Modern.az

Ramazan redaksiyalarda: oruc tutan jurnalistlər kimlərdir...

Ramazan redaksiyalarda: oruc tutan jurnalistlər kimlərdir...

Media

21 Fevral 2026, 15:31

Azərbaycanda 19 fevral tarixindən etibarən müqəddəs Ramazan ayı başlayıb. Artıq üç gündür ki, inanclı insanlar niyyət edərək oruc tutur, sübh azanından gün batana qədər bu ibadəti həyata keçirirlər.

Bugünlərdə cəmiyyətdə müxtəlif peşə sahibləri öz gündəlik fəaliyyətlərini davam etdirməklə yanaşı, oruc ibadətini də yerinə yetirirlər. Onlar sırasında heç şübhəsiz ki, ictimai-siyasi hadisələri işıqlandıran, operativ informasiya təqdim edən media nümayəndələri də yer alır. Jurnalistlər də öz növbəsində sıx iş qrafikinə baxmayaraq, peşə borclarını icra etməklə yanaşı, Ramazanın mənəvi dəyərlərini yaşatmağa çalışırlar.

Modern.az saytı müqəddəs Ramazan ayı günlərində redaksiyalar arasında sorğu keçirərək, əməkdaşların oruc tutub-tutmadığını öyrənib.


"Teleqraf" İnformasiya Agentliyindən bildirilib ki, onların redaksiyası oruc tutanların sayı ilə həmişə fərqlənib.

“Amma orucluların sayı hər il onların səhhətinə və başqa səbəblərə görə dəyişir. Ayrı-ayrı illərdə hətta redaksiya iftar məclisi də təşkil edib. Hazırda 7 əməkdaşımız oruc tutur”.


“Yeni Müsavat” qəzetinin parlament müxbiri Elşad Paşasoy da redaksiyada oruc tutanların olduğunu deyib.

“Hər zaman azı bir neçə nəfər oruc tutub. Allah hər kəsin oruc-namazını qəbul, dualarını hasil eləsin, dövlətimiz daim qüdrətli, Vətənimiz abad, vətəndaşlarımız və soydaşlarımız alnıaçıq, sülh və təhlükəsizlik şəraitində yaşasın, bəxtiyat olsunlar. Oruc tutmaq fərdi niyyət, qərar olduğu kimi, onunla bağlı ictimailəşmə də fərdin  özünə məxsusdur. Ona görə də oruc tutan həmkarlarımın adlarını açıqlamağı doğru saymıram. Bu, Yaradanla bəndənin arasındakı iltifatdır, xoş niyyətdir”, - deyə o söyləyib.


Oxu.az saytının redaktoru Rövşən Əsədov qeyd edib ki, redaksiyada oruc tutan kifayət qədər əməkdaş var.

“Onlar bu müqəddəs ayın mənəvi dəyərlərinə böyük həssaslıqla yanaşır, ibadətlərini yerinə yetirir və Ramazanın ruhuna uyğun davranmağa çalışırlar. Biz də kollektiv olaraq onların seçimlərinə hörmətlə yanaşır və anlayış göstəririk.

Ramazan ayı yalnız aclıq və susuzluqdan ibarət deyil. Bu ay insanın öz nəfsinə nəzarət etməsi, səbirli olması, ehtiyacı olanları düşünməsi və mənəvi cəhətdən saflaşması üçün bir fürsətdir. Oruc tutmaq insana iradə gücü qazandırır, intizam formalaşdırır və həmrəylik hissini artırır. Eyni zamanda, tibbi baxımdan da müəyyən çərçivədə və düzgün qaydada tutulduqda oruc orqanizmin dincəlməsinə, maddələr mübadiləsinin tənzimlənməsinə müsbət təsir göstərə bilər.

Allahdan redaksiyamızdakı əməkdaşların, eləcə də bütün müsəlmanların oruclarının və dualarının qəbul olunmasını diləyirəm. Ramazan ayının hər kəsə ruzi-bərəkət, sağlamlıq və mənəvi rahatlıq gətirməsini arzulayıram”.


Bizim.Media saytının redaktoru Alçina Amilqızı söyləyib ki, onların redaksiyalarında özüylə birgə ümumilikdə 4 nəfər əməkdaş oruc tutur.

“Redaksiyamızda özüm də daxil olmaqla Ramazan ayı ilə əlaqədar oruc tutan əməkdaşlar var. Ümumilikdə 4 nəfər əməkdaşımız oruc tutur. Əməkdaşların şəxsi məlumatlarının qorunması məqsədilə adlarının açıqlanmasını uyğun hesab etmirəm.

Hər kəsin fərqli səbəbləri ola bilər, bəziləri səhhətinə, bəziləri səfərə və ya digər səbəblərə görə oruc tutmaya bilər. Əsas odur bütün qəlblər sadəcə yaxşılığa və xeyir niyyətə bürünsün.

Allah oruc tutanların oruclarını qəbul etsin, dualarını və ibadətlərini bərəkətli etsin!”.


Yenisabah.az-ın müxbiri Əsmətxanım Rzazadənin sözlərinə görə, hazırda iki əməkdaş - redaktor Əziz Rzazadə və direktor Elnur Məmmədli Ramazan orucu tutur:

“Digər əməkdaşlarımız isə müxtəlif səbəblərdən, əsasən sağlamlıq problemlərinə görə oruc tuta bilmirlər. Redaksiyada oruc tutan həmkarlarımıza xüsusi hörmət göstərilir. Ramazan ayı ilə əlaqədar olaraq, əməkdaşlarımız arasında həm həmrəylik, həm də bir-birinə dəstək ruhu güclüdür”.


AzEdu.az Təhsil Portalının direktoru Ləman Novruzova bildirib ki, redaksiyada Ramazan ayı hər zaman hörmət və anlayışla qarşılanır. Onun sözlərinə görə, hətta Ramazandan bir gün öncə, Şaban ayının son günündə də oruc tutan əməkdaşlar olub.

“Üç nəfər - mən, müxbirlərimiz Məltəm Anar və Zeynəb Tehranlı Ramazan ayı boyunca oruc tuturuq.

Bizim redaksiyda oruc tutmasından asılı olmayaraq bütün əməkdaşlarımız bu müddətdə bir-birinə daha diqqətli yanaşır, iş mühitində daha anlayışlı olurlar. Bu ayın ruhunu göstərən kiçik, amma dəyərli nümunələrdən də sizə danışa bilərəm. Səhhətinə görə oruc tuta bilməyən əməkdaşlarımızdan Esmira uzaq yol gedənlər üçün iftar vaxtı orucunu açsın deyə xurma alaraq paylaşır. Qısaca desəm, redaksiyamızda Ramazan qarşılıqlı hörmət, anlayış və xoş münasibətlə yaşanır. Bu da həm iş mühitinə, həm də ümumi ab-havaya müsbət təsir göstərir. Allah tutulan orucları, edilən duaları qəbul etsin”.


Globalinfo.az saytının parlament müxbiri Safura Bənnayeva deyib ki, hazırda redaksiyada iki əməkdaş oruc tutur. Onlar saytın siyasət yazarı Turan Rzayev və sosial sahə üzrə müxbir Zaira Akifqızıdır.


"Azərbaycan müəllimi" qəzetindən bildirilib ki, redaksiyada ümumilikdə 6 əməkdaş - Oruc Mustafayev, Elman Əbdülov, Mərziyyə Kazımzadə, Firuzə Əliyeva, Aytən Yusifova, Gülqasım Qasımzadə oruc tuturlar.


Bakıvaxtı.az saytının müxbiri Zeynəb Rzayeva da redaksiyada Ramazan ayını qarşılayan və oruc tutan əməkdaşların olduğunu söyləyib.

"Hazırda redaksiyamızda baş redaktor Qalib İbrahimoğlu və təsisçi İqbal Alısoy oruc tutan əməkdaşlarımız sırasındadır. Digər əməkdaşlarımız isə əsasən sağlamlıqla bağlı səbəblərdən oruc tuta bilmirlər.

Ramazan ayının bütün həmkarlarımız və oxucularımız üçün xeyirli və bərəkətli olmasını arzulayır, oruc tutan hər kəsə nəfsinə sahib olmağı, səbir və möhkəmlik diləyirik”.


Sfera.az saytının müxbiri Fidan Hacızadənin verdiyi məlumata görə, redaksiyada sadəcə bir nəfər əməkdaş – saytın sosial media meneceri oruc tutur.


Redaktor.az saytından bildirilib ki, redaksiya işçiləri arasında yaşca ən kiçiyi olan Xədicə Baxışlı və onunla yanaşı isə saytın təsisçisi Seymur Şeydayev də oruc tutur.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?