025, 11:50

Yaxın qohumum, qədim Soltanlı elinin ən zəhmətkeş sakinlərindən olan Vəli Məhəmməd oğlu haqq dünyasına qovuşdu. Vəli kişi xəmiri zəhmətdən yoğrulmuş el ağsaqqalı idi. Beş balasını alnının təri, gözünün nuru ilə boya-başa çatdırmışdı. Öz əməyi ilə ucalan, ömrünün sonuna kimi bu ucalıqda qalan adamlardan idi.

Mən çoban Vəlinin üzünü görməzdən əvvəl adını eşitmişdim. Kəhər atın yalmanına yatanda ermənilər Laçın, Kəlbəcər yaylaqlarından didərgin düşürmüş. Nankor qonsularımızla onun davası sovetin qılıncının dalının-qabağının kəsdiyi vaxtlarda başlamışdı. Yaylaqlarda çapulculuq edən ermənilər Vəli dayının atını ayaq səslərindən tanıyırmışlar...

Vəli Məhəmməd oğlunu üç gün əvvəl ulu tarixin həmyaşıdı olan dogma Söltanlı kəndində torpağa tapşırdıq. Bizdən qabaq onun yurd niskilinə son qoyuldu. Bizdən əvvəl o, uğrunda igidlərin canını fəda etdiyi Vətən torpağına qovuşdu.

Vəli dayı, bilirəm, yerin rahatdır. Qu tükündən yumşaq olan barlı-bəhərli Soltanlı torpağında rahat uyuyursan. Onu da bilirəm ki, Xan Araz gecə-gündüz sənə layla çalır…

Ağsaqqal, kimləri gördün, kimlərlə görüşdün? Babalarımız müqəddəs Vətən torpağını 27 il düşmən əsarətində qoyduğumuz üçün bizdən çox inciyiblər? 44 günlük Vətən müharibəsi onların nigaran ruhuna sığal çəkə bilibmi?


Vəli dayı, Nurullah Əmənulla oğlunu gördünmü? Məktəb üzü görməyən, amma ayağı indiki bəzi diplomluların başından çox bilən babama balalarının, nəvələrinin onun kimi alnıaçıq, üzüağ yaşadığını dedinmi? Nəvəsi Maisin - igid Maisin Vətən uğrunda canını fəda edib şəhadətə yüksəldiyini söylədinmi? Maisin nəslində Mais kimi cəsur oğulların doğulduğunu xəbər verdinmi?

Vəli dayı, sən torpaqlarımız azad olunandan sonra dogma yurda dönən ilk adamlardansan. Qışın soyuğunda, yayın istisində Soltanlının yovşanlı çöllərinin ətrini ciyərlərinə çəkdin. Axırda da torpaq səni özünə çəkdi…

Ağsaqqal, bizim ellərdən muğayat ol!

Soltanlı yenidən tikilir, dirçəldilir. İnşallah, tezliklə biz də dogma yurda dönəcəyik. Külü soyumuş ocaqlarımızı yenidən qalamaq, ata evimizin çırağını yandırmaq üçün qayıdacağıq…

Biz dönənə kimi o ellər sənə, sən də torpağa əmanətsən…

Torpağın yumşaq olsun…
 

Seymur Vaqifoğlu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
GƏRGİN DEBAT! Mehdiyev bu vəzifədən də qovuldu