Modern.az

Aşiqlər ölməz 

Mədəniyyət

Bu gün, 00:46

İstanbul, Fatih camisi, 16 mart 2026
Cənazə mərasimi proqramına görə, İlber Ortaylının nəşi əvvəlcə çalışdığı Qalatasaray Universitetinə gətirildi. Anma mərasimindən sonra kortej tarixi Beşiktaşdan Fatih məscidinə tərəf yola çıxdı. Burada qılınan cənazə namazının ardından ünlü tarixçi Fatih məscidinin hazirəsində (məscidlərin həyətindəki tarixi qəbiristanlıq) torpağa tapşırıldı.

XV əsrdə Fatih Sultan Mehmed tərəfində inşa etdirilmiş məscidin həyətindəki qədim qəbiristanlıqda Osmanlı dövlətinin böyük alimləri, tarixçiləri və dövlət adamları dəfn olunublar. İstanbulu fəth etmiş Fatih Sultan Mehmed də buradakı türbəsində uyuyur. İlber hocanın müəllimi və elmi rəhbəri, görkəmli türk tarixçisi Halil İnalcık da bu hazirədə yatır. 

İlber Ortaylı ömrü boyu Osmanlı tarixini, imperiyanın idarəçilik sistemini və mədəniyyətini araşdıran bir tarixçi idi. Bu səbəbdən də onun məhz bu məkanda dəfn edilməsi bir alim ömrünün məntiqi yekunu kimi görünür: tarixini araşdırdığı dünyanın mərkəzində əbədi istirahətə çəkilmək. Bu, bir növ simvolik dövrədir – kitablarla Osmanlını anladan tarixçi, Osmanlı alimlərinin uyuduğu torpağa tapşırılır. Belə bir yerə dəfn edilmək Türkiyə tarixində çox nadir alimə nəsib olan bir ehtiramdır.

“Tanıdığım ən böyük iranist”
O, XX əsr Azərbaycan şərqşünaslıq məktəbinin ən böyük nümayəndələrindən biri sayılır. İran filologiyası, klassik fars ədəbiyyatı və mətnşünaslıq sahəsində böyük nüfuza malik alim, beynəlxalq akademik mühitdə tanınmış bir şərqşünas idi. Nüfuzlu Harvard Universiteti elmi araşdırmalarına görə professor Rüstəm Əliyevə (1929–1994) fəxri doktor adı vermişdi.

İlber Ortaylı (1947–2026) Osmanlı və Avrasiya tarixinin ən nüfuzlu tarixçilərindən biri kimi tarixi mətnlərə xüsusi həssaslıqla yanaşan elm adamı idi. Tanış olduğumuz gün Azərbaycandan olduğumu bilən kimi Rüstəm Əliyev haqqında danışmağa başladı, “tanıdığım ən böyük iranist” dedi; fars dilinə onun kimi hakim olan ikinci bir alim tanımadığını söylədi...

Tehran, 1980-ci illər
Tehranda keçirilən bir elmi konfransda maraqlı bir hadisə baş verir. Hadisəni mənə İlber Ortaylının özü danışmışdı...

Konfransın fasiləsində Rüstəm Əliyev və alimlər klassik fars poeziyası ətrafında fikir mübadiləsi aparırdılar. Azərbaycanlı alim danışdıqca ətrafına toplananlar onun dərin biliyinə, zəngin mütaliəsinə valeh olurlar. Axşam yeməyində Rüstəm müəllim qonaqlara Firdovsinin “Şahnamə” əsərindən beytləri sinədəftər söyləyir. “Bu, bir elm adamının hafizəsi deyildi, bir mədəniyyətin canlı yaddaşı olmaq idi”, – İlber Ortaylı xatırlayır. – Rüstəm bəy o axşamı unudulmaz bir “Şahnamə” gecəsinə çevirdi”...

Bu, Rüstəm Əliyevə təsadüfən verilmiş bir qiymət deyildi; çünki Osmanlı, İran və Qafqaz tarixini dərindən anlamaq üçün klassik fars dilini, ədəbiyyatını və mətnlərini yüksək səviyyədə bilmək vacibdir. Ortaylı da Azərbaycan aliminin şəksiz nüfuzunu xüsusi qeyd edirdi.

Belə bir münasibət əslində iki elmi məktəbin qarşılıqlı hörmətini ifadə edir: biri Bakı şərqşünaslıq məktəbi, digəri isə İstanbul tarixçilik məktəbi. İki görkəmli alimin münasibəti iki intellektualın qarşılıqlı ehtiramı idi. İlber hocanın professor Rüstəm Əliyev haqqında dediyi sözlər həm də önəmli bir xüsusu göstərir – böyük alimlər milli mənsubiyyətlərinə görə deyil, elmə verdikləri töhfələrlə bir-birini qiymətləndirirlər. Rüstəm Əliyev klassik Şərq mətnlərini dünyaya açan alim, İlber Ortaylı isə bu mətnlərin yaratdığı tarix səhnəsini izah edən tarixçi kimi bir-birinə hörmət edirdilər. Elmin aristokratiyası titullarla yox, bir-birini tanımaq və qiymətləndirmək bacarığı ilə seçilir. Türk dünyasının iki böyük elm xadimi belə aristokrat alimlərdən idilər...

İllər sonra İlber Ortaylının böyük alimimizə verdiyi bu qiyməti əziz dostum, görkəmli şərqşünas, akademik Rafael B. Huseynova danışdım. Rafael müəllimin onların hər ikisi ilə çox yaxşı dostluq münasibəti var idi. İlber Ortaylı Rüstəm Əliyev haqqında ona da böyük hörmət və heyranlıqla danışıbmış. Rafael müəllimə görə bu, bir elmi məktəbin digərinə göstərdiyi ehtiramdır...

Nuru Paşanın masasından gələcəyə baxış: 1918-ci ildən günümüzə
Bakının mərkəzində, Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin dəhlizlərindən keçib akademik Rafael Hüseynovun iş otağına qədəm qoyanda insanı ilk qarşılayan şey tarixin nəfəsidir. Çünki bu otaq sadəcə görkəmli bir şərqşünas alimin çalışma yeri deyil; bura Bakını zülmətdən işığa çıxaran Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın izlərini daşıyan, onun oyanıq qalan iradəsinin hiss edildiyi məkandır.

1918-ci ilin payızında bir cüt mavi göz bu otağın pəncərəsindən Xəzərə baxırdı. O zamanlar "Metropol" oteli olan bu bina, bir xalqın taleyinin həll edildiyi yerdi. Nuru Paşa o masanın üzərində xəritəni açanda bəlkə də heç kim bilmirdi ki, o anlarda sadəcə bir şəhər deyil, bütöv bir millətin mənliyi və gələcəyi xilas edilir. O divarlar Paşanın həm yorğunluğunu, həm də sarsılmaz qətiyyətini yaddaşına köçürüb...

İllər keçdi, zaman öz çarxını fırlatdı, otaq öz sahibini dəyişdi. Amma oranın ruhu heç vaxt itmədi. İndi o masanın arxasında Azərbaycanın söz xəzinəsini qoruyan Rafael Hüseynov əyləşir. Və günlərin birində o otağın qapısını başqa bir nəhəng – tarixin canlı ensiklopediyası İlber Ortaylı açır.

Ötən gecə Rafael müəllimin İlber hocanın vəfatı üzərinə yazdığı gözəl bir yazısını oxudum. Yazını İlber Ortaylının o tarixi məkanda çəkilən şəkilləri müşayiət edirdi. Çox duyğulandım; fotonun dondurduğu o an nə qədər də dərindir deyə düşündüm. İlber hocanın üzündəki ciddiyyət divarların pıçıltısını eşitməsindəndir. Fotoya baxanda sanki İlber hoca bir əsr əvvəlki xilaskarın kölgəsini hiss edir.

Üç zamanın görüşüdür bu foto:

–Bir tərəfdə Bakını xilas edən sərkərdənin xatirəsi,
–bir tərəfdə Azərbaycan mədəniyyətinin yaddaşını qoruyan alim,
–digər tərəfdə isə Osmanlı və Avrasiya tarixini dünyaya anlatmış bir tarixçi.

Tarix o zaman canlı olur ki, ona toxuna biləsən. İlber hocanın o xoşbəxtliyi sanki Nuru Paşanın silahla xilas etdiyi şəhərin bu gün söz və elm ilə yaşadığını görmək kimidir. Bir zamanlar topların gurultusu ilə titrəyən bu divarlar, indi Rafael müəllimin rəhbərliyi ilə aparılan elmi müzakirələrin və qardaşlıq bağlarının şahidinə çevrilib. Tarix silah səslərindən kitabların, mətnlərin səsinə keçib.
Nuru Paşadan İlber hocaya uzanan bu yol, əslində bir millətin öz kökünə, öz kimliyinə qayıdış yoludur. O otaq bir daha sübut edir ki, biz tariximizi sadəcə vərəqlərdən oxumuruq; biz hələ də o ruhun içində yaşayırıq. Və o pəncərədən azad Bakının günəşi süzülür – Paşanın xəyal etdiyi, Rafael müəllimin qoruduğu və İlber hocanın heyranlıqla izlədiyi o günəş...

Nuru Paşadan İlber hocaya uzanan bu xətt, əslində bir millətin öz yaddaşına və kökünə doğru uzanan görünməz bir yol kimidir. Türk Paşasının bir vaxtlar çalışdığı otaq bizə xatırladır ki, tarix yalnız kitabların saralmış səhifələrində yaşamır; o, hələ də nəfəs alır, divarlarda, xatirələrdə və insanların yaddaşında yaşayır. Və o pəncərədən azad Bakının günəşi içəri süzülür – bir zamanlar Nuru Paşanın xəyal etdiyi, Rafael müəllimin böyük ehtiramla qoruduğu və İlber hocanın heyranlıqla seyr etdiyi o günəş.

Aşiqlər ölməz
İlber Ortaylının ölüm xəbərini eşidəndə Yunus Əmrənin “Aşiqlər ölməz” şeiri düşdü yadıma. “Aşiqlər ölməz” misrası türk-islam düşüncəsində çox məşhur bir deyimdir. Yunus Əmrə də bu ifadəyə böyük məna yükləyib: “Aşiqlər ölməz” – Tanrı eşqi ilə yaşayanların ruhən ölümsüz olduğu deməkdir. Yəni sevgi və həqiqət yoluna düşən insan fiziki olaraq ölsə də, mənəvi olaraq yaşayır. Yunus Əmrənin əsas ideyası da budur: insanın həqiqi varlığı onun bədəni deyil, ilahi eşqlə dirilən ruhudur. Bu baxımdan həmin misra sadəcə poetik cümlə deyil, sufi dünyagörüşünün qısa düsturudur.

Aşiqlər ölmürlər. Tarixə, biliyə və mədəniyyətə aşiq olan insanlar kimi…
İlber Ortaylı da belə ailmlərdən idi .
Bədəni fani olsa da düşüncə və öyrətdiyi tarix yaşayırdı və yaşayacaq.

Aşıklar ölmez
Ya rab bu ne derttir derman bulunmaz
Benim garip gönlüm aşktan usanmaz
Aşık ki cana kaldı aşık olmaz
Cânın terketmeyen, ma'şukun bulmaz.

Aşk pazarıdır bu canlar satılır
Satarım canımı kimseler almaz
Aşık, bir kişidir, Bu dünya malın
Ahiret korkusun bir pula saymaz.

Bu dünya ol ahiretten içeri
Aşıkın yeri var kimseler bilmez
Yunus öldü diye sela verirler
Ölen beden imiş, aşıklar ölmez.

16 mart 2026

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyənin hədələnməsinə Bakıdan sərt cavab: Başınız üçün deyil!