Modern.az

Qarabağda At Festivalı - Türkiyədən maraqlı TƏKLİF

Qarabağda At Festivalı - Türkiyədən maraqlı TƏKLİF

Mədəniyyət

1 Dekabr 2025, 12:22

Türkiyənin Akal Teke Atçılıq Mərkəzinin rəhbəri Ergihan Dilari Qarabağla bağlı diqqətçəkən təşəbbüslə çıxış edib.

Modern.a xəbər verir ki, o, işğaldan azad olunmuş torpaqlarımızda genişmiqyaslı At Festivalı təşkil etmək niyyətində olduğunu bildirib.

Dilari hesab edir ki, Qarabağ atlarının dünyaya tanıdılması üçün ən doğru platforma məhz Qarabağ torpaqlarında keçiriləcək möhtəşəm tədbir ola bilər.

Onun sözlərinə görə, belə bir festival həm regionun mədəni potensialını ortaya çıxarar, həm də minilliklərə söykənən atçılıq ənənələrimizi beynəlxalq arenada tanıdar.

Ergihan Dilari festivalın yalnız Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə məhdudlaşmayacağını vurğulayıb. O bildirib ki, dünyanın aparıcı atçılıq məktəblərinin nümayəndələrini, məşhur cins yetişdiricilərini və atçılıq üzrə nüfuzlu mütəxəssisləri də tədbirə dəvət etməyi planlaşdırır. Dilari hesab edir ki, dünyanın hər yerindən gələn qonaqlar Qarabağın təbiətinə, tarixinə və mədəni dəyərlərinə yerində şahidlik edərək daha geniş təsəvvür əldə edəcəklər.

Festivalın keçirilməsi ilə həm də Qarabağ atlarının unikal xüsusiyyətləri, nəsil xəttinin bərpası və beynəlxalq reyestrlərdə daha geniş tanıdılması hədəflənir. Bu cinsin sürət, dözümlülük və estetik görünüş kimi üstünlükləri qədim dövrlərdən bəri müxtəlif mənbələrdə qeyd olunur. Ergihan Dilari bildirib ki, dünyada belə at cinslərinə maraq getdikcə artır və Qarabağ atları bu sahədə böyük potensiala malikdir.

Təşəbbüs, həmçinin Qarabağın turizm imkanlarına yeni nəfəs verə bilər. Geniş auditoriya üçün nəzərdə tutulan festival bölgəyə həm turist axınını gücləndirər, həm də yerli iqtisadiyyata töhfə verər. Dilari qeyd edir ki, belə bir tədbir təkcə idman və mədəniyyət xarakteri daşımayacaq, eyni zamanda, Qarabağın yenidən qurulma prosesinə diqqəti artıracaq.

Onun fikrincə, geniş beynəlxalq təqdimat tədbirin təsir gücünü daha da artıracaq. Dünyanın müxtəlif ölkələrindən gələn at həvəskarları, bloggerlər, media nümayəndələri Qarabağdan yayımlayacaqları reportajlarla Azərbaycanı yeni rakursdan tanıdacaqlar.

Ergihan Dilari əlavə edib ki, festivalın keçirilməsi üçün həm infrastruktur, həm də təşkilati dəstək baxımından Azərbaycan tərəfi ilə əməkdaşlığa hazırdır. O, bu təşəbbüsün qarşılıqlı əlaqələrə, mədəni diplomatiyaya töhfə verəcəyinə inanır.

Ergihan Dilərinin irəli sürdüyü At Festivalı ideyası Qarabağın tarixi ruhu ilə müasir inkişaf strategiyasını birləşdirən unikal təşəbbüsdür. Bu tədbir reallaşacağı halda, Qarabağ atlarının beynəlxalq arenada tanınmasına, bölgənin turizm və mədəni potensialının artırılmasına, həmçinin Azərbaycanın dünya ictimaiyyətində daha geniş təbliğinə ciddi töhfə verə bilər. Ekspertlər Türkiyəli mütəxəssisin təklifini həm diqqətəlayiqdir, həm də gələcəyə yönəlmiş strateji bir mədəni layihə kimi dəyərləndirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
GƏRGİN DEBAT! Mehdiyev bu vəzifədən də qovuldu