Pediatr: "Autizmli uşaqların sayında artım müşahidə olunur"
Xəyalə Hüseynova: "Bələyin ayaqların və sümüyün formalaşmasına heç bir təsiri yoxdur"
"Uşağı həddindən artıq isti mühitdə saxlamaq olmaz"
Azərbaycan Pediatriya Cəmiyyətinin həqiqi üzvü, Bakı Sağlamlıq Mərkəzinin pediatrı Dr. Xəyalə Hüseynova Modern.az saytına müsahibə verib. Onunla müsahibəni təqdim edirik:
- Xəyalə xanım, son illərdə uşaq və yeniyetmələr arasında ən çox rast gəlinən xəstəliklər hansılardır?
- Son dövrlər uşaqlar arasında daha çox piylənmə və mədə-bağırsaq xəstəlikləri müşahidə olunur. Əlbəttə, immun sisteminə təsir edən infeksion xəstəliklər də hər zaman var. Hər fəslin özünəməxsus xəstəlikləri olur və müəyyən dövrlərdə onların artımı da nəzərə çarpır. Amma həm qidalanma, həm də ətraf mühit faktorlarını nəzərə alsaq, piylənmə, mədə-bağırsaq xəstəlikləri və inkişaf problemləri daha çox üstünlük təşkil edir.
- Azyaşlılar və yeniyetmələr daha çox hansı şikayətlərlə pediatra müraciət edirlər və valideynlər hansı simptomları gördükdə gecikmədən həkimə üz tutmalıdırlar?
- Ümumiyyətlə, pediatriya sahəsində xəstəliklər yaş qruplarına görə fərqlənir. Pediatriya uşağın 28 günlük dövründən 18 yaşına qədər olan mərhələni əhatə edir və hər yaş qrupunun özünəməxsus xəstəlikləri, həyat tərzi və risk faktorları var. Məsələn, 0-28 gün, 28 gündən 1 yaşa qədər, 1 yaşdan 5 yaşa qədər, məktəbəqədər dövr, məktəb dövrü və yeniyetməlik mərhələlərinin hər birində fərqli xəstəliklər üstünlük təşkil edir. Daha çox 5 yaşadək uşaqlarda infeksion xəstəliklərə rast gəlinir. Çünki bu yaşda kontaktlar çox olur, uşaqlar bağçaya gedirlər və məktəbəqədər dövrdə infeksion xəstəliklər daha çox yayılır. Məsələn, öskürək, burun axması, zökəm, qrip, eləcə də ağırlaşmış forma sayılan pnevmoniya bu yaş qrupunda daha çox müşahidə olunur.
5 yaşdan yuxarı uşaqlarda, xüsusilə məktəb dövründə, infeksion xəstəliklər yenə də üstünlük təşkil etsə də, burada qidalanma ilə bağlı problemlər də meydana çıxır. Rejimsizlik, yuxu pozğunluğu, telefon və digər qadcetlərdən istifadə uşaqların həyat tərzinə ciddi təsir edir. Məktəbyaşlı uşaqlarda sümük-əzələ sistemi ilə bağlı problemlər də artır. Məsələn, skolioz, ağır çanta daşımaq, kitab-dəftərlərin çoxluğu uşaqların sümük-əzələ sisteminə mənfi təsir göstərir. Yeniyetmələrdə isə fast-fooda üstünlük verilməsi, qazlı və enerji içkilərindən istifadə, yuxusuzluq daha çox müşahidə olunur. Həm imtahan dövrü, həm də hormonal dəyişikliklər bu yaş qrupunda fərqli tip xəstəliklərin meydana çıxmasına səbəb olur.
- Regionlarla paytaxt arasında uşaqların xəstələnməsi baxımından fərqlər varmı, bu fərqlər daha çox hansı amillərlə bağlıdır?
- Biz regionlarda da müayinə aksiyaları həyata keçiririk. Xəstəxana və müayinə məntəqələrinin əlçatan olmadığı rayonlara gedərək uşaqları müayinə edirik. Müşahidələrimə əsasən, əvvəllər rayon uşaqları daha sağlam olurdu. Çünki onlar üçün hazır paketli qidalar, şirniyyatlar, fast-food və digər zərərli qidalar şəhər uşaqları ilə müqayisədə o qədər də əlçatan deyildi. Amma artıq rayonlarda da mədə-bağırsaq xəstəlikləri müşahidə olunur. Şəhər uşaqlarında isə daha çox piylənməyə meyillilik görürük. Mədə-bağırsaq xəstəlikləri həm şəhərdə, həm də rayonlarda yaşayan uşaqlar arasında rast gəlinir. İnfeksion xəstəliklər isə daha çox şəhər uşaqlarında müşahidə olunur. Rayonlarda təmiz hava, uşaqların daha az sıxlıqda yaşaması və digər amillərlə əlaqədar olaraq infeksion xəstəliklər nisbətən az olur.
- Əvvəllər uşaqlar əsasən ana südü ilə böyüyürdü, hazır qidalar isə daha az istifadə olunurdu. Bu gün körpələr üçün nəzərdə tutulan hazır qidaların təhlükəsizliyi ilə bağlı fikriniz necədir?
- 6 ayadək uşaqların yalnız ana südü ilə qidalanması vacibdir. Çünki ana südündə körpənin ilk 6 ayda ehtiyac duyduğu karbohidrat, kalsium, mineral və digər maddələr onun yaşına uyğun şəkildə mövcuddur. Eyni zamanda, ana südü uşağı infeksion xəstəliklərdən qorumaq baxımından da önəmlidir. Ananın keçirdiyi xəstəliklərdən sonra orqanizmdə yaranan immunitet faktorları ana südü vasitəsilə körpəyə keçir və bu da qoruyuculuğu artırır. 6 aydan 1 yaşadək dövrdə də ana südü vacibdir. Lakin bu mərhələdə əlavə qidaların verilməsinə də başlanılır. Çünki körpə bütün lazım olan maddələri yalnız ana südündən tam ala bilmir və qidalara alışma dövrü 1 yaşadək davam edir. Əgər müqayisə etsək, əslində həm ana südü, həm də süni qidalar inkişaf baxımından müəyyən dərəcədə eyni funksiyanı yerinə yetirə bilir. Sadəcə, ana südünün immunitetə təsiri daha güclüdür. Hər hansı səbəblərdən dolayı ana südü verə bilməyən analara isə biz süni qidalardan istifadə etməyi tövsiyə edirik. Yəni eyni inkişaf mərhələlərini süni qida ilə də eyni cür keçmək mümkündür, amma immunitetin formalaşmasında ana südü daha üstün hesab olunur.
- Məktəbyaşlı uşaqlar üçün ideal gündəlik qidalanma modeli necə qurulmalıdır, valideynlər nələrə diqqət etməlidir?
- Məktəbyaşlı uşaqların qidalanmasına nəzarət bu gün bir qədər çətindir. Əvvəllər bu qədər mürəkkəb deyildi. Valideynlərin iş rejimi, məktəblərin növbə sistemi, uşaqların səhərdən günortaya və ya günortadan axşama qədər məktəb mühitində olması bu prosesə təsir edir. Uşaqların əksəriyyəti səhər yeməyi yemədən evdən çıxır. Halbuki səhər qidalanması çox vacibdir. Məktəblərdə uşaqlar üçün sağlam qidalanma təşkil olunmalıdır. Məktəb bufetlərində satılan qidaların sağlam olması vacibdir. Təəssüf ki, bir çox hallarda orada da paketlənmiş qidalardan istifadə olunur. Ən azından valideynlər uşaqlara evdən sağlam qida verməlidirlər.
Uşaqların, xüsusən məktəbyaşlıların bol su içməsi təmin edilməlidir. Mütləq səhər yeməyi yeyilməli, günorta saatlarına qədər şəkərli və paketlənmiş qidalardan uzaq durulmalıdır. Paketli qidalar bu gün insan sağlamlığına zərər vuran, bir çox xəstəliyin kökündə dayanan amillərdən biridir. Onların tərkibində məhsulun gec xarab olması üçün nəzərdə tutulan maddələr uşaq orqanizminə mənfi təsir göstərir, zehni inkişafı ləngidir, piylənməyə və şəkər xəstəliyinə meyillilik yaradır. Bundan əlavə, qastrit, xora və digər mədə-bağırsaq xəstəliklərinə də səbəb ola bilir.
- Əvvəllər qızılca və suçiçəyi kimi infeksion xəstəliklər geniş yayılırdı. Bu gün uşaqlar arasında həmin xəstəliklərin yayılma səviyyəsini necə qiymətləndirirsiniz?
- Bu tip xəstəliklər infeksion xəstəliklər sırasına daxildir. Sadəcə olaraq, qızılca ilə suçiçəyinin törətdiyi fəsadlar fərqlidir. Qızılca çox təhlükəli xəstəlikdir. Suçiçəyi isə bir çox hallarda ciddi fəsad törətmədən, ömürlük immunitet qazandıraraq keçə bilir. Ağırlaşmalar ola bilər, amma nəzarətdə saxlanılarsa, adətən ölümcül nəticələr vermir. Qızılca isə belə deyil. Səhiyyə Nazirliyinin peyvənd təqvimi var və bu təqvim məcburi və könüllü peyvəndlər olmaqla iki hissəyə bölünür. Qızılcaya qarşı peyvənd məcburi peyvənd təqviminə daxildir. Bu peyvənd 1 yaşda və 6 yaşda vurulmalıdır. Burada əsas məqsəd qızılcanın törədə biləcəyi ağır fəsadların qarşısını almaqdır. Qızılca keçirən uşaqlarda uzun müddət yüksək hərarət, pnevmoniya, göz fəsadları, konyunktivit və səpkilər müşahidə oluna bilər. Lakin daha təhlükəli olan odur ki, xəstəlikdən 5-7 il sonra “panensefalit” deyilən ağır bir vəziyyət yarana bilər. Yəni tam sağlam görünən bir uşaq, illər öncə qızılca keçirmişdisə, sonradan görmə və ya yerimə qabiliyyətini itirə bilər. Bunun müalicəsi yoxdur, hətta ölümlə nəticələnən bir xəstəlikdir. Qızılcanın pnevmoniyasından da ölümlər çox olan bir xəstəlikdir. Peyvəndlərin tətbiq olunduğu illərdə biz qızılca ilə çox az rastlaşırdıq. Son dövrlərdə isə peyvəndlər haqqında elmi əsası olmayan yanlış məlumatların yayılması valideynləri tərəddüdə salıb. Nəticədə peyvənd olunmayan uşaqların sayı artdıqca, xəstəliyin yayılması da artıb. Son 5-6 ildə müşahidələrimizə əsasən, çox sayda uşaq qızılca keçirib, hətta ölüm halları da olub. Panensefalit isə çox az rast gəlinən haldır, amma peyvənd olunmamış cəmiyyətdə belə risklər arta bilir.
- Bəs panensefalit yoluxucu xəstəlik sayıla bilərmi?
- Panensefalit yoluxucu xəstəlik deyil. Bu, qızılca keçirmiş uşaqda illər sonra yaranan ağırlaşmadır. Virus sinir hüceyrələrində qalır və uzun müddət səssiz şəkildə inkişaf etdikdən sonra aktivləşə bilir. Nəticədə uşaq görmə və hərəkət qabiliyyətini itirə bilər.
- Siz peyvənd təqvimindən də bəhs etdiniz. Təqvimdə yer almayan hansı xəstəliklərin bu plana daxil edilməsini təklif edərdiniz?
- Mən istərdim ki, xüsusilə rotavirus infeksiyasına qarşı peyvənd daha geniş tətbiq olunsun. Rotavirus qastroenterit yaradır və xüsusilə körpələrdə ağır keçərək ölümcül nəticələrə səbəb ola bilir. 6 ayadək uşaqlarda bu infeksiyanın ölüm riski daha yüksəkdir.
- Doğumdan sonrakı peyvəndləmə niyə bu qədər vacib sayılır? Onun profilaktik üstünlükləri nələrdir?
- Peyvəndlər adətən ya müalicəsi olmayan, ya da çox ağır fəsadlar buraxan xəstəliklərə qarşı vurulur. Məcburi peyvənd təqvimində yer alan xəstəliklər ona görə önəmlidir ki, onların ölümcül fəsadları var, yayılma ehtimalı yüksəkdir və qısa müddətdə geniş kütləni əhatə edə bilər.
- 2025-ci ildə Azərbaycanda uşaq ölümünün 2 dəfə azaldığı qeyd olunur. Bu müsbət dinamikanın arxasında hansı əsas amillər dayanır?
- Məncə, burada əsas rol maariflənməyə məxsusdur. Valideynlər daha məlumatlı olublar. Ailələrin rifah səviyyəsinin müəyyən qədər yaxşılaşması və icbari tibbi sığortanın tətbiqi ilə tibbi xidmətin daha əlçatan olması da mühüm amillərdir. Həkimə müraciət imkanları genişləndikcə, uşaqlara vaxtında yardım göstərmək mümkün olur.
- Uşaq ölümləri daha çox hansı yaş dövründə qeydə alınır və bu halların başlıca səbəbləri nələrdir?
- Uşaq ölümləri daha çox doğumdan 1 yaşadək olan dövrdə qeydə alınır. Bu mərhələnin özünəməxsus ciddi riskləri var. Lakin 1 yaşadək uşaqlarda infeksion səbəblər daha çox üstünlük təşkil edir.
- “Qırxı çıxmamış uşaq” anlayışı cəmiyyətdə hələ də geniş yayılıb. Bunun tibbi baxımdan əsası varmı?
- Tibbi baxımdan bunun müəyyən əsası var. Çünki doğumdan sonrakı ilk 40 gün həm ana, həm də körpə üçün çox həssas dövrdür. Bu mərhələdə həm zahı qadının, həm də körpənin orqanizmi infeksiyalara daha həssas olur. Doğrudur, bu anlayış keçmişdən gəlir, amma tibbi baxımdan da müəyyən məntiqi var. Ananın orqanizminin doğuşdan sonrakı dövrə uyğunlaşması üçün də, körpənin yeni mühitə alışması üçün də vaxt lazımdır.
- Müasir analar uşağa corab və papaq geyindirməyə o qədər də önəm vermir, köhnə nəsil isə bunu vacib sayır. Siz hansı yanaşmanı doğru hesab edirsiniz?
- Papaq, corab və digər geyimlər əlbəttə, vacib ola bilər. Amma uşağı həddindən artıq isti mühitdə saxlamaq da doğru deyil. Çünki belə uşaqlar çox vaxt tez-tez xəstələnirlər. Papaq və corab hava şəraitinə uyğun seçilməlidir. Əgər evdə hamı qısaqol geyimdə gəzirsə, uşağa qalın geyimlər geyindirmək doğru olmazdl. Bu zaman uşaq həddindən artıq isinir, dəri nəfəs ala bilmir, daha çox maye itirir və susuzlaşa bilir. Körpələrdə qalın geyimlərdən istifadə mütləq hava şəraiti və temperatur nəzərə alınmaqla olmalıdır. Uşaq özü hansı şəraitdə daha rahatdırsa, ona uyğun davranmaq lazımdır. Bundan əlavə, valideynlər ilk aylarda əlcəkdən istifadə etməyə də çox üstünlük verirlər. Mən hesab edirəm ki, körpənin əli ilə ətraf mühiti, ananın qucağını, toxunuşu hiss etməsi vacibdir. Ona görə də mümkün qədər dəri təmasının yaradılması daha məqsədəuyğundur. Çünki uşaqlar soyuğu, istini, ananı və s. əl təması ilə hiss edir.
- Hazırda autizmli uşaqların sayı ilə bağlı son durum necədir? Əvvəlki dövrlərlə müqayisədə onların sayı necə dəyişib?
- Təəssüf ki, əvvəlki dövrlərlə müqayisədə autizmli uşaqların sayında artım daha çox müşahidə olunur. Əvvəllər bu spektr pozuntuları o qədər tanınmırdı, çox vaxt hiperaktivlik kimi qiymətləndirilirdi və diqqətdən kənarda qalırdı. İndi isə fərqindəlik artdığı üçün valideynlər, bağçalar və məktəblər bu məsələyə daha çox diqqət yetirirlər. Digər tərəfdən, ailə modeli də dəyişib. Əvvəllər hər kəs bir süfrə arxasında toplanar, uşaqlar böyük ailələrdə böyüyər, daha çox ünsiyyət içində olardılar. İndi isə ailələr kiçilib, valideynlər işləyir, uşaqlar çox vaxt dayə ilə qalır və ya telefon-planşet qarşısında daha çox vaxt keçirirlər. Ailə üzvləri ilə canlı ünsiyyətin azalması da mənfi təsir yaradır.
- Uşağın bələnməsi ilə bağlı tarixən fərqli fikirlər mövcuddur. Necə düşünürsünüz, bu üsul həqiqətən vacibdir, yoxsa müəyyən hallarda zərərli ola bilər?
- Bələnmə əvvəllər körpənin hərəkətlərinin məhdudlaşdırılması və özünü daha rahat hiss etməsi, bir o qədər sərbəst olmaması məqsədilə tətbiq olunurdu. Lakin sonradan məlum oldu ki, çox sərt və düzgün olmayan bələnmə çanaq displaziyası, bud və dirsək çıxığı kimi problemlərin artmasına səbəb ola bilər. Ona görə də indi daha boş şəkildə bələmə tövsiyə edilir. Ümumiyyətlə, biz həkimlər uşağın əl-qolunun sərbəst olmasını daha məqsədəuyğun sayırıq. Bu, həm inkişaf baxımından, eləcə də fəsadların qarşısının alınması baxımından daha əlverişlidir. Amma bəzi körpələrdə diksinmə refleksi çox güclü olur və onlar hər səsdən yuxudan oyanırlar. Belə hallarda yüngül şəkildə bələməklə daha rahat yatmalarına kömək etmək olar. Amma ümumilikdə bələnmə vacib faktor hesab edilmir.
- Bələnmənin uşağın ayaqlarının düzgün formalaşmasına təsiri barədə deyilənlər nə dərəcədə doğrudur?
- Məncə, bunlar elmi əsası olmayan miflərdir. Bələyin ayaqların və sümüyün formalaşmasına heç bir təsiri yoxdur. Sümüyün normal inkişafı üçün əsas olan D vitamini, kalsium və digər mineralların vaxtında və düzgün qəbul edilməsidir.
- Uşaqlarda qurd xəstəliklərinin geniş yayıldığı ilə bağlı məlumatlar da var. Bu halın əsas səbəbləri nələrdir, hansı yaş qruplarında daha sıx rast gəlinir?
- Qurd xəstəlikləri hər zaman mövcud olub. Amma çox ciddi artım olduğunu demək düzgün olmaz. Əvvəllər necə idisə, indi də təxminən eyni səviyyədə, eyni tempdə rast gəlinir. 2 yaşadək uşaqlar daha çox ev şəraitində olduqları və gigiyena qaydalarına daha çox riayət olunduğu üçün bu xəstəliklər onlarda nisbətən az görülür. 2 yaşdan sonra isə uşaqlar cəmiyyətə atılır, 3 yaşdan sonra bağçaya gedirlər, kontaktlar artır. Buna görə də qurd xəstəlikləri daha çox 2 yaşdan yuxarı, xüsusilə 2-5 yaş arası uşaqlarda müşahidə olunur.
- Uşaq bezlərindən istifadə ilə bağlı müxtəlif fikirlər səslənir. Uzunmüddətli istifadənin sağlamlığa hər hansı zərəri varmı, xüsusilə dəri problemləri baxımından hansı risklər yarana bilər?
- Uşaq bezləri markaya görə fərqlənir. Onların su sızdırmaması, havalandırma funksiyası, tərkibində ətirli maddələrin olub-olmaması, allergiya yaratma ehtimalı nəzərə alınmalıdır. Bəzi bezlərin tərkibində olan parfüm körpə dərisində allergik reaksiyaya səbəb ola bilər. Ümumiyyətlə, uşaq bezləri 3-4 saatdan bir dəyişdirilməlidir. Əgər bez uzun müddət dəyişdirilməzsə, oradakı maddələr dəriyə təsir edir, qıcıqlanma yaradır, göbələk infeksiyasına və bələk dermatitinə səbəb olur. İsti mühit də bu riski artırır. Xalq arasında bezlərin sonsuzluq yaratdığı və ya oğlan uşaqlarında sonradan problem törətdiyi deyilir, amma bunun elmi əsası yoxdur. 3 yaşadək uşaqlarda bezdən istifadə həm gigiyena, həm də rahatlıq baxımından tövsiyə olunur.
- Dəri göbələkləri ilə bağlı uşaqlarda olan problemlər neçə yaşdan etibarən rast gəlinir?
- Bələk dermatiti hətta yeni doğulmuş körpələrdə də müşahidə oluna bilər. Xüsusilə ilk 40 gündə uşaqları çox isti saxlamağa çalışdıqları üçün bu hallara daha çox rast gəlirik. Bir qədər böyüyən uşaqlarda isə oyun zamanı bezin vaxtında dəyişdirilməməsi və diqqətsizlik nəticəsində bu cür problemlər yarana bilir. Ümumilikdə 2 yaşadək uşaqlarda, çox geniş yayılmasa da, göbələk dermatiti hallarna rast gəlinir.
- Uşaqlarda diş problemlərinin daha erkən yaşlarda ortaya çıxdığı müşahidə olunur. Bunun əsas səbəbləri nələrdir, qidalanma və digər vərdişlərin bu prosesə təsiri necədir?
- 6 ayadək uşaqların yalnız ana südü ilə qidalanması bu baxımdan da vacibdir. İlk diş çıxdıqdan sonra hər ana südündən sonra dişə qulluq etmək lazımdır. Çünki ana südünün tərkibindəki süd şəkəri dişin mina qatına təsir edə bilər. Sadə bez və su ilə dişlərin üst qatını silmək faydalıdır. Diş zədələnmələrini daha çox 1 yaşdan sonrakı, xüsusilə gecələr süd əmən uşaqlarda görürük. Bu düzgün deyil və pediatrlar olaraq biz bunu tövsiyə etmirik. Həm diş sağlamlığı, həm də mədə-bağırsaq baxımından gecə süd əmizdirməsi arzuolunan deyil. Eyni zamanda biberondan uzun müddət istifadə də dişlərə zərər verir. Valideynlər gecə vaxtı biberonda inək südü, şəkərli su və ya çay verdikdə, bunlar dişin səthində qalaraq mina qatını zədələyir. Bir qədər böyük uşaqlarda isə şəkərli və paketlənmiş qidalar diş problemlərinə səbəb olur.
- Hamiləlik dövründə anaların smartfon və digər elektron cihazlardan istifadəsi körpənin sağlamlığına təsir göstərə bilərmi?
- Mənə elə gəlir ki, bunun heç bir təsiri yoxdur. Müasir dövrdə demək olar ki, hər kəs smartfon və digər elektron cihazlardan istifadə edir. Buna baxmayaraq, çox sağlam uşaqlar dünyaya gəlir. Məncə, hamiləlik dövründə daha çox ananın qidalanması uşağın sağlamlığına təsir göstərir.
- Ananın artıq çəkili olması uşağın çəkisinə və ümumi sağlamlığına necə təsir edir?
- Praktikamıza əsasən, bəzən artıq çəkili anaların uşaqları daha az çəkili doğulur. Çünki hamiləlik dövründə çəki artımı şəkər mübadiləsinin pozulmasına səbəb ola bilər. Hamiləlik diabeti yarandıqda ana daha diqqətli olmalıdır. Həm qidalanma, həm şəkər nəzarəti, həm də həkim müşahidəsi vacibdir. Bəzən isə şəkərli diabeti olan anaların uşaqları çox iri 4 kiloqramdan artıq doğula bilir. Bu cür doğulan uşaqlarda sonrakı inkişaf mərhələsində müəyyən çətinliklər ola bilər. Ona görə ananın çəkisi və hamiləlik dövründəki sağlamlıq durumu uşağın çəkisinə və ümumi vəziyyətinə ciddi təsir edir.
- Bəzən iri çəkili uşaqlar dünyaya gəlir. Bu daha çox qidalanma ilə bağlıdır, yoxsa genetik faktorlar burada həlledici rol oynayır?
- Burada genetik faktor mühüm rol oynayır. Demək olar ki, bir çox xəstəliklərdə genetik amil öz təsirini göstərir. Bəzi ailələrdə bütün uşaqlar iri çəkili doğulur və bu, genetik faktorla bağlı ola bilər. Amma anada şəkərli diabetin olması da uşağın çəkisinə ciddi təsir edən amillərdəndir.
- Valideynləri ən çox narahat edən məsələlərdən biri uşaqların gec danışmasıdır. Bunun səbəbi nədən qaynaqlanır? Daha çox irsi amillərlə bağlıdır, yoxsa mühitin təsiri üstünlük təşkil edir?
- Burada əsasən mühit üstünlük təşkil edir. Ailələrin kiçilməsi, hər kəsin işə yönəlməsi, uşağın dayəyə tapşırılması, evdə smartfon, planşet və televizordan həddindən artıq istifadə uşağın danışıq inkişafına mənfi təsir göstərir. Uşaq nə eşidirsə, onu da öyrənir. Hansı dildə danışılırsa, o dildə də danışmağa başlayır. Deməli, dil inkişafı ətraf mühitdən çox asılıdır. Uşağın danışığı üçün canlı kontakt vacibdir. İnkişaf edən orqanizm ana, ata və ətraf mühitlə davamlı ünsiyyətdə olmalıdır. Əgər uşaq uzun müddət telefon və ya televizora baxırsa, təbii ki, danışıq inkişafında gecikmə ola bilər. Hətta bəzən uşaqların danışığından hansı cizgi filminə baxdıqları hiss olunur. Çünki onlar eşitdikləri səslərlə özlərini ifadə etməyə çalışırlar.
- Sizcə, çoxuşaqlı ailələrin keçmiş dövrlə müqayisədə azalmasının səbəbləri nələrdir?
- Məncə, bu daha çox sosial faktorlarla bağlıdır. Hazırda elə dövrdür ki, ailədə həm ata, həm də ana işləyir. Zənnimcə, bu, həm yaşayış şəraiti, həm də valideynlərin övladlarının gələcəyini, təhsilini düşünməsi ilə əlaqədardır.
- Uşaqlarda rast gəlinən xəstəliklərdən biri də qulaq xəstəlikləridir. Qulaq xəstəliklərinin yaranmasının əsas səbəbləri nələrdir?
- 5 yaşadək uşaqlarda infeksion xəstəliklər daha çox olur və qulaq xəstəlikləri də əsasən bu yaş qrupunda müşahidə olunur. Qulaq xəstəlikləri əsasən iki qrupa bölünür. Eşitmə ilə bağlı problemlər və infeksion xəstəliklər. 5 yaşadək uşaqlarda adi qrip və zökəm zamanı belə orta qulaq iltihabı - otit inkişaf edə bilər. Bunun səbəbi qulaqla burun arasında olan borunun anatomik quruluşudur. Bu boru həmin yaş dövründə daha düz formada olur və burundakı infeksiya asanlıqla qulağa yayıla bilir. 5 yaşdan yuxarı uşaqlarda bu boru daha maili vəziyyət aldığı üçün infeksiyanın qulağa keçmə ehtimalı azalır. Bundan başqa, üzgüçülüklə məşğul olan uşaqlarda xarici qulaq otitinə də rast gəlirik. Bu daha çox 5 yaşdan yuxarı uşaqlarda və yeniyetmələrdə olur. Eşitmə problemləri də var ki, bunların bir qismi anadangəlmə olur. Buna görə də hazırda ölkəmizdə yeni doğulan uşaqlar üçün eşitmə skrininqi tətbiq olunur. Bu müayinə həm icbari tibbi sığorta çərçivəsində, həm də doğum evlərində həyata keçirilir və eşitmə qüsurlarının erkən aşkarlanması üçün çox önəmlidir. Bəzən bətndaxili inkişaf ləngiməsi, bəzən də sarılıq və onun ağır gedişi eşitmə sinirinə zərər verə bilir.
- Qohum evlilikləri ölkə başçısının tapşırığı ilə 2025-ci ildən etibarən qadağan edildi. Lakin bu dövrə qədər tez-tez rast gəlinirdi. Qohum evliliklərindən doğulan uşaqlarda hansı xəstəliklər və problemlər ola bilir?
- Bu, çox yaxşı və yerində verilmiş qərardır. Qohum evlilikləri artdıqca xəstəliklərin sayı da artırdı. Xüsusilə nadir rast gəlinən xəstəliklər daha çox müşahidə olunmağa başladı. Çünki hər iki valideyndə olan qüsurlu genlərin qarşılaşması nəticəsində müxtəlif xəstəliklər yarana bilirdi. Statistik göstəricilərə baxdıqda, bölgələrdə bu cür xəstəliklərin daha çox hiss olunduğunu görürük. Metabolik xəstəliklər, genetik xəstəliklər, əqli inkişaf qüsurları və digər irsi problemlər qohum evliliklərində, bu cür evliliklərdən doğulan uşaqlarda daha çox rast gəlinirdi.
- Qızlar və oğlanlar arasında nitqin inkişafı baxımından fərqlər varmı?
- Bəzi inkişaf mərhələlərində cinsiyyət faktoru doğrudan da rol oynayır. Təcrübəmizə əsasən, qızlar daha aktiv olur, daha tez danışır və fikirlərini daha səlis ifadə edə bilirlər. Xəstəliklərlə mübarizədə də qızlar bir çox hallarda oğlanlara nisbətən daha üstün olurlar. Nitq inkişafında da bunu müşahidə edirik.
- Uşaqların danışmağa və yeriməyə başlaması üçün “normal gecikmə həddi” nə qədər hesab olunur? Təcrübənizdə uşaqların ən gec hansı yaşda danışmağa və yeriməyə başladığı hallarla qarşılaşmısınız?
- Körpələr artıq 2-3 aylığından qığıldamağa və kontakt qurmağa başlamalıdır. İki aylıqdan etibarən mütləq göz kontaktı olmalıdır. 1 yaşındakı uşaq artıq reaksiyalarını sərbəst şəkildə bildirməsi, təxminən 10-11 söz bilməsi lazımdır. Daha sonra iki sözdən ibarət qısa cümlələr qurmağa başlamalıdır. Əgər 1 yaşlı uşağın söz ehtiyatı çox azdırsa və ya dediklərini valideyndən başqa heç kəs başa düşmürsə, artıq burada siqnal olmalı və mütləq həkimə müraciət edilməlidir. Məsələn, su istəyən uşaq bunu necə ifadə edir? Bu çox önəmlidir. 2 yaşında qısa cümlələrlə danışmırsa, mütləq həkim müayinəsi lazımdır. Yeriməyə gəlincə, bu proses iməkləmə ilə başlayır. Bəzi uşaqlar iməkləmədən də keçə bilər, amma yenə də müəyyən hərəkətlər etməlidirlər. Məsələn, 10 aylıq uşaq əşya götürmək üçün uzanmalı, tutunub qalxmalı, dəstək vasitəsilə hərəkət etməlidir. Bununla belə, 1 yaşında uşaq hələ sərbəst yeriməyə də bilər. Bəziləri 10 aylığında, bəziləri isə 1 yaş 2 ayda, 1 yaş 4 ayda yeriməyə başlayır. Bunlar fərdi inkişaf xüsusiyyətləridir. Amma 1 yaşlı uşaq heç bir formada addım atmırsa, tutunub belə yerimirsə, bu artıq bir siqnaldır. Yeriş 3 yaşadək tam formalaşmalıdır. Danışıq isə ən azı 1 yaşında ilkin sözlərlə başlamalıdır.
- Valideynlər hansı hallarda artıq narahat olmalı və pediatra müraciəti gecikdirməməlidirlər?
- 1 yaşadək uşaqlar üçün xüsusi müayinə dövrləri var. Doğulduğu gündən etibarən ilk 10 gün, 1 ay, daha sonra isə 6 ayadək hər ay pediatr müayinəsi vacibdir. Hər ay uşağın inkişaf mərhələləri izlənməlidir. Oturmağa başlayıbmı, dəstəkləmi oturur, sərbəstmi oturur, qığıldayırmı, səsləri təkrarlayırmı - bunların hamısı həm yerişin, həm də danışığın ilkin mərhələləridir. Əgər pediatr hər hansı problem görərsə, mütləq nevropatoloq, ortoped və digər mütəxəssislərlə əlaqə qurulmalıdır. Nümunə olaraq, gələcəkdə yerimə problemləri olmasın deyə, 2-4 aylıq uşaqlarda bud-çanaq displaziyası profilaktik olaraq yoxlanmalıdır. Bu müayinə bütün yenidoğulanlarda aparılmalıdır. Əgər bu dövr ötürülərsə, sonradan problem daha gec aşkarlanır və bəzən yeriməyə təsir edir. Uşaq orqanizmi daim inkişaf edən bir orqanizmdir. Xəstəliklərin ilkin mərhələdə aşkarlanması nə qədər tez olsa, nəticə də bir o qədər uğurlu olur. 1 yaşdan sonra da uşaqlar hər xəstələndikdə həkim nəzarətində olmalıdır. Daha böyük uşaqlarda ümumi kontrol müayinələr ən azı 6 aydan bir aparılmalıdır. Valideyn bəzi problemləri hiss etməyə bilər, amma pediatr baxışı ilə bunları erkən müəyyən etmək mümkündür.