Türkiyənin Qara dəniz bölgəsində, Rize və Artvin arasında yerləşən Kaçkar Dağları ilboyu müxtəlif təbiət və macəra imkanları ilə seçilir. Bu zənginlik bölgənin beynəlxalq səviyyədə tanınmasına rəvac verir.
Modern.az xəbər verir ki, keçən il start götürən KAÇKAR BY UTMB ultramarafonundan sonra, aprelin 17-18-də Rizedə Beynəlxalq Kaçkar Turizm Sərgisi keçiriləcək.
Türkiyə Mədəniyyət və Turizm Nazirliyi və TGA-nın dəstəyi ilə təşkil olunan sərgi, bölgənin təbiətini və mədəni irsini qlobal səviyyədə tanıtmağı hədəfləyir. Tədbirdə sərgilərlə yanaşı panellər, konfranslar və seminarlar da keçiriləcək və minlərlə iştirakçı bir araya gələcək.
Kaçkar Dağları 50-dən çox alp gölü, sıx meşələr, dərin dərələr və zəngin ekosistemi ilə fərqlənir. 3937 metr hündürlüyündəki Kaçkar zirvəsi isə trekking və dağçılıq üçün əsas cazibə nöqtəsidir. Yayda yürüş və velosiped, qışda isə xizək, snoubord və heliski kimi fəaliyyətlər mümkündür.
Bölgə yalnız təbiəti ilə deyil, həm də mədəniyyəti ilə diqqət çəkir. Yerli yayla həyatı, ənənəvi sənətkarlıq, horon rəqsi və tulum musiqisi turistlərə unikal təcrübə təqdim edir. Ayder yaylasının termal bulaqları isə istirahət və sağlamlıq turizmi üçün ideal məkandır.
Bütün bunlarla yanaşı, üzvi bal, dağ otları, məşhur çay və təzə dəniz məhsulları Kaçkar səfərini daha da yadda qalan edir.
Bu müxtəliflik sayəsində Kaçkar Dağları dünya turizm xəritəsində mövqeyini getdikcə gücləndirir. 2026-cı il KAÇKAR BY UTMB yarışı da 11–13 sentyabr tarixlərində burada keçiriləcək.