Modern.az

Tarixə çəkilən qrafiti: Mədəniyyətimizi kimlər ləkələmək istəyir?

Tarixə çəkilən qrafiti: Mədəniyyətimizi kimlər ləkələmək istəyir?

Mədəniyyət

Bu gün, 19:00

Azərbaycanda 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması ölkənin mədəni strategiyasının prioritetlərini göstərən mühüm siyasi və ideoloji mesajdır. Tarixi köklərə, çoxqatlı mədəniyyətə və coğrafi müxtəlifliyə malik olan Azərbaycan üçün memarlıq milli kimliyin formalaşdığı əsas platformalardan biridir. Bu baxımdan dövlətin bu sahəyə xüsusi diqqət ayırması, əslində, qloballaşan dünyada milli yaddaşın qorunmasına yönəldiyi heç kimə sirr deyil.

Azərbaycanın memarlıq siması tarixən müxtəlif sivilizasiyaların təsiri altında formalaşıb. Şərq və Qərb memarlıq ənənələrinin sintezi, dini tolerantlıq və multikultural mühit bu sahədə özünü açıq şəkildə göstərir. Paytaxt Bakı isə bu müxtəlifliyin ən parlaq nümunəsidir. Burada renessans, barokko və neoklassik üslublarla yanaşı, müasir memarlıq nümunələri də paralel şəkildə inkişaf etdiyi nadir şəhərlərdəndir. Bu müxtəliflik Azərbaycanın mədəni zənginliyini və regionda unikal mövqeyini nümayiş etdirir.

Lakin müasir dövrdə qloballaşmanın gətirdiyi standartlaşma tendensiyası milli memarlıq kimlikləri üçün ciddi təhlükə yaradır. Şəhər mühitində sürətli modernləşmə, yeni tikililərin dominantlığı və vizual estetikada vahidlik tendensiyası tarixi irsin arxa plana keçməsinə səbəb olur. Bu proses fiziki dəyişikliklərlə məhdudlaşmır, həm də cəmiyyətin tarixi yaddaşına və mədəni dəyərlərə münasibətində aşınma yaradır.

Bu gün Nizami Kino Mərkəzinin divarlarına çəkilən qrafitilər sabah başqa bir tarixi abidənin taleyinə çevrilə bilər. Əgər bu cür hallara laqeyd yanaşılsa, nəticədə itirilən  binanın estetik görünüşündən çox, bütöv bir xalqın yaddaşı, kimliyi və tarixidir.

Mədəniyyət təsadüfi şəkildə formalaşmır və onu qorumaq da yalnız dövlətin deyil, hər bir vətəndaşın məsuliyyətidir. Tarixi abidələrə münasibət cəmiyyətin öz keçmişinə, dəyərlərinə və gələcəyinə olan münasibətinin göstəricisidir. Bu baxımdan, məsələni “şıltaqlıq” kimi kiçiltmək deyil, onu ciddi sosial problem kimi qəbul etmək və qarşısını almaq üçün həm hüquqi, həm də maarifləndirici addımlar atmaq zəruridir.

Unutmaq olmaz ki, mədəni irs bizə miras qalan deyil, bizdən gələcək nəsillərə ötürülən əmanətdir. Bu əmanəti qorumaq isə seçim yox, borcdur. Əks halda, bu gün divarlara çəkilən qrafiti sabah tariximizin üzərindən silinən izlərə çevriləcək.

Bu kontekstdə Nizami Kino Mərkəzinin binasına qrafiti rəsmlərin çəkilməsi vandalizm aktı və daha geniş mədəni problem kimi qiymətləndirilməlidir. 1934-cü ildə inşa edilən bu bina Bakının memarlıq tarixində xüsusi yer tutur və sovet dövrü neoklassik üslubunun ən xarakterik nümunələrindən biridir. Onun fasadında müşahidə olunan simmetriya, monumental sütunlar və dekorativ elementlər estetik zövq yaradır, tarixi zənginliyimzi göstərir. Belə bir memarlıq abidəsinə edilən müdaxilə, əslində, milli irsə və kollektiv yaddaşa yönəlmiş zərbə kimi qəbul edilməlidir.

Məsələnin daha bir vacib tərəfi isə bu cür halların səbəbləri ilə bağlıdır. Bu bir neçə gəncin məsuliyyətsiz davranışıdırmı? Xeyr, problemin kökü daha dərindir. Bu problemin mərkəzi vətən sevgisizliyi, tarixini anlamamaq problemidir

Bu yaxınlarda Nizami Kino Mərkəzində nümayiş olunan “Nargin: Sona qədər sirli” kimi filminin nümayişi olmuşdu. Film 1915-1917-ci illərdə Bakının Nargin adasında Çar Rusiyası tərəfindən saxlanılan türk əsirlərinin taleyindən və onların azad edilməsində fədakarlıq göstərən azərbaycanlı Sona xanım Hacıyevanın həyatından bəhs edir. Nizami Kino Mərkəzi indiyədək orada bu cür filmlər izləyən insanlar üçün həm də mədəni və tarixi yaddaşın daşıyıcısına çevrilib. Amma tariximizi qoruyan bina bu gün hücuma məruz qalır. 

Belə hallara münasibətdə “şıltaqlıq” və ya “gənclik davranışı” kimi yumşaq izahlar vermək problemin mahiyyətini kiçiltmək deməkdir. Mədəni irsə qarşı edilən hər bir müdaxilə hüquqi və ictimai baxımdan ciddi qiymətləndirilməlidir. Çünki bu irs bugünkü nəslə deyil, gələcək nəsillərə məxsus ümummilli sərvətdir.
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı