Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid sosial şəbəkələrin etibarlı istinad mənbəyi olmadığını bildirib.
Modern.az xəbər verir ki, R.Məcid bununla bağlı jurnalistlərə çağırış edib.
"Sosial şəbəkə etibarlı istinad mənbəyi deyil. Sosial şəbəkə istifadəçiləri məsuliyyətli olmaya bilərlər. Onların hətta qərəzli və şəxsi maraqlar çərçivəsində davranmaları da mümkündür. Ona görə media subyektlərinin sosial şəbəkələrdə yayılmış bilgiləri ağına-bozuna baxmadan, araşdırmadan tirajlamaları peşə prinsiplərinə ziddir, jurnalistikanın etibarına xələl gətirir. Media informasiya yayıcılığında sosial şəbəkələrdən üstünlüyünü yalnız peşəkarlığı ilə göstərməlidir. Peşəkarlıq isə həm də həssaslıq tələb edir. Hadisə və proseslərə həssas yanaşma tərzi medianın cəmiyyətdəki nüfuzunu qoruyan əsas məqamlardandır. Arzu edərdim ki, həmkarlarım bunu nəzərə alsınlar", - deyə R.Məcid qeyd edib.