Modern.az

Alim dostumun ardınca 

Mədəniyyət

6 Yanvar 2026, 19:50

(EA-nın müxbir üzvü, professor Bağır Süleymanovu itirdik)

Tanınmış neftçi-alim, Elmlər Akademiyasının müxbir üzvü, professor Bağır Süleymanovu bu gün torpağa tapşırdılar. Məzunu olduğu, sonralar çalışdığı – o vaxtkı adı ilə Neft və Kimya İnstitutunda və SOCAR-da – onu tanıyan minlərlə insan bir-birinə dəydi bu gün. Heç kim bu qəfil və acı xəbərə inana bilmədi. Səhər tezdən dostum Əsgər Abbasov mənə qısa bir mesaj yazdı: “Çox pis xəbər var, Bağırı itirdik”…

O, məndən üç kurs yuxarıda, başqa fakültədə — Qaz-neft mədən fakültəsində oxuyurdu. Bizim “Tətbiqi riyaziyyat” kafedrası da Bağırgillə eyni binada — “Təzə bina” dediyimiz korpusda yerləşirdi. Amma onu tələbə vaxtı tanıma fürsətim olmadı.

Onu ilk dəfə ikimizin də elmi rəhbəri olan akademik Azad Mirzəcanzadənin “Köhnə bina”dakı kabinetində görmüşdüm. Hətta Azad müəllim bizim yeni tanış olduğumuzu görüb təəccüblənmişdi. İkimiz də fərqlənmə diplomu ilə məzun olmuş, təyinatla iki il çalışdıqdan sonra (Bağır Neft və Qaz Çıxarma İdarəsində hasilat üzrə operator, mühəndis, mən isə İnformasiya-Hesablama Mərkəzində mühəndis-riyaziyyatçı) aspiranturaya qəbul olunmuşduq.
Əsmər, bir qədər cüssəli, son dərəcə pozitiv, gülərüz, güləndə bütün bədəni tərpənən, utancaq bir gənc idi; üzündən abır yağırdı. Onu ilk gündən çox sevmişdim, oxuduğu kitablara, zəngin kitabxanasına, qədim Roma tarixinə sevgisinə, erudisiyasına və yüksək intellektinə heyran olmuşdum. Bağırın qardaşı – indi bir vaxtlar Azad müəllimin müdiri olduğu kafedranın professoru olan Arif Süleymanov da bizim dövrün eruditlərindən biri idi. Arif zarafatı, baməzə söhbətləri ilə seçilsə də, Bağır sanki daha “ağırtaxtalı” idi. Ortaq maraqlarımız çox olduğundan tez dostlaşmışdıq…

Topxana hadisələri ilə başlayan Meydan hərəkatı zamanı mən ya təkbaşına, ya da seminarlarını apardığım tələbələrlə Azadlıq meydanındakı mitinqlərə gedir, ertəsi gün isə aspirant otağında dostlarıma təəssüratlarımı paylaşırdım. Bir gün Bağır məni kənara çəkib növbəti mitinqə məni də apar dedi.

Meydanda bir milyona yaxın insan vardı. Sovet İttifaqının dağılmasına aylar qalırdı, imperiya sancılar içində can verirdi. Bağırla meydanın ortasından çətinliklə tribunaya tərəf yaxınlaşdıq. Çıxışçılardan biri Topxana meşəsinin talan edilməsindən danışarkən Bağır birdən var gücü ilə “Topxana, Topxana!” deyə qışqırmağa başladı. Yanımızdakılar əvvəlcə tərs-tərs bizə baxdılar ki, niyə dinləməyə mane oluruq. Ardınca isə gözlənilmədən Bağırın səsinə səs verdilər. Bir az sonra “Topxana, Topxana!” nərəsi dalğa-dalğa bütün meydana yayıldı. Bağır özünü itirmişdi, iri cüssəsi tir-tir titrəyirdi. O, bir anda hamının diqqət mərkəzinə çevrilmişdi; Vətən sevgisi, patriotizmi kulminasiya nöqtəsinə çatmışdı.

Birdən yanımda dayanan yaşlı bir kişi yaxınlaşıb soruşdu:

– Ay bala, sən ki belə ürəkdən yanırsan, yəqin Şuşada doğulmusan, eləmi?
– Xeyr, bakılıyam.

Yaşlı kişi əl çəkmədi:

– Onda yəqin yayda Şuşada çox dincəlmisən, hə?
– Yox, ömrümdə Qarabağda olmamışam, — utanaraq cavab verdi.

Hamımız susduq. Bir az düşünüb kişi davam etdi:

– Xoşbəxt adamsan ki, Qarabağda heç olmamısan.
– Niyə ki?
– Çünki oraları görsəydin, indi ürəyin partlayıb ölərdi…

Dostum quruyub qaldı. Kişi yaxınlaşıb onu qucaqladı. Bağırın gözlərindən yaş axırdı…
Axşam bu səhnəni atama danışdım. Telefon dəftərçəsindən Ələkbər müəllimin nömrəsini tapdı, amma bir az düşünüb dəstəyi yerinə qoydu. Bu hadisədən təsirlənən atam dedi: “Ələkbər müəllimi həyəcanlandırmayım, olmaz…”

Bağırın atası hamının “Alekper Bagiroviç” kimi tanıdığı əfsanəvi neftçi, texnika elmləri doktoru, professor, Dövlət mükafatları laureatı Ələkbər Bağır oğlu Süleymanov, anası isə Ədliyyə generalı Şəfiqə xanım Əliyeva idi. Belə bir ailədən də ancaq Bağır və Arif kimi oğullar çıxa bilərdi…

1988-ci ildən etibarən Azad müəllimi institutda sıxışdırmağa çalışır, onu hər vəchlə pərt edib uzaqlaşdırmaq istəyirdilər. Günlərin bir günü Azad müəllimin köməkçisi, sonralar Elmlər Akademiyasının müxbir üzvü Telman (Tulparxan) Salavatov müəllimimizin institutdakı vəzifəsindən istefa edəcəyini bildirdi. Azad müəllim yetirmələrindən on nəfərə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun “Neft və qazın qeyri-xətti mexanikası” şöbəsinə keçməyi təklif etdi. Hamımız bir nəfər kimi dərhal qərar verib müəllimimizin dalınca işdən çıxdıq.
Mən 1988–1992-ci illərdə Bağırla yenə bərabər çalışdım. Ta ki, həyatımın ən radikal qərarını verib əvvəlcə özəl sektora, sonra da jurnalistikaya keçənə qədər. Bağır nadir dostlarımdan idi  ki, bu qərarımı dəstəkləmədi; kübarlığından üstümə çox gəlmədi. İllər sonra onun nə qədər haqlı olduğunu anlayanda artıq gec idi…

Bağır Süleymanov elmi fəaliyyətinin əsas istiqamətini neft yataqlarının işlənməsində heterogen sistemlərin tətbiqinin elmi və təcrübi əsaslarının yaradılması, neft hasilatı üçün yeni texnika və texnologiyaların işlənib hazırlanması təşkil edirdi. SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunda direktor müavini, direktor əvəzi, direktorun elm işləri üzrə müavini vəzifələrində çalışmışdır.

Əziz dostumun 300-dən çox elmi əsəri, 100-dən çox ixtirası, iki monoqrafiyası və dörd dərsliyi var. Zənnimcə, onun elmi fəaliyyətini ən yaxşı göstərən üç xüsusu qeyd etmək vacibdir:

1.ABŞ-ın Stenford Universiteti tərəfindən dərc edilən World Ranking of Top Scientists siyahısına — dünyanın ən nüfuzlu alimləri reytinqinə daxil edilməsi;
2.Elmi əsərlərinə verilən istinadlara görə h-indeksi — 31, i10-indeksi — 72;
3.Əsərlərinə ən çox istinad edilməsinə görə AMEA-nın “İstinadda Rekord” diplomuna layiq görülməsi.

Ümumilikdə professor Bağır Süleymanov işlənmiş texnika və texnologiyaların tətbiqi nəticəsində əlavə olaraq 500 min tondan artıq neft və qazın (neft ekvivalentində) hasil olunmasına nail olmuşdur…

Bu gün Azərbaycan elmi belə bir görkəmli alimi, vətənpərvər insanı, əsl vətəndaşı itirdi.
Dostları isə belə parlaq və işıqlı dostdan məhrum olaraq bu dünyada öksüz və çarəsiz qaldılar…

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır