Bir sıra televiziya kanalları yeni layihələrlə tamaşaçılarını sevindirəcək.
Modern.az AzTV və ARB TV ilə əlaqə saxlayaraq, yeni mövsümdə hansı yeniliklərin olacağı barədə məlumat əldə edib.
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti bu mövsümdə ilk dəfə olaraq yeni layihələr sırasına "Tarixin oyunu", "Xəmsə" intellektual oyunlarını əlavə edib.
Həmçinin AzTV-də 5 seriyalı "Fatehlərin divanı" sənədli filmi, eləcə də yerli istehsal olan gündəlik və həftəlik serialların yayımı da planlaşdırılıb.
Mədəniyyət TV bir sıra yenilənmiş layihələr, yeni simalar, həmçinin mövsümə özəl yeni verilişlərlə izləyicilərinin qarşısında olacaq.
İdman TV-də isə idmansevərlər futbol üzrə İngiltərə Premyer Liqası, İspaniya La Liqası və Asiya Çempionlar Liqasını izləyə biləcəklər.
ARB TV-nin yeni layihəsi isə "Günə uğurla", "Həmin Zaur", "Günə bax" verilişləridir.
“Digər verilişlərimiz də tezliklə efirə gedəcək. Yeni layihələr reallaşdırıldığı təqdirdə məlumat verəcəyik”,- ARB-dən bildirilib.