Azərbaycan mətbuatında öz dəsti-xətti ilə seçilən "Şərq" qəzetinin fəaliyyətə başlamasından 29 il ötür.
“Şərq” qəzeti cəmiyyətdə baş verən ictimai-siyasi proseslərin oxucuya çatdırılmasında mühüm rol oynayan, bu istiqamətdə öz tarixi missiyasını layiqincə yerinə yetirən mətbuat orqanlarından biridir. Yarandığı gündən dövlət maraqlarını hər şeydən üstün tutan “Şərq” qəzeti milli mətbuatımızın “Əkinçi”dən qaynaqlanan zəngin ənənələrini qoruyub yaşatmaqla yanaşı, həmçinin onları müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirib. “Şərq” qəzeti bu gün də öz prinsiplərinə sadiq qalır.
Modern.az saytı qəzetin təsisçisi və baş redaktoru Akif Aşırlı ilə həmsöhbət olub.
“Bu gün düz 29 il əvvəl, elə bu tarixdə biz "Azərbaycan" Nəşriyyatının 2-ci mərtəbəsində “Şərq” qəzetinin ilk sayını çapa hazırlayırdıq. O dövr bizim üçün çox çətin idi. Cəmi bir otağımız, iki stul, bir stol və bir ədəd də yazı makinamız vardı. Ətrafda demək olar ki, başqa heç bir şərait yox idi. Lakin bütün bu çətinliklərə baxmayaraq, böyük əzmlə materialları hazırlayır, qəzetin hər detalını diqqətlə işləyirdik. Məqsədimiz “Şərq”i o dövrün digər qəzetlərindən fərqləndirmək idi.
Təbii ki, müəyyən təcrübəmiz var idi, materialların hazırlanması, mövzuların seçilməsi, ölkə gündəminin izlənməsi və s. məsələlərdə gənc, amma bilikli kollektivimiz öz üzərinə düşən işi layiqincə görürdü”.
Müsahibimiz bildirib ki, qəzetin ərsəyə gəlməsi asan baş verməyib:
“Həmin illərdə senzura hələ də fəaliyyət göstərirdi və bu, işimizi xeyli çətinləşdirirdi. Çox zaman çapa hazır materialların üzərində dəyişiklik tələb olunurdu. Amma kollektivin əzmi, peşəkarlığı və fədakarlığı nəticəsində “Şərq”in ilk sayı işıq üzü gördü və oxucular tərəfindən maraqla qarşılandı. Fərqli dizaynı, orijinal başlıqları və aktual mövzuları ilə qəzet qısa müddətdə diqqət qazandı”.
A.Aşırlı eyni zamanda söyləyib ki, o vaxtkı “Şərq”in kollektivi gənc kadrlardan ibarət olub:
“Bu gün o gənclərin çoxu artıq 50 yaşını haqlayıb, bir çoxu Azərbaycan mətbuatında, jurnalistikada və müxtəlif dövlət strukturlarında fəaliyyət göstərir.
29 il öncəyə nəzər salmaq insanda həm qürur, həm də nostalji hisslər oyadır. Həmin dövrü xatırlayanda çətinliklər yada düşür, amma eyni zamanda, gələcəyə nəzər yetirdikdə, internet medianın sürətlə önə çıxdığı, çap mətbuatının isə tədricən sıxışdırıldığı bir zamanda “Şərq” qəzetinin 30 illik müstəqillik tarixini qoruyub yaşatması həqiqətən də böyük nailiyyətdir”,- deyə o əlavə edib.
Bş redaktor həmçinin, bu illər ərzində “Şərq”lə birgə yol gedən, qəzetin bu günə qədər fəaliyyət göstərməsində payı olan bütün əməkdaşlara öz təşəkkürünü bildirib:
“Onların birgə zəhməti, ruhdan düşməməsi və mətbuata sədaqəti sayəsində bu qəzet oxucusuna xidmətə davam edir. Bu gün onların günüdür! Harada fəaliyyət göstərmələrindən asılı olmayaraq, bütün “Şərq"çiləri ürəkdən təbrik edirəm!”