Modern.az

Sadıq Elcanlı 70 YAŞINDA

Sadıq Elcanlı 70 YAŞINDA

Mədəniyyət

12 Yanvar 2026, 12:44

Bu gün tanınmış yazıçı, publisist və televiziya xadimi Sadıq Elcanlının doğum günüdür.

Modern.az-ın məlumatına görə, Sadıq Elcanlı (İbrahimov Sadıq Qurbanqulu oğlu) 1956-cı il yanvarın 12-də Şabran (keçmiş Dəvəçi) rayonunun Surra kəndində anadan olub. O, 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib və uzun illərdir ki, Azərbaycan ədəbiyyatı, jurnalistikası və televiziya məkanında fəal yaradıcılıq fəaliyyəti ilə tanınır.

Sadıq Elcanlı 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Elə həmin il onun “Sirli səsin sorağı” adlı ilk kitabı işıq üzü görüb. Müxtəlif dövrlərdə “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində rəhbər və baş redaktor, daha sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC-də “Ədəbiyyat və publisistika”, eləcə də “Ədəbi-dram verilişləri” baş redaksiyalarının baş redaktoru olub.

Onun ssenari müəllifi olduğu onlarla sənədli və bədii televiziya filmi milli mədəniyyətimizin, ədəbiyyatımızın və dövlətçilik tariximizin təbliğində mühüm rol oynayıb. Ümummilli lider Heydər Əliyevə həsr olunan silsilə filmlər, eləcə də görkəmli elm və sənət adamları haqqında ekran əsərləri Sadıq Elcanlının yaradıcılığında xüsusi yer tutur.

Sadıq Elcanlı “Yaddaş yarası”, “Qanlı quzğun meydanı”, “Sükutun sonu”, “Zülmət” və digər nəsr-publisistika kitablarının müəllifidir. Əsərləri bir sıra xarici dillərə tərcümə olunub. Onun yaradıcılığı tanınmış alim və ədəbiyyatşünaslar tərəfindən yüksək qiymətləndirilib.

Yazıçı və publisist fəaliyyəti dövlət səviyyəsində də dəyərləndirilib. O, 1992-ci ildə "Əməkdar jurnalist", 2009-cu ildə isə Naxçıvan Muxtar Respublikasının "Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb.

Sadıq Elcanlı ailəlidir, iki övladı var.

Doğum günü münasibətilə tanınmış qələm sahibini təbrik edir, ona möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzulayırıq.

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır