Azərbaycan dilində bəzi sözlərin yazılış qaydası – orfoqrafik qaydasının dəyişilməsi cəmiyyətdə müəyyən çaşqınlıq yaradan haldır. Mərhələli şəkildə aparılmış belə dəyişikliklər həmçinin dilçiliklə bağlı digər yeniliklərin rahatlıqla dilə tətbiq edilməsi mümkün olmasa da buna zərurət yaranır.
Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Baş Direktoru Nadir Məmmədli Modern.az-a açıqlamasında bildirib ki, belə dəyişiklilər dilin faktiki vəziyyətində uyğunsuzluqlarla bağlıdır:
“Razıyam, hər düzəliş cəmiyyətdə, işində yazı faktı olanlara narahatlıq yaradır. Xüsusilə, abituriyentlər bundan əziyyət çəkirlər. Lakin biz də, qeyd etdiyim kimi, dildə müəyyən ziddiyyət aşkar etdiyimiz üçün düzəlişlər edirik. Məsələn, 2004-cü ildə “şer” sözünü “şeir” ilə əvəz etdik. Lakin “fel”i dəyişməmişdik. Sonra onu da dəyişərək “feil” yazdıq. Yəni sözün tarixi əsaslı, düzgün yazılış forması ilə yazmaq lazımdır. Bu qayda eyni qəbildən olan sözlərin hamısına aid olduğu üçün hər iki sözü dəyişməli olduq. “Varı” şəkilçisi bütün sözlərə əlavə olunurdu. Lakin elə söz var ki, incə saitlə bitir. Məsələn, “yüngülvarı” axıcı və uyğun səslənmir. Qərara alındı ki, “varı” və “vari” formalarının ikisi də işlədilsin”.
Nadir Məmmədli qeyd edib ki, klassik ədəbiyyatımızda mövcud olmuş, indi işlədilməyən 900-ə yaxın sözün siyahısı hazırlanıb:
“Bu sözlərdən ibarət lüğət çap ediləcək. Lakin məqsəd müasir dilə tarixi sözləri tətbiq etmək deyil. Nəşr elmi fəaliyyətlə məşğul olanlar üçün nəzərdə tutulub”.