Akademik Opera və Balet Teatrının direktoru, Xalq artisti Yusif Eyvazovun Mədəniyyət Nazirliyinə çağırılmasının səbəbi aydınlaşıb.
Modern.az-ın sorğusuna cavab olaraq Nazirlikdən bildirilib ki, görüş planlı və işçi qaydada keçirilib.
Qurumdan qeyd olunub ki, mədəniyyət müəssisələrinin rəhbərləri ilə mütəmadi əlaqə saxlanılır və bu cür görüşlər adi iş prosesinin tərkib hissəsidir.
Xatırladaq ki, son günlər Akademik Opera və Balet Teatrında sənətçilərlə rəhbərlik arasında gərginlik müşahidə olunur. Xalq artisti Əvəz Abdulla sosial şəbəkədə paylaşım edərək, martın 12-dəki son çıxışından sonra direktor Yusif Eyvazov tərəfindən onunla əmək müqaviləsinin uzadılmadığını bildirib və buna heç bir əsas göstərilmədiyini vurğulayıb. Bundan sonra teatrın digər keçmiş əməkdaşları da oxşar narazılıqlarla çıxış ediblər.