
“Uzun illərdir ki, bütün Azərbaycan vətəndaşları torpaqların geri alınmasını gözləyir, hər kəs bir uğur, bir qələbə intizarındadır”.
Bunu Modern.az saytına jurnalist, yazıçı-publisist Mehriban Vəzir cəbhədə yaranan gərginliklə bağlı Azərbaycan anasının göstərdiyi təmkin, dözümdən danışarkən deyib. O qeyd edib ki, son günlər cəbhədə gedən döyüşlərdə ordumuzun irəliləyişləri olub, amma kifayət qədər çox itkilərimiz də var:
“Bu gün Azərbaycan anasının acısı böyükdür, çox sayda şəhidlərimiz var, həddindən artıq...İşğal olunmuş torpaqlarımız qayıtsın, suverenliyimiz bərpa olunsun deyə, analarımız çətinliklərə, müsibətlərə, övlad itkisinə dözmək qərarındadır. Bu duyğuları daha çox onu yaşayanlar ifadə edə bilər”.
M.Vəzir çətin məqamlarda xalqın həmrəy, bir-birinə dəstək olmasının qələbəyə olan aclıqdan irəli gəldiyini vurğulayıb:
“Görünür bu gün bizim şüar kimi işlətdiyimiz müqəddəs kəlmələrin təntənəsidir. Biz “Vətən sağ olsun!” ifadəsinin təkcə söz, şüar olaraq qalmadığı, sözün təntənəsinin həyata tətbiq olunduğunu yaşayırıq. Bəlkə də buna görədir, analarımızdakı bu səbir, bu dözüm”.
Gülşən RAUFQIZI