Modern.az

Milli Süni İntellekt Mərkəzinin hədəfləri açıqlandı - Baş direktorla MÜSAHİBƏ

Milli Süni İntellekt Mərkəzinin hədəfləri açıqlandı - Baş direktorla MÜSAHİBƏ

Müsahibə

10 Yanvar 2026, 11:30

Prezident İlham Əliyev yanvarın 5-də verdiyi müsahibədə bir sıra diqqətçəkən məqamlara toxunub. Ölkə başçısının diqqət çəkdiyi məqamlardan biri də süni zəka ilə bağlı dedikləri olub.

“Azərbaycanın hədəflərindən biri də regional süni zəka qovşağına, informasiya texnologiyaları mərkəzinə çevrilməkdir və hesab edirəm ki, bizim buna nail olmaq üçün potensialımız var. Biz indi tərəfdaşlarımızla məlumat mərkəzlərinin yaradılması üzərində çalışırıq. Bildiyiniz kimi, məlumat mərkəzlərinin çoxlu elektrik enerjisinə ehtiyacı var. Bu gün daha geniş regionda elektrik enerjisi üzrə əlavə imkanı olan yeganə ölkə Azərbaycandır. Beləliklə, bu gün daxili məqsədlər üçün istifadə etmədiyimiz ixrac və ya burada istehlak oluna bilən əlavə 2000 meqavat və ya 2 giqavat həcm varımızdır”,-dövlət başçısı qeyd edib.

Bu istiqamətdə hansı yeniliklərin olması, yeni Süni Zəka Mərkəzinin yaradılması istiqamətində hansı işlərin görüldüyü maraq doğurur.

Mövzu ilə bağlı Milli Süni İntellekt Mərkəzinin baş direktoru Tuncay Bağırova bir sıra suallar ünvanladıq. 

Baş direktorla müsahibəni təqdim edirik:

Milli Süni İntellekt Mərkəzinin yaradılması üçün hansı konkret işlər görülüb?

- “Oxford Insights” beynəlxalq tədqiqat mərkəzi tərəfindən yayımlanan “Hökumətin Süni İntellektə Hazırlıq İndeksi 2025” hesabatında Azərbaycanın dünyada süni intellektə hazırlıq sahəsində ən sürətli irəliləyiş göstərən ölkələrdən biri kimi qiymətləndirilməsi bu istiqamətdə görülən işlərin beynəlxalq səviyyədə təsdiqidir.

Bu nəticənin arxasında isə yeni Milli Süni İntellekt Mərkəzinin yaradılması zamanı prioritet kimi müəyyən edilən əsas strateji istiqamətlər dayanır. Süni zəka mərkəzinin qurulmasında əsas və ən vacib mərhələ kadr potensialının formalaşdırılması olub. Bu məqsədlə xaricdə təhsil almış və süni intellekt sahəsində ixtisaslaşmış yerli ekspertlərin iştirakı ilə yerli süni intellekt mühəndislərinin hazırlanmasına başlanılıb və ilkin mühəndis bazası yaradılıb.

Formalaşan bu insan kapitalı üzərində növbəti mərhələdə yerli süni intellekt industriyasının inkişafı hədəflənib. Mühəndis komandaları ilə müxtəlif sahələrdə gündəlik və institusional problemləri həll edən praktik süni intellekt məhsullarının hazırlanmasına fokuslanılıb. Bu yanaşma nəticəsində ölkədə mərhələli şəkildə dayanıqlı süni intellekt ekosistemi formalaşmaqdadır.

Eyni zamanda, ilk yetişən kadrların artıq dünyanın aparıcı universitetlərinə qəbul olunması bu modelin effektivliyini göstərir. Həmin gənclər paralel olaraq Azərbaycanın milli süni intellekt ekosisteminin qurulmasında da fəal iştirak edirlər.

- Hansı ölkələrin süni zəka mərkəzləri nümunə kimi götürülür?

- Milli Süni İntellekt Mərkəzinin formalaşdırılmasında bir neçə beynəlxalq uğurlu model əsas götürülüb:

Sinqapur modeli - dövlət-özəl sektor əməkdaşlığı və uzunmüddətli strateji planlama baxımından;
Böyük Britaniya modeli, xüsusilə “Alan Turing Institute” təcrübəsi - elmi-tədqiqat ilə tətbiqi süni intellekt arasında balansın qurulması baxımından;
Almaniya modeli - sənayeyönümlü süni intellekt həlləri və innovasiya infrastrukturu baxımından.

Bu modellər birbaşa kopyalanmır, Azərbaycanın institusional, iqtisadi və sosial reallıqları nəzərə alınmaqla uyğunlaşdırılaraq tətbiq edilir.

- Azərbaycan regional və qlobal süni zəka şəbəkələrinə necə inteqrasiya olunacaq?

- İnteqrasiya prosesi əsasən insan kapitalı, beynəlxalq akademik əməkdaşlıqlar və sənaye əlaqələri üzərindən qurulur. Yerli mütəxəssislərin aparıcı beynəlxalq universitetlərə, tədqiqat mühitlərinə və texnoloji platformalara çıxışı təmin edilir, paralel olaraq ölkə daxilində formalaşan ekosistem bu qlobal şəbəkələrlə əlaqələndirilir.

Məqsəd yalnız beynəlxalq süni intellekt şəbəkələrinə qoşulmaq deyil, eyni zamanda Azərbaycanın regionda etibarlı və dayanıqlı süni intellekt mərkəzi kimi mövqeyini formalaşdırmaqdır.

- Süni zəka sahəsində hansı şirkət və qurumlarla əməkdaşlıq edilir?

- “AI Academy” çərçivəsində Stanford Universiteti ilə əməkdaşlıq mövcuddur və bu əməkdaşlıq əsasən liderlik, qərarvermə və dövlət sektorunda süni intellekt tətbiqləri üzrə bilik transferini əhatə edir.

Milli Süni İntellekt Mərkəzi üzrə isə hazırda əsasən ABŞ və Kanada mənşəli aparıcı süni intellekt şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə olunur. Bu istiqamətdə razılaşmalar əldə olunacaq zaman ictimaiyyətin bu barədə məlumatlandırılması nəzərdə tutulur. Razılaşmalarla bağlı rəsmi açıqlamaların yaxın zamanda verilməsi planlaşdırılır.

- Azərbaycana bu sektor üzrə xarici investorlar yatırım ediblərmi?

- Hazırkı mərhələdə süni intellekt sektoru üzrə birbaşa xarici investisiyalar hələlik mövcud deyil. Bu, strateji baxımdan gözlənilən və mərhələli şəkildə planlaşdırılan bir prosesdir.

Əsas yanaşma ondan ibarətdir ki, əvvəlcə ölkə daxilində yerli süni intellekt industriyası formalaşdırılsın - kadr bazası gücləndirilsin, praktik məhsullar yaradılsın və ekosistem dayanıqlı hala gətirilsin. Məhz bu baza üzərindən növbəti mərhələdə xarici investorların marağının və real investisiyaların cəlb olunacağı gözlənilir.

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır