Bu gün Azərbaycan media məkanında yeri olan Mətbuat Şurasının yaranmasından 23 il ötür. Qurum 2003-cü ildə yaradılıb və ötən müddətdə ölkənin informasiya mühitində özünütənzimləmə mexanizminin əsas institutlarından birinə çevrilib. Mətbuat Şurasının fəaliyyət yolu təkcə jurnalist camiəsinin daxili təşkilatlanma prosesi ilə məhdudlaşmır. Media-cəmiyyət-dövlət münasibətlərində balans axtarışının mühüm mərhələsi kimi dəyərləndirilir.
Mətbuat Şurası 15 mart 2003-cü ildə Azərbaycan jurnalistlərinin I qurultayında təsis olunub. Müstəqillik illərində formalaşan yeni media mühitind söz azadlığı və peşə məsuliyyətinin qorunmasına ehtiyac vardı. Bu baxımdan Mətbuat Şurasının yaranması Azərbaycan jurnalistikasında institusional yanaşmanın güclənməsi kimi xarakterizə oluna bilər.
Qurum yarandığı ilk gündən media mühitində peşə etikası prinsiplərinin təşviqi, jurnalist davranış qaydalarının tətbiqi və mediaya dair ictimai narazılıqların araşdırılması istiqamətində fəaliyyət göstərib. Mətbuat Şurası müxtəlif dövrlərdə media subyektləri ilə vətəndaşlar, dövlət qurumları və ictimai institutlar arasında yaranan mübahisələrdə dialoq platforması rolunu oynayıb. Bu xüsusiyyət onu sırf peşə təşkilatından daha geniş ictimai funksiyaya malik quruma çevirib.

Jurnalistika üçün Mətbuat Şurasının rolu xüsusilə mühüm olub. Şura peşə etikasının qorunması, media məsuliyyətinin artırılması, xəbər istehsalında dəqiqlik, balans və obyektivlik prinsiplərinin təbliği baxımından vacib təsir göstərib. Azərbaycan mediasında peşə standartlarının müzakirəsi və jurnalist davranış normalarının gündəmdə saxlanılması baxımından bu qurumun fəaliyyəti daim diqqətdə olub. Belə institutların varlığı jurnalistikanın yalnız informasiya yayan sahə deyil, həm də ictimai məsuliyyət daşıyan peşə olduğunu xatırladır.
Mətbuat Şurasının cəmiyyət üçün də əhəmiyyəti var. Bu qurum vətəndaşlara media ilə bağlı narazılıqlarını hüquqi müstəviyə keçmədən, daha çevik və peşəkar formada çatdırmaq imkanı verib.
Beləliklə, cəmiyyətlə media arasında münasibətlərdə etimadın qorunmasına dəstək oloub. Çünki informasiya məkanında əsas məsələ xəbər almaqla bitmir, eyni zamanda etibarlı, dürüst və məsuliyyətli informasiya əldə etməkdir. Mətbuat Şurası da məhz bu etimad mühitinin formalaşmasına xidmət edən platformalardan biri olub.
Dövlət üçün isə Mətbuat Şurasının rolu media münasibətlərində sabitlik və dialoq baxımından önəm daşıyıb. Medianın sərbəst fəaliyyəti ilə ictimai məsuliyyət arasında tarazlığın qorunması hər bir dövlət üçün həssas məsələdir. Bu baxımdan Mətbuat Şurası media sektorunda gərginliklərin yumşaldılması, mübahisələrin daha sivil çərçivədə müzakirəsi və qarşılıqlı anlaşmanın gücləndirilməsi istiqamətində işlər yerinə yetirib.
23 ildə media mühiti də ciddi dəyişikliklərə məruz qalıb. Ənənəvi qəzetçilikdən rəqəmsal mediaya keçid, sosial şəbəkələrin təsirinin artması, informasiya sürətinin yüksəlməsi və dezinformasiyanın yeni çağırışa çevrilməsi Mətbuat Şurasının qarşısında da yeni vəzifələr formalaşdırıb. Bu gün media yalnız redaksiya otaqları ilə məhdudlaşmır. Rəqəmsal platformalar, sosial media hesabları, anonim informasiya mənbələri və sürətlə yayılan manipulyativ məzmun yeni reallıq yaradır. Bu baxımdan Mətbuat Şurasının fəaliyyəti də zamana uyğun şəkildə yenilənməli, yeni media mühitinin tələblərinə cavab verməlidir.

Bütün bunların fonunda Mətbuat Şurasının 23 ili Azərbaycan mediasının inkişaf tarixində önəmli mərhələ kimi dəyərləndirilə bilər. Qurum bu müddətdə jurnalistika üçün peşə məsuliyyəti mühiti yaratmağa, cəmiyyət üçün media ilə bağlı şikayət və narazılıqların ifadə platformasına çevrilməyə, dövlət üçün isə media münasibətlərində tarazlaşdırıcı rol oynamağa çalışıb. Bu fəaliyyət bir daha göstərir ki, söz azadlığı ilə məsuliyyət bir-birini iyaxın anlayışlardır. Sağlam media məkanı məhz bu iki prinsipin paralel şəkildə qorunması ilə formalaşır.
23 yaşını tamamlayan Mətbuat Şurası bu gün də Azərbaycan informasiya məkanında hələlik mühüm institut kimi qalır. Qarşıdakı dövrdə onun üzərinə düşən vəzifələr daha da artacaq. Çünki müasir medianın çağırışları əvvəlki illərlə müqayisədə daha mürəkkəbdir. Bu səbəbdən Mətbuat Şurasının fəaliyyəti həm peşəkar jurnalistika, həm ictimai etimad, həm də informasiya təhlükəsizliyi baxımından aktuallığını saxlayır.
Qurumun fəaliyyətində yeniliklər və uğurlar arzulayırıq.
Sevinc MƏHƏRRƏMOVA