Modern.az

Efirdə bayağılığa son: verilişlər niyə bir-bir bağlanır?

Efirdə bayağılığa son: verilişlər niyə bir-bir bağlanır?

Media

Bu gün, 10:15

Azərbaycan teleməkanı son dövrlər bir sıra bayağı verilişlərin bağlanması ilə diqqət çəkir. Bu verilişlər uzun müddət ətrafına geniş auditoriya cəmləsə da, tez-tez məzmun və səviyyə baxımından tənqidə tuş gəlirdi. Həmin verilişlərdən bir neçəsi də ATV-də yayımlanan “Bizimləsən” və “Rəngarəng”, ARB telekanalından "Səni axtarıram" verilişləri olub.

Maraqlıdır, bu qərarların arxasında hansı əsaslı səbəblər dayanır?

Məsələ ilə bağlı Modern.az-a açıqlamasında danışan professor, telejurnalist Qulu Məhərrəmli bildirib ki, hər hansı televiziya verilişinin bağlanması hadisə sayılmamalıdır. Onun sözlərinə görə, əsl yaradıcılıq hadisəsi yeni layihənin ortaya çıxması, tamaşaçıların diqqətini cəlb edə bilməsidir.

“Bu prosesə kimisi islahat, kimisi qadağa kimi yanaşsa da, mahiyyət etibarilə bu, televiziya mühitində yaradıcılıq prosesidir. Hər bir layihənin öz ömrü var. Bəziləri zamanla auditoriyasını itirir və ya əvvəlki marağı cəlb etmir. Bu halda telekanallar öz siyasətlərinə uyğun olaraq yeni layihələr təqdim etməlidir.

Adları çəkilən verilişlərin daimi izləyicisi olmasam da, işimlə bağlı bəzən onları izləyirəm. Bu zaman həm müsbət tərəfləri, həm də tamaşaçını narahat edən məqamları görmək olur. Xüsusilə aparıcıların sərt, bəzən isə etik çərçivəni aşan davranışları diqqət çəkir”.

Q.Məhərrəmli hesab edir ki, efirdə bayağı məzmun olmamalıdır.

“Şou proqramı sərhədsiz azadlıq demək deyil. Aparıcının davranışı, nitqi, qonaqlarla münasibəti müəyyən peşə etikası çərçivəsində olmalıdır. Qonağa qarşı kobud münasibət, düzgün seçilməyən ifadələr, yanlış intonasiya tamaşaçıda mənfi təəssürat yaradır. Aparıcı verilişin ümumi atmosferini formalaşdıran əsas fiqurdur, lakin bu, ona həddindən artıq sərbəstlik vermir”.

Telejurnalist onu da əlavə edib ki, televiziya məkanında daha peşəkar, intellektual səviyyəsi yüksək, etik davranış qaydalarına əməl edən aparıcılara ehtiyac var:

“Tamaşaçıya yalnız informasiya deyil, həm də estetik zövq təqdim edən, müzakirəni düzgün yönləndirə bilən aparıcılar televiziya mühitinin keyfiyyətini müəyyənləşdirir. Telekanallar da məhz bu istiqamətdə çalışmalı, tamaşaçı məmnuniyyətini əsas prioritet kimi götürməlidirlər”, - deyə o bildirib.

Azərbaycan Mətbuat Şurasının İdarə heyətinin üzvü, media eksperti Azər Həsrət isə xatırladıb ki, ümumi mənzərəyə baxdıqda, cəmiyyət daxilində formalaşan ictimai rəy aydın görünür.

“Bu tip bayağı verilişlərə qarşı ciddi narazılıq və açıq təpki var. İnsanlar hesab edir ki, bu verilişlər tamaşaçı zövqünü aşağı salır və ümumi efir mühitinə mənfi təsir göstərir. Hətta bəzi verilişlərin bağlanmasının əsas səbəbi də məhz bu amillə əlaqələndirilir.

Əslində, biz istəyərdik ki, XXI əsrdə tamaşaçı zövqü daha yüksək səviyyədə formalaşsın, yetişən nəsil daha keyfiyyətli və maarifləndirici verilişlərə baxsın. Belə bir şəraitdə isə aşağı səviyyəli, milli-mənəvi dəyərlərlə uzlaşmayan proqramların efirdə yer alması doğru deyil”.

Media eksperti diqqətə çatdırıb ki, artıq dövlət qurumları da bu məsələnin fərqindədir:

“Bu istiqamətdə müəyyən addımlar atılıb, tövsiyələr və tapşırıqlar verilib və proses artıq başlayıb. Mən isə bu cür bayağı verilişlərin daimi tamaşaçısı deyiləm. Amma media sahəsində fəaliyyət göstərdiyimiz üçün bu mövzu daim diqqətimizdədir. Sosial mediada yayılan verilişlərdən qısa parçalar, ictimai müzakirələr və ümumi reaksiyalar göstərir ki, söhbət həqiqətən də aşağı keyfiyyətli məzmundan gedir və bu, xüsusilə gənc nəslə mənfi təsir göstərə bilər”.

Hansı verilişlərin bağlanacağı ilə bağlı indidən konkret fikir söyləmək çətindir. Amma hesab edirəm ki, bu sahədə monitorinqlər davamlı aparılmalıdır. Xüsusilə, Audiovizual Şura daha prinsipial və qəti mövqe sərgiləməlidir. Bundan əlavə, televiziya rəhbərləri də məsuliyyətlərini daha dərindən dərk etməli, efir siyasətinə yenidən baxmalıdırlar”.

A.Həsrət həmçinin vurğulayıb ki, tamaşaçı zövqünü korlayan hər hansı veriliş efirdə qalmamalıdır:

“Təəssüf ki, bəzən ailədaxili problemlər, şəxsi mübahisələr, gəlin-qaynana mövzuları və digər məişət səviyyəli müzakirələr efirə daşınır. Bu cür məzmunlar təkcə televiziyada deyil, sosial mediada da geniş yayılır və istər-istəməz insanların qarşısına çıxır. Elə buna görə də, hesab edirəm ki, belə verilişlərlə bağlı daha ciddi və sistemli tədbirlər görülməlidir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı