Bu yaxınlarda sosial mediada görmə məhdudiyyətli iki məktəblinin videosu diqqətimizi çəkdi. Məktəblilərdən biri tarda, digəri isə pianoda ifa edirdi. Ancaq musiqi ifa edərkən heç biri notlara baxmır, hisslərinə güvənərək auditoriyadakıları da, bizi də təəccübləndirməyi bacarırdılar.
Araşdırma zamanı məlum oldu ki, bu istedadlı uşaqlar bacı-qardaşdır. Hər ikisi doğuşdan görmə məhdudiyyətlidir. Lakin bu, onların arzu və məqsədlərinin qarşısını ala bilməyib. Bacı-qardaş böyük əzmlə təhsil alır, musiqi ilə məşğul olur və gələcəyi görməyə tələsirlər.
Modern.az saytı həmin məktəblilərlə həmsöhbət olub.
Nazim Cəfərov 2007-ci ildə anadan olub. O, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində təhsil alır və hazırda 12-ci sinif şagirdidir. Bununla yanaşı, 38 saylı musiqi məktəbinin də şagirdidir və orada tarda ifa etməyi öyrənir. Nazimin ən böyük arzusu gələcəkdə Azərbaycan Milli Konservatoriyasına qəbul olunaraq musiqi yolunda daha böyük uğurlara imza atmaqdır.
Səma Cəfərova isə 2015-ci ildə anadan olub və hazırda 10 yaşı var. O da qardaşı kimi doğuşdan görmə məhdudiyyətlidir. Səma da Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində təhsil alır. Eyni zamanda 38 saylı musiqi məktəbində piano və xor üzrə dərslər keçir, musiqiyə olan marağını və istedadını inkişaf etdirir.
Nazimin musiqi ilə tanışlığı məktəb illərində başlayıb. 38 saylı musiqi məktəbinin müəllimləri onun musiqiyə olan marağını və bacarığını yoxladıqdan sonra Nazim təhsil ocağına qəbul olunub. Daha sonra isə bacısı Səma da qardaşının yolunu davam etdirərək, musiqi təhsili almağa başlayıb.

Hər iki uşağın görmə məhdudiyyəti olsa da, bu, onların arzularına doğru irəliləməyə mane olmayıb. Əksinə, bacı-qardaş hər gün böyük əziyyətlə öz gələcəklərini qurmağa çalışırlar. Onlar yaşadıqları Qobu qəsəbəsindən hər gün Nərimanov rayonuna gələrək, həm ümumi təhsil dərslərində, həm də musiqi dərslərində iştirak edirlər. Təxminən 130 kilometrlik yolu qət edən Nazim və Səma günün böyük hissəsini dərs oxumağa, məşq etməyə və musiqi ilə məşğul olmağa sərf edirlər.
Nazim deyir ki, hər gün dərsə gedərkən avtobusda onlara qəribə baxan insanları hiss edir:
“Görmə məhdudiyyətli olmaq o demək deyil ki, insan cəmiyyətdən təcrid olunmalıdır. Göz görməsə də, beynin funksiyaları, insanın düşüncəsi və potensialı yerindədir. Bəzən avtobusda bizə qəribə baxdıqlarını hiss edirik. Hələ də bir çox insanlar öyrəşməyib ki, görmə məhdudiyyətli insanlar da bu cəmiyyətin bərabərhüquqlu üzvüdür. Onlar da oxuya, təhsil ala, musiqi ifa edə və özlərini inkişaf etdirə bilərlər. Xüsusilə Bakıətrafı rayonlarda görmə məhdudiyyətli uşaqların həyatdan təcrid olunması halları çox olur. Bu da onların sosiallaşmasını daha da çətinləşdirir”.
Nazim və Səma musiqi dərsləri ilə yanaşı, məktəbdə riyaziyyat və alman dili kimi fənləri də öyrənir və bu sahədə biliklərini daha da artırmağa çalışırlar.
Nazim deyir ki, musiqiyə olan marağı onda uşaqlıq illərindən yaranıb. Azərbaycan muğamlarını, xüsusilə də “Bayatı-Şiraz”ı ifa etməyi çox sevir. Gününün böyük hissəsini, təxminən 15 saatını dərslərə və musiqiyə həsr edir:
“Tar müəllimi olmaq istəyirəm. Gələcəkdə ali təhsilimi başa vurub müəllim adını qazandıqdan sonra Cəbrayılda işləməyi arzulayıram”.
Səma isə gələcək təhsilini Qarabağ Universitetində almaq istədiyini deyir. Əgər ali təhsilini Bakıda alsa belə, yenə də Qarabağa gedərək orada işləməyi arzuladığını bildirir.
O daha çox xarici bəstəkarların əsərlərini dinləməyi sevir. Bununla yanaşı, Azərbaycan musiqilərinin böyük bir qismini həm pianoda ifa etməyi, həm də oxumağı artıq öyrənib.
Uşaqların valideynləri ilə də həmsöhbət olduq. İntiqam Cəfərov bildirir ki, əgər gözləri görən, tam sağlam məktəblilər dərs oxumaq üçün 2 saat vaxt ayırırsa, Nazim və Səmada bu müddət 2 qat, bəzən isə 3 qat olur. Lakin onların dərsə marağı heç də azalmır, əksinə, davamlı olaraq dərslərindən, musiqidən və gələcəkdən danışırlar:
“Bizim birinci övladımız Nazim görmə məhdudiyyətli doğuldu. Uzun müddət onu gözümüzdən kənara qoymağa ürək etmirdik. Təxminən 6 il ərzində Nazimi sanki gözümüzün üstündə saxladıq, 10 metr belə uzaqlaşmasına imkan vermirdik. Sonra məktəb yaşı çatdı. Açığı, əvvəlcə onu məktəbə qoymaq istəmirdim. Çünki cəmiyyətdə görmə məhdudiyyətli insanlara münasibəti görürdüm və narahat olurdum. Həyat yoldaşım Sona xanım məndən gizlin Nazimin adını məktəbə yazdırmışdı.

Nazim dərsə başlayandan sonra ilk iki ay hər gün məktəbə gedirdim. Dərslərin necə keçdiyini, müəllimlərin uşaqlarla necə məşğul olduğunu izləyirdim. Çünki ilk dəfə idi ki, Nazimi gözümün önündən uzaq qoyurdum.
Bir neçə il sonra Nazim mənə dedi ki, musiqi təhsili alır. Məlum oldu ki, o, məndən gizlin əvvəlcə xor dərnəyinə, daha sonra isə tar dərslərinə yazılıb. Baxdım ki, həqiqətən də Nazimdə musiqiyə böyük istedad var. Müəllimi ilə görüşdüm, o da Nazimi çox təriflədi. Ondan sonra biz də onun musiqi təhsili ilə daha yaxından maraqlanmağa başladıq”.
“Əvvəlcə Nazimi dərslərə özümüz aparırdıq. Daha sonra üçüncü övladımız Səma dünyaya gəldi və o da doğuşdan görmə məhdudiyyətli oldu. Biz Bakıdan kənarda yaşayırıq. Mən işlədiyim üçün uşaqlarla bağlı əsas yük həyat yoldaşım – Sona xanımın çiyinlərinə düşür”, – deyə ata bildirir.
Sona Cəfərova isə bütün çətinliklərə baxmayaraq övladlarının təhsili və gələcəyi üçün hər şeyə hazır olduğunu deyir:
“Nə əziyyət olursa-olsun, övladlarım üçün edərəm. Nə qədər canımda can var, onlara dəstək olacağam”.
İntiqam Cəfərov isə uşaqlarının həyata böyük həvəs və maraqla bağlandıqlarını vurğulayır:
“Onlar həyatı daha tez görmək, daha çox öyrənmək istəyirlər. Bəzən elə şeylər olur ki, mənim xəbərim olmur, amma onlar özləri axtarır, araşdırırlar”.
Ailə hər gün uzun və yorucu yol qət edir. Məktəblə evləri arasında təxminən 24–25 kilometrlik məsafə var. Dərslər səhər tezdən başladığı üçün uşaqlar hər gün saat 6-da oyanır, saat 8-də məktəbdə olurlar. Ev tapşırıqlarını əsasən məktəbdə etdikləri üçün valideynləri onları əksər hallarda saat 6 radələrində götürürlər.
Uzun yol və yorucu gün xüsusilə Səmanı tez yorur. Bəzən yolda avtobusda yuxuya gedir, bəzən isə evə çatan kimi yatır və səhərə qədər oyanmır. Valideynlər isə hər gün uşaqları dərsə aparıb-gətirmək üçün ümumilikdə təxminən 130 kilometr yol qət edirlər. Üstəlik həm səhər, həm də axşam saatlarında tıxaclarla da üzləşirlər.
Sona Cəfərova deyir ki, övladlarının təhsil alması üçün uzun müddət məktəb axtarmalı olub:
“Mən çox məktəb axtardım. Övladlarımın mütləq təhsil almasını istəyirdim. Əvvəlcə onları adi məktəblərə aparırdım, amma heç biri qəbul etmirdi. Çünki hər ikisinin görmə qabiliyyəti demək olar ki, yoxdur, hətta 1 faiz də deyil. Ən çətin dövr Nazimi məktəbə qoyduğumuz ilk il oldu. O il bizim üçün çox ağır keçdi. Amma bir il dözdük və sonra düşündük ki, yaxşı ki, onların təhsilinə diqqət yetirmişik. Bu gün də qərarlıyıq ki, sona qədər onların təhsili üçün əlimizdən gələni edək”.
Nazim və Səmanın hekayəsi əzmin, istedadın və böyük arzuların ən təsirli nümunələrindən biridir. Onların həyat yolu göstərir ki, insanın qarşısında maneələr olsa da, iradə və dəstək olduqda hər şey mümkündür.
Daha ətraflı: