Tanınmış loğman, 92 yaşlı yazıçı-jurnalist Ərşad Əzimzadə “İnci” şirkətində işə qəbul olunmasından danışıb.
Modern.az xəbər verir ki, Ərşad Əzimzadə bu yaşda əmək faliyyətinə qayıtmasını belə izah edib:
“Dünən "İnci" şirkətinin rəhbəri Mikayıl Yusifovun əmri ilə mən yenidən rəsmən əmək fıaliyyətinə başladım. Bu, nə deməkdir?
Nəzərə alsaq ki, mən artıq ömrümün 92-ci ilini xırdalayıram, özüm də bir vaxtlar 8 ağır xəstəliyin daşıyıcısı olmuşam, nəinki mənimlə birlikdə müalicə alan xəstələr, hətta, məni müalicə edən həkimlərin hamısı dünyasını çoxdan dəyişib, indi bu hadisəni möcüzə saymaq olar. Qeyd etməliyəm ki, Yer kürəsində elə bir şirkət yoxdur ki, 92 yaşlı qocanı işə dəvət etsin, o baxımdan dünən baş verən hadisəni sensasiya saymaq olar.
Amma, biz dünyaya "mən 40 yaşlı qoca da tanıyıram, 90 yaşlı gənc də" deyən nadir şəxsiyyət Pol Breqqin gözü ilə baxsaq, başa düşərik ki, dünən baş verən hadisə - bir sadə qanunauyqunluqdur.
İzah edim. “Sağlam həyat tərzi” adlı ecazkar "dərman" bütün xəstəlikləri müalicə edə, ömrü uzada bilir. Həyat yoldaşımın vəfatı ilə əlaqədar keçirdiyim ağır sarsıntılar səhhətimə pis təsir göstərsə də, zehnim, düşüncəm, təfəkkürüm sağlam qalıb. Mən bu yaşımda, hər gün "Durna bulağı" adlı 3 cildlik romanım üzərində işləyirəm, yeni şeirlər yazıram, "Şəfa” adlı sağlamlıq proqramına məsləhətlər verirəm, gələn mesajları oxuyuram, sualları cavablandırıram və s.
Lakin bu "xırda" işlər nə məni, nə də sağlamlıq və xoşbəxtlik yolunu tutmuş davamçılarımı qane edir. Mən də, onlar da xalqımıza, dövlətimizə, vətənimizə daha çox fayda vermək istəyirik”.
Ə.Əzimzadə təəssüflə deyib ki, indi yaşlı insanları işə götürən iş adamlarını, sahibkarları gündüz çıraqla axtarmaq lazım gəlir.
""İnci" şirkətinin rəhbəri bəlkə də dünyada yeganə sahibkardı ki, özü sağlam həyat tərzi yaşayır. Mikayıl bəyin rəhbərlik etdiyi kollektiv dahi Zərdabinin başladığı maaarifləndirmə işini davam etdirir - aşağı siniflərdə oxuyan şagirdləri elmə, biliyə ruhlandırır, onlara sağlam və xoşbəxt olmağı öyrədir. Mənən və cismən kamil vətəndaş yetişdirmək kimi çox faydalı iş görür.
Həmişə axtarışda olan, beyni daima faydalı fikirlərlə dolu olan Mikayıl Yusifovun növbəti tapıntılarından biri də Ərşad babanı işə dəvət etmək, əl-ələ tutub, kamil vətəndaş yetişdirmək işinə dəstək vermək ideyası oldu. Ürəyimcə olan təklifi böyük məmnuniyyətlə qəbul etdim. Tam əminəm ki, Sinergiya qanunu işə düşəcək və biz xalqımıza daha çox fayda verə biləciyik”.
Ərşad Əzimzadə 1934-cü ildə Zəngilan rayonunun Seyidlər kəndində anadan ol ub. Əvvəllər jurnalist kimi fəaliyyət göstərib. O, “Azərbaycan gəncləri”, “Molodyoj Azerbaydjana”, “Bakinskiy raboçiy” və “Azərbaycan” kimi aparıcı qəzetlədə müxbir işləyib.
30 yaşdan 60 yaşacan 8 ağır xəstəlikdən əzab çəkib, 30 il dərman-terapiya müalicəsi alıb. 1995-ci ildə yapon alimi Katsudzo Nişinin Sağlamlıq Sistemini öz həyatına tətbiq edərək sağalıb.
Son 30 ildə 20-dən çox elmi-publisistik və bədii əsər yazıb. Onun sağlam həyat tərzinə aid “Möcüzəsiz möcüzə” kitabı müxtəlif dillərdə çap olunub və məşhurlaşıb.
A.Qorxmaz