Səhlab Məmmədov: "FİFA Sülh mükafatına görə, bir qəpik də almamışam"
Xalq rəssamı: Yalnız pul barədə fikirləşdinsə, yaradıcılığın öz emalatxanandan kənara çıxa bilməyəcək
Modern.az saytı Xalq rəssamı Səhlab Məmmədovla müsahibəni təqdim edir:
- Səlhab müəllim, yəqin ki, FIFA sülh mükafatının müəllifi olduğunuzu bildikdən sonra sizə davamlı zənglər gəldi. Sənət dostlarınızdan, ictimai-siyasi xadimlərdən, nazirlərdən kimlər təbrik etdi?
- Zəng edənlər, təbrik edənlər çox oldu. Həm dövlət adamları, həm mədəniyyət adamları var idi. Mükafat veriləndən sonra Özbəkistanın mədəniyyət və idman naziri də zəng vurub bizi təbrik etdi. Bildirdi ki, Azərbaycana gələn kimi ayrıca təbrik edəcək. Bu Azərbaycan mədəniyyətinin və incəsənətinin uğurudur.
- Bakıda hazırlanan mükafat Trampa necə çatdı?
- Biz onlayn şəkildə müraciət etdik. Dəqiq bilmirdik ki, göndərdiyimiz eskizlər qəbul ediləcək, ya yox. Çünki oraya eyni vaxtda yüzdən çox iş göndərilir. Təqdim etdiyimiz nümunədə Yer kürəsi və əllərin motivi dünyanın var oluşunun insanlardan ibarət olduğunu göstərir. Yəni o əllər olmasa, dünya da öz yerində qala bilməz. Bu, bəşəri mesajdır. Düşünürük ki, məhz buna görə qalib gəldik. Həmin nümunə 2017-ci ildə Azərbaycanın BMT-yə üzv olmasının 25-ci ildönümü münasibətilə ucaldılan və Əli İbadullayevlə birlikdə hazırladığımız “Düşüncələr və arzular” kompozisyasının bir variantıdır. Əsərlərimizin həm Cenevrədə BMT-nin binasının qarısında olması, həm də Trampa verilən mükafatın məhz bizim nümunə əsasında hazırlanması ümumilikdə dövlətin incəsənətə verdiyi dəstəyi nümayiş etdirir. Heykəl elə bir şey deyil ki, onu əlində harasa aparasan. Burada dövlət dəstəyi olmasaydı, heç vaxt alınmazdı.

- Sizə kim müraciət etdi, necə oldu ki, sırf Cenevrədə olan “Düşüncələr və arzular” əsərinin eskizini göndərdiniz?
- Biz məlumat aldıq ki, belə müsabiqə keçirilir. Fikirləşmirdik ki, geridönüş olar. Çünki FIFA böyük təşkilatdır. Amma qərara gəldik ki, bundan əvvəl müsabiqədə qalib gələn “Düşüncələr və arzular” əsərlərinin müxtəlif eskizlərini oraya göndərək və belə də etdik, e-maillə fotoları göndərdik. Qalibin seçilməsi bir ay çəkdi. Qalibin məhz azərbaycanlı olmasını isə qərar veriləndən sonra bildilər. Mükafatın təqdimatına bizi də dəvət etmişdilər, amma biz onda da inana bilmədik. Əli İbadullayevlə qərara gəldik ki, təqdimatdan sonra gedərik, bəlkə, heç bizim mükafat deyil, ağlımıza min fikir gəlirdi. Mükafat hər il sülhə töhfə verən ictimai-siyasi xadimlərə veriləcək. Kompozisyanın əsasında medal və döş nişanı da qızıldan hazırlandı.
- Bizim rəssamlar, adətən, Azərbaycan daxilində tanınır. Amma sizin müəllifi olduğunuz əsərlər dünyanın bir çox ölkəsində nümayiş olunur. Bu uğurun səbəbi nədir?
- Davamlı olaraq bütün təşkilatlarla əlaqə saxlayırıq. Çalışırıq, işlərimizi göndəririk, yəni belə şeylərdən çəkinmirik. Elə iş var ki, biz 6-7 ildir onun üzərində işləyirik ki, hansısa bir ölkədə təqdim olunacaq. Xaricdə heykəl qoymaq asan iş deyil. Əksər ölkələrdə bütün bunlar həmin ölkənin qanunvericiliyi ilə tənzimlənir, parlament bunun üçün qərar qəbul edir. Arxasınca düşmək, çətinliklərə qatlaşmaq lazımdır.
- FIFA sizə nə qədər qonorar verdi?
- Hələ ki heç bir qonorar almamışıq. Biz bütün müəllif hüquqlarımızı onlara verdik. Və dediyim kimi, hələlik bir qəpik də almamışıq. Amma müəllif hüquqları və digər qanunların hamısını qabaqcadan danışmışıq və sonuncu punkta qonorarın verilməsi də göstərilmişdi. Ümumi proses isə bütövlükdə bir ay çəkdi.

- Bu layihəni Əli İbadullayevlə birgə hazırlamısınız, ümumilikdə onunla ortaq işləriniz çoxdur. Yəqin, onu özünüzə daha yaxın bilirsiniz.
- Biz bəlkə də 40 ildir bir yerdəyik. Heykəltəraşlıq elədir ki, gərək burada birlikdə işləyə biləsən ki, bu davamlı olsun. Mən bir iş görəndə Əli başqa iş görürdü, yəni bir-birimizi tamamlayırıq.
- Sənət aləmində yaradıcı insanların ortaq iş görməsi bir az çətin məsələdir deyirlər…
- Şübhəsiz, yola getməmək bizdə də olur. Amma praktiki baxımdan bu, işin xeyrinə olur. Bəzən ikimizdən biri işdən bezəndə digəri ona ürək-dirək verir. Emalatxanada ayrı-ayrı işlərimiz də olur. Amma belə mühüm işlərdə o mənə, mən ona dayaq oluram.
- Berlində Xocalı abidəsi ilk baxışdan sizin yaradıcı üslubunuza yaddır. Abidə haqqında danışa bilərsiniz?
- O, çox ağır hekayə idi. Heykəldə ana, ata və bir uşaq məzarı təsvir olunub. İçində də abstrakt kompoziyalar var. Biz onu elə Almaniyada bürüncdən hazırladıq. O abidəni Almaniyada nümayiş etdirmək üçün çox çətinliklərdən keçməli olduq. Heykəlin açılışına 5 saat qalmış icazə ala bildik, çünki erməni diasporu bizə qarşı gəlirdi. Əslində, əsər sadə, amma bir o qədər ağır hekayəni özündə birləşdirirdi. Xocalı elə faciədir ki, onu adi daşla da təsvir etmək mümkündür. Əsər bir ailənin, eyni zamanda bir ölkənin faciəsini özündə göstərir.

- Azərbaycan xalq olaraq 20 Yanvar, Xocalı kimi olduqca ağrılı mərhələlərdən keçib, lakin bu faciələri incəsənət, lap dəqiq desək, rəssamlıq müstəvisində lazımi səviyyədə təqdim edə bilməmişik sanki. Halbuki dünyada bu səpkidə adından söz etdirən nümunələr çoxdur.
- Burada ermənilərin təsiri güclüdür. Onların diasporu hər şeyə təsir edir, hər şeydən xəbərləri olur. Həmişə çalışıblar ki, bizə mane olsunlar. Bu mövzuda Xalq rəssamı Natiq Əliyevin Meksikada nümayiş olunan Xocalı kompozisiyası var. Həmin əsəs kifayət qədər uğurlu əsərdir. Eyni zamanda emalatxanaları gəzsək, qarşımıza bu mövzuda yaxşı əsərlər çıxar. Sadəcə, bu mövzuda qorxmaq lazım deyil. Bizə heç kim kömək etməyib ki, haradasa heykəl qoyaq. Məsələn, Avropa Şurasına 10-a yaxın eskiz göndərmişdik. Amma nəticə nə oldu, orada da ermənilər bizə mane oldu.
- Aydındır. Fərdi sifarişlər alırsınız?
- Bəli, olur, hətta çox olur.
- Məsələn, kimlər sizə sifariş verib?
- Onu deməyəcəyəm... Sifarişlər çox olur. Ayrı-ayrı adamlar, yaxud ayrı-ayrı yerlər üçün. Bilirsən, rəssam işləməlidir, boş dayanmaq olmaz.
- Fəxri xiyabandakı qəbirüstü abidələrdən müəllifi olduğunuz varmı?
- Birincidə yox, amma ikincidə var, onun isə adını deməyəcəyəm…

- Yaxşı, bəs sizə ən çox gəlir gətirən əsəriniz hansı olub?
- Biz xaricə iş göndərəndə qonorar haqqında düşünmürük. 50 min də almışıq, 20 min də. Elə olub ki, çəkdiyimiz əziyyət, xərclədiyimiz pul heç geri qayıtmayıb. Mənim üçün də, Əli üçün də xaricdə gördüyümüz işdən pul qazanmaq önəmli deyil. Pulu daha çox fərdi işlərdən qazanırıq, hansısa obyektlər üçün hazırlanan işlərdən və sair, amma dövlət səviyyəsində iş görmək istəyiriksə, pulu ən son düşünməliyik.
- Digər rəssam və yaxud heykəltəraşların dünya arenasına çıxa bilməmə səbəbi sizcə, ilk növbədə maddi tərəfi düşünmələridirmi?
- Yox, onu deyə bilmərəm, amma yalnız pul barədə fikirləşdinsə, yaradıcılığın öz emalatxanandan kənara çıxa bilməyəcək.
- Ürəyinizə ən çox yatan, özünüzü ən yaxşı ifadə etdiyiniz əsər hansıdır?
- Hamısı. Əsərlərin sənin uşaqların kimidir.
- Bəs “şah əsərim” deyə biləcəyiniz?..
- Hamısı mənim üçün şah əsərdir. Şübhəsiz, bunu lap dəqiq zaman bəlli edəcək. Vaxt keçdikcə, o əsərlər ələkdən keçəcək, bir-ikisi qalacaq. Yəni qabaqcadan proqnoz vermək çətindir. Bu gün Azərbaycanda mühit çox gözəldir. Bu binanın (Azərbaycan Rəssamlıq Akademiyası – müəl.) yanında Heydər Əliyev Mərkəzi var. Hər gün orada sərgilər keçirilir, dünyanın dörd bir yanından olan əsərlər nümayiş olunur. Bu proses özü bizim gənclərimiz üçün çox böyük təcrübə və məktəbdir.

- Yadınızdadırsa, COP-29 vaxtı burada çılpaq qadın heykəli var idi, amma sonradan götürüldü. Bax elə bu nümunədən yola çıxaraq, Azərbaycanda heykəltaraşlığa olan münasibət sizi qane edirmi?
- İncəsənət xalqın arxasınca qaçmalı deyil. İncəsənət həmişə öndə gedib. O, insanları tərbiyələndirir, onlara mədəniyyətin yüksək səviyyəsini göstərir. Bəli, hər hansı xoşagəlməz bir şey olar və götürülə də bilər, amma onu da nəzərə almaq lazımdır ki, bura gətirilən bütün əsərlər dünyaca məşhur əsərlərdir. Bu mənada, Heydər Əliyev Mərkəzi böyük tərbiyə mərkəzidir.
- Konkret olaraq, həmin çılpaq qadın obrazındakı əsərlərin götürülməsinə münasibətiniz necə oldu?
- Normal. Cəmiyyət onu qəbul etmirsə, götürmək olar. Bir müddət keçər, artıq düşüncədə dəyişiklik olar, bax o zaman nümayiş etdirmək mümkündür.
- Bəs siz yaradıcılıqla məşğul olanda cəmiyyəti, onun düşüncəsini göz önünə alırsınızmı?
- Mən özüm bu cəmiyyətin bir hissəsiyəm.
- Sizin elə əsəriniz olub?
- Bəli, özü də hələ Sovet vaxtından olub.

- Bəs yarımçıq qoyduğunuz əsər olub?
- O qədərdir ki… Saxlayırsan, bir müddət keçir, sonra baxırsan. Hamısı da ümumi kompozisiyalarla bağlıdır.
- Deyirlər, yaradıcı insanların ilham pərisi olur. Sizdə də belədir, ya özünüzü bəzən məcbur edirsiniz?
- O, daxildən gələn bir şeydir, yəni adam özünü məcbur edə bilməz. Emalatxanada divan var, gedib yatıb-durursan, bu da olur ilham (gülür).
- Son illərdə Bakıda qoyulan heykəllər - Ömər Eldarovun Müslüm Maqomoyev abidəsi, Xanlar Əhmədovun Tağıyev abidəsi, Natiq Əliyevin Aşıq Ələsgər abidəsi və sair birmənalı qarşılanmayıb. Xüsusi ilə Maqomoyevin heykəli…
- Mən də o tənqidləri oxumuşdum. Amma deyim ki, Ömər Eldarov dünya səviyyəli heykəltaraşdır. Pikassonun hər cür işi olur. Tahir Salahov zəif iş də görsə, o Tahirdir. Bunu dəyişmək olmaz. Mən Ömər müəllimin işlərini zəif kimi qiymətləndirməzdim. Müslüm Maqomoyevin də heykəli normaldır. Bir az kompozisiyası fərqlidir. Ömərin sənət əsərinə mən heç vaxt pis demərəm. Bakıda ən gözəl heykəllərin müəllifi məhz odur. Vaxt keçəndən sonra o əsərlərə də qiymət veriləcək. Natiq Əliyevin də Aşıq Ələsgər əsəri çox gözəl idi.
- Mədəniyyət Nazirliyi son illərdə Bakı şəhərində ucaldılan abidələrlə bağlı müsabiqələr keçirir. Maraqlıdır, siz niyə qoşulmursunuz?
- Qoşuluram. Elə Tağıyevlə bağlı müsabiqədə iştirak etdim… Amma nəticə etibarilə, Xanlar Əhmədovun layihəsi məqbul hesab edildi.

- Bu illər ərzində iştirak etdiyiniz müsabiqələrin miqyası və nəticələri necə olub? Hansı layihələriniz seçim mərhələsindən keçib, hansıları isə qəbul edilməyib və sizcə, bu qərarları müəyyən edən əsas meyarlar nə idi?
- Çox olub. Yadımda deyil.
- Nazirlik demişkən, siz bir neçə nazirin fəaliyyət dövrünü görmüsünüz. Onların mədəniyyət sahəsində gördüyü işləri, yaranan mühiti necə qiymətləndirirsiniz?
- Bilirsiniz, nazir gəlib sənin üçün emalatxanada işləməməlidir. Mühiti sən özün yaratmalısan. Bu gün SSRİ dövrü deyil ki, kimsə əlindən tutub desin ki, iş gör. Mühiti də tək nazirlər yaratmır. Bu gün mədəniyyət sahəsindəki mühiti bizim dövlətimiz yaradıb. Mən sənətə dəyər verilmədiyini, sadəcə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə görmüşəm. Bu gün hər şey daha fərqlidir.
- Hansı nazir qayğınıza daha çox qalırdı? Dünyaya çıxmağınızda onun sizə köməyi olub?
- Mən Zakir Bağırovun dövründən mədəniyyət sahəsindəyəm. Mənim üçün bütün nazirlər birdir. Yaradıcı insan nazir axtarmamalıdır. Sən gedib nazirdən nəsə istəməməlisən, onlar gəlib səndən işini istəməlidir. Avropada nazir tanıyan yoxdur. Bu gün Avropada yaradıcı adamlar nazirlərlə yox, qalareyalarla işləyirlər.
- Yazıçılar Birliyi, Bəstəkarlar və Kinematoqrafçılar, həmçinin Rəssamlar İttifaqı… Bütün bu sadalanan birliklərin Sovetlər dövründə təbliğat üçün isifadə olunduğu deyilir. Artıq belə birliklərə, ittifaqlara ehtiyac olmadığı bildirilir. Azərbaycan Rəssamlar İttifaqının sədr müavinisiniz. Sizcə, bu ittifaqların indiki dövrdə mahiyyəti nədir?
- Bu gün rəssamların toplaşıb, bir-birlərinin hüquqlarını müdafiə etdiyi başqa qurum və cəmiyyət olmadığı üçün o İttifaq da qalır. Bu cür cəmiyyətlər Almaniya kimi ölkələrdə də var və olmalıdır. Rəssam akademiyanı bitirir, sonra hara getməlidir? Onlar hamısı Rəssamlar İttifaqına gəlir, cənab Prezident onlara təqaüd verir, hamısı pulsuz sərgi keçirirlər. Yəni bu cür birlikləri, ittifaqları nə olursa, olsun, saxlamaq lazımdır.

- Yaxşı, bəs ittifaqda mübahisələr olur?
- Əlbəttə, mübahisələr də olur, hətta davalar da.
- Futbolla aranız necədir? Boş vaxtlarınzda baxırsınızmı?
- Tək futbola yox, voleybola, digər idman yarışlarına da baxıram. Çünki idman yarışları insanı sakitləşdirir. Hələ institutda oxuyandan gedib futbola baxırdım.
- Oğlunuz Elxan Məmmədov bir müddət AFFA-nın baş katibi olub. Onun dövründə millimizin oyunu və ümumən Azərbaycan futbolunun vəziyyəti çox ciddi tənqid olunurdu. Deyirsiniz ki, idman insanı sakitləşir, amma insanlar milli komandanın oyununa baxanda nəinki sakitləşir, daha da əsəbiləşirdi. Siz futbolsevər kimi oğlunuzu buna görə tənqid etmisiniz?
- Oğlumun nəyini tənqid edim? Biri var, o işin içində olasan, biri də var kənarda oturub izləyici kimi baxasan. Futbolun da bir strukturu var, onu da bu sahənin adamları bilir. Ona görə də gərək işin içində olasan ki, onu tənqid edəsən, təkliflər verəsən.
- Elxan Məmmədov bu sahənin adamı idi?
- Özü futbolu sevirdi, amma bu sahənin adamı deyildi. Elxan idarəçiliyi bitirmişdi.
- Oğlunuzun rəhbərlik dövrünü nə qədər uğurlu hesab edirsiniz? Hazırkı rəhbərliklə bağlı nə düşünürsünüz?
- Mən ona qiymət verə bilmirəm…
- Elxan Məmməov indi nə işlə məşğuldur?
- Elxana bir neçə təklif olub, hətta rəsmi şəkildə FİFA-ya dəvət etdilər. 2 il Parisdə FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru vəzifəsini yerinə yetirdi. Uğurlarına görə, 2024-cü ilin noyabrından daha geniş səlahiyyətlərlə “Chief Member Associations Officer” FIFA-nın Üzv Assosiasiyalar Bölməsi üzrə baş icraedici vəzifəsini icra edir. Bu rolda o, FIFA-nın 211 üzv milli assosiasiyasına dəstək və inkişaf proqramlarının həyata keçirilməsinə rəhbərlik edir və eyni zamanda Avropa üzrə direktor funksiyalarını da yerinə yetirir.
- Demək ki, millimizin uğursuzluğu onunla bağlı deyil…
- Mən ata kimi düşünürəm ki, o zəif işləsəydi, vəzifəsini sonradan bu qədər yüksəltməzdilər. Millimiz də öz üzərində işləyir. Çətindir bu proseslər. Biz də heykəltaraş olaraq dünyaya çıxmaq üçün çox əziyyət çəkirik. Biz balaca ölkəyik, yavaş-yavaş inkişaf edirik. Mən “Qarabağ”ın oyunlarına da baxıram. Bu gün qol vurur, hamı sevinir. Sabah uduzanda hamı tənqdi edir. Bu həyatdır, biz də insanıq.

- Digər oğlunuz Emin Məmmədov isə “Azərxalça”nın rəbəridir.
- Bəli, Emin də çox böyük işlər görür, sərgilər keçirir. Çox yaradıcı adamdır. Eminin işi tək xalça ilə deyil, o, ümumilikdə mədəniyyət xadimidir. Onun da işinə qarışmaq istəmirəm. Amma uzaqdan baxıram, fəxr edirəm. Mən onların işlərinə heç vaxt qarışmamışam, hətta evlənəndə də.
- Həyat yoldaşınız qarışar, yəqin. O da sizin kimi yaradıcı şəxs olub?
- Yox. Heç o da qarışmayıb. Bu bizim ailənin qanunudur. Həyat yoldaşım isə müəllimə olub.
- Gələcək nəsillə bağlı nə düşünürsünüz? Rəssamlıq Akademiyasında təhsil alan gənc nəsillə aranız necədir?
- Hər sahədə talantlı adamlar da olur, talantsız da. Mühit belədir. Əgər akademiyada 200 – 300 tələbənin hər sahə üzrə 2-3-ü uğurlu olursa, bu bizə bəsdir. Qalanları da başqa işlə məşğul olacaq - mebel, ev dizayn edəcək, yaşayacaq.
- Bəs süni intellektin incəsənətə təsir məsələsi barədə nə düşünürsünüz?
- Bunun hamısını insan fikirləşir. İnsan olmayandan sonra heç nə lazım deyil. Yəni süni intellekt də insansız yaşaya bilməz. Nə olur, olsun, necə inkişaf edir, etsin, insan həmişə öz yerini tapacaq.