Baharın ən gözəl günlərinə təsadüf edən Pasxa bayramı qısa, lakin yaddaqalan səyahət üçün ideal fürsət yaradır. Bu dövrdə Türkiyə həm canlanan təbiəti, həm də zəngin dini və mədəni irsi ilə fərqli istiqamətlərdən biri kimi diqqət çəkir.
Əsrlər boyu müxtəlif sivilizasiyaların izlərini qoruyub saxlayan bu torpaqlarda formalaşmış xristian ziyarət marşrutları Pasxa günlərini tarixi və mənəvi atmosferdə keçirmək istəyənlər üçün xüsusi imkan yaradır. Erkən xristianlıq tarixində mühüm rol oynamış Bursa vilayətinin İznik şəhəri bu marşrutların əsas dayanacaqlarından biridir. Tarixdə iki mühüm ümumxristian kilsə məclisinin keçirildiyi şəhər xristian dünyası üçün böyük əhəmiyyət daşıyır və məhz burada Pasxa bayramının qeyd olunma tarixi müəyyənləşdirilib.
Modern.az-ın məlumatına görə, “Cittaslow” (yavaş şəhər) statusuna malik İznik UNESCO-nun Dünya İrsi üzrə Namizədlər Siyahısına daxil edilib. İstanbuldan cəmi bir günlük məsafədə yerləşən şəhər xüsusilə bahar aylarında çiçəklərlə bəzənən mənzərəsi ilə seçilir. Ziyarətçilər burada qədim şəhər divarları boyunca gəzə, Roma teatrını və Ayasofya məscidini ziyarət edə bilərlər. Şəhər həmçinin arxeoloji tapıntıları, İznik gölü ətrafındakı təbiət mənzərələri və əsrlər boyu davam edən çini sənəti ənənəsi ilə də tanınır.

Pasxa dövründə Türkiyənin bibliya irsi ilə tanış olmaq istəyənlər üçün marşrut ölkənin qərb bölgələrinə – Vəhy Kitabında adı çəkilən Yeddi Kilsənin yerləşdiyi ərazilərə doğru uzanır. Müasir İzmir, Manisa və Dənizli vilayətlərində yerləşən Efes, Smyrna, Perqamon, Tiyatira, Sardis, Filadelfiya və Laodikeya kilsələrinin qalıqları xristian tarixinin mühüm mərhələlərini əks etdirir. Egey sahilləri ilə yaşıl təbiət mənzərələri arasında yerləşən bu tarixi ərazilər xüsusilə bahar aylarında daha cəlbedici görünür.
UNESCO Dünya İrsi siyahısına daxil edilmiş Efes qədim şəhərini ziyarət edənlər yaxınlıqda yerləşən Müqəddəs Məryəmin Evi kimi tanınan ziyarətgahı da görə və burada keçirilən Pasxa mərasimlərində iştirak edə bilərlər.
Kapadokya isə həm təbiət möcüzələri, həm də erkən xristianlıq tarixinin maraqlı izləri ilə seçilir. Roma dövründə təqiblərdən qaçan xristian icmalarının bölgədəki yeraltı şəhərlərdə sığınacaq tapdığı bildirilir. Kaymaklı və Derinkuyu yeraltı şəhərləri, eləcə də Göreme Açıq Səma Muzeyində yerləşən Tokalı və Qaranlıq kilsələr bu dövrün diqqətəlayiq nümunələridir.

Kapadokya həm də qədim şərabçılıq ənənəsi və yerli mətbəxi ilə tanınır. Avanos qəsəbəsində təşkil olunan ustad dərslərində iştirak edərək bölgənin məşhur dulusçuluq sənəti ilə yaxından tanış olmaq mümkündür.
Pasxa günlərində mənəvi məzmunlu səyahət üçün digər istiqamətlərdən biri Türkiyənin cənubundakı Anadolu bölgəsidir. Xristianlığın mühüm həvarilərindən sayılan Müqəddəs Pavl həyatının böyük hissəsini bu torpaqlarda keçirib. Onun missioner səfərlərinin izlərini izləyən Müqəddəs Pavl yolu (St Paul Trail) qədim şəhərləri və möhtəşəm təbiət mənzərələrini birləşdirən məşhur marşrutdur.
Səyahət zamanı Antalya vilayətinin Demre şəhərində yerləşən və Santa Klaus kimi tanınan Müqəddəs Nikolaya həsr olunmuş tarixi kilsəni də ziyarət etmək mümkündür.